İKİNCİ HİSSƏ “İFTİTAH” DUASINDAN SEÇMƏLƏRİN ŞƏRHİ
(1)
Pərvərdigara, Sənə həmdlə sitayişə başlayıram. Bir halda ki, Sən öz ehsanınla başqalarını doğru yolda möhkəm saxlayırsan. Əminəm ki, bağışlama və mehribanlıqda Sən bütün mehribanlardan mehribansan. Cəzalandırma məqamında isə bütün cəzalandıranlardan sərtsən. Pərvərdigara, mənə Səni çağırmaq, Səndən istəmək icazəsi vermisən. Ey eşidən Allah, mənim həmd-sənamı qəbul et. Ey mehriban Allah, istəyimi yerinə yetir. Ey bağışlayan Allah, nöqsanımı bağışla.
RAMAZANI QƏNİMƏT SAYAQ
Həyat sürətlə keçməkdədir. İnsan isə sərmayəni əldən necə verdiyini düşünmür. Bəzən öz keçmişini xatırlamağa müvəffəq olduqda görür ki, bir ömür yaşayıb, qüvvələr sərf edib, çalışıb, lakin əldə heç bir şey yoxdur.
İl boyu həmişə elə bir fürsət axtarırıq ki, həyatımız, onun müqəddiməsi və yaşanması barəsində düşünək, bizə əbədi həyat verən bir yol seçək. Lakin belə fürsətlər çox az ələ düşür. Bu məqsədlə istifadə ediləsi ən münasib vaxt bəlkə də mübarək ramazan ayıdır. Həmişə özümüzə söz veririk ki, ramazan ayı çatanda digər vaxtlardan daha çox ibadət edəcək, dünya və dünyapərəstliyə bir qədər göz yumacaq, Allaha üz tutub kimliyimizi, haradan gəlib hara getdiyimizi və bu evdə nə etməli olduğumuzu düşünəcəyik.
Axır intizar sona çatır. Ramazan ayı yetişir! Lakin şeytan çalışır ki, keçmişdəki kimi, insan bu şərafətli vaxtlardan, dəyərli anlardan istifadə edib ilahi tövfiqatlara çata bilməsin. Onun gizli və aşkar əli hər yerdə işləyir ki, insan dünyəvi və nəfsani meyllərə aludə olsun, onun dua, münacat və ibadəti çətinləşsin, raz-niyaz halı ondan uzaqlaşsın. Şeytani və nəfsani amillərlə ilahi amillər arasında olan bu ziddiyyət və çarpışmada insan Allahdan tövfiq istəməli, qarşıya çıxmış fürsətləri qənimət saymalı, ibadət və duanı başqa vaxtlara saxlamamalıdır. İnsan çalışmalıdır ki, hər nə qədər mümkünsə, öz təkamül yolunda müsbət addım atsın və Allaha yaxınlaşsın. Mübarək ramazan ayında daha çox təkid olunmuş və bu ayın baharı sayılan əməllərdən biri də dua və münacatdır. Ramazan və dua bir-biri ilə qırılmaz əlaqədədir.
RAMAZAN AYINI NECƏ QƏNİMƏT SAYAQ?
Bu bərəkətli aydan daha yaxşı istifadə etmək üçün əvvəlcə, duadan kömək almalıyıq, yəni Allahdan istəməliyik ki, bizə raz-niyaz tövfiqi əta etsin. Əlbəttə, biz də bacardığımız həddə çalışmalıyıq ki, ibadət halı və bunun üçün tövfiq əldə edək; çalışmalıyıq ki, bu ayda gündəlik işləri bir qədər azaldaq və vaxtımızın bir hissəsini dua və ibadətə sərf edək. Yemək və yatmağımıza fikir verməliyik; yemək və yuxu ağırlığa və süstlüyə səbəb olmamalıdır. Yemək rejimini elə nizamlamalıyıq ki, oruc tuta bilək və eyni zamanda ibadət və ramazan ayının vəzifələrini yerinə yetirməyə müvəffəq olaq. Ehtiyac olan yeməyi yemək çox yemək deyil; yuxunu da elə bir şəkildə nizamlamalıyıq ki, ibadət zamanı yaxşı halda olaq. Yoxsa, gündəlik işləri yerində saxlayıb, səhər ibadəti zamanı yaxşı halda olmaq intizarı əbəsdir.
DUA HƏQİQƏTİNƏ DİQQƏT
Duanı oxumazdan əvvəl azca düşünməliyik ki, biz kimik, kimlə danışmaq istəyirik, “dua” yəni nə? Bu necə də dəyərli bir məqamdır ki, insan öz Allahı ilə raz-niyaz etməyə və danışmağa müvəffəq olur! Duanın məzmununa diqqət etməli, ən azı onu oxumazdan əvvəl tərcüməsinə baxıb düşünməliyik ki, oxuduqlarımız haqqında ümumi məlumatımız olsun; duanı sırf ərəbcə oxuyub tamamlasaq, nə dediyimizi, nə də oxuduğumuzu anlayarıq. Əhli-beytdən (ə) nəql olunmuş dualarda uca və böyük məzmunlar gizlənmişdir. Əgər dua və münacat halı yaranmasa, yenə də bu duaların oxunması dəyərlidir. Beləliklə, yerinə düşər ki, ərəb dili ilə tanışlığı olmayan kəslər duanı oxumazdan əvvəl, (xüsusi ilə bu ay üçün olan duaları) onun dilimizə tərcüməsini oxusunlar və mətnlə tanış olsunlar. Duanı oxumaqdan əlavə onun məzmunu barədə düşünmək ondan daha yaxşı istifadə etməyə səbəb olur. Müxtəlif şəxslər duadan bizim dərk etməyəcəyimiz fərqli dərəcələrdə bəhrələnirlər. Hərflərin səhih tələffüzü və yalnız bu sözlərin oxunmasından ibarət dua, məzmununa diqqət olunan və hal ilə oxunan duadan çox fərqlidir. Bu fərq izah olunmaz dərəcədədir. Bir çox hallarda iki nəfər dua edir və bu şəxslər dəstəmaz almaq, üzü qibləyə durmaq, ədəbli olmaq və bu kimi zahiri dua qaydalarına riayət edirlər. Lakin bu iki şəxsin duadan götürdüyü bəhrə o qədər fərqli ola bilər ki, biz bu fərqi təsəvvür edə bilmərik. Demək, duadan istifadə insanın halından, onun qəlbinin mütəal Allaha, Onun sifətlərinə, xüsusilə duada işlənmiş sifətlərinə diqqətindən asılıdır.
RAMAZAN VƏ “İFTİTAH”
Bu ay üçün bir çox dualar göstərilmişdir. Təkcə “Məfatihul-cinan” kitabında (məsumlardan nəql olunmuş dualar çələngi) bir çox dualar gətirilmişdir. Bəlkə də, ömrümüz boyu onları bir dəfə oxumağa müvəffəq ola bilmədik. Amma Seyyid ibn Tavusun “İqbal” kitabı kimi başqa daha böyük dua kitabları var. Məsələn, ramazan ayının zöhr və əsr nafilələrinin arasında oxumaq üçün geniş dualar vardır. Çox az vaxtlar bu nafilələrin özünü qılmağa müvəffəq oluruq. Çox təsadüfən onların duasını oxuyuruq. Bəzən duanı oxumağa müvəffəq olsaq da, dua zamanı lazım olan ruhiyyəni əldə edə bilmirik.
Bu ayın gecələrində oxumaq üçün mahiyyətli və münasib dualardan biri də “İftitah” duasıdır.
Əllamə Məclisi “Zadul-Məad” kitabında yazır: Həzrət Sahibul-Əmr (ə) mötəbər sənədə əsasən öz şiələrinə buyurmuşdur: Ramazan ayının hər gecəsində bu duanı (“İftitah” duasını) oxuyun. Bu ayın duasını mələkələr eşidir və dua edən şəxs üçün tövbə qılırlar. Mərhum Hacı Şeyx Abbas Qummi də “Hədiyyətuz-zairin” kitabında bu mövzunu təsdiqləmişdir.
Seyyid ibn Tavus “İqbal” kitabında ramazan ayının dualarının sənədini araşdırarkən bir sıra rəvayətçilər silsiləsini qeyd etdikdən sonra tanınmış hədisçi Nəsr Əl-Səkunidən bu duanın sənədini nəql edib deyir: Əbu-Bəkr Əhməd ibn Məhəmməd ibn Osman Bağdadi mərhumdan ramazan ayına aid elə bir dua istədim ki, İmam Zamanın dörd naibindən biri olmuş Əbu-Cəfər Məhəmməd ibn Osman tərəfindən nəql edilsin. Qırmızı cildli bir dəftər çıxardı. Mən o dəftərdən bir nüsxə götürdüm. Bu “İftitah” duası idi. Tövsiyə olunurdu ki, bu dua hər ramazan gecəsi oxunsun. Sonra əlavə olunurdu ki, bu duanı mələklər dinləyir və dua edən üçün bağışlanma diləyirlər.
“İftitah” duası üstün və uca məzmuna malikdir. Bu duanın mövzuları dua edənə dua zamanı hansı qaydalara riayət etməli və hansı məsələlərə diqqət yetirməli olduğunu öyrədir.
Dostları ilə paylaş: |