ALLAHIN MEHRİBANLIĞINI DÜŞÜNMƏKLƏ ONA QARŞI MƏHƏBBƏTİN ARTMASI
Yaxşı olar ki, insan bu duanın məzmununa diqqətli olsun, ramazan ayının gecələrində imam Səccadın (ə) dua üçün əlini Allah dərgahına necə qaldırdığını təsəvvür etsin. Bəli, imam öz Allahı ilə raz-niyaz edirdi: “Həmd olsun Allaha ki, yalnız Onu çağırıram. Əgər başqasını çağırsam, mənə cavab verməz”.
Bəzi vaxtlar ümidimizin doğrulmaması Allahdan başqasına ümid bağladığımıza görədir. Buna görə də imam Səccad (ə) buyurur: “Həmd olsun Allaha ki, Ondan başqa heç kəsə ümidim yoxdur. Əgər başqasına ümidvar olsaydım, ümidimi doğrultmazdı”.
Başqa bir yerdə isə Allaha belə ərz edir: “Səndən başqasına necə ümid bağlaya bilərəm ki, hər bir xeyir və yaxşılıq Sənin əlindədir?”1
Bu sözləri imam Səccadın (ə) adından deməliyik. Yalnız onun kimi kəslər Allahla bu cür söhbət edib, belə bir iddiada ola bilər. Biz isə öz tərəfimizdən belə dua etmək üçün lazım olan məqama çatmamışıq.
“Həmd olsun Allaha ki, mənə qarşı həlimdir və mənimlə elə rəftar edir ki, guya heç bir günah etməmişəm”.
Əlbəttə, unutmamalıyıq ki, Allahın bir bu qədər həlimliyi və bağışlaması bu dünyaya məxsusdur. O bu işi ilə insanın pis əməllərinin aqibətini təxirə salır ki, insan qayıtsın və pis əməllərindən peşiman olsun. Günahkar insana elə bir mehr-məhəbbət göstərilir ki, sanki o Allahın sorağınca gəlmiş bir dostdur; Allah ona “dəfələrlə mənlə müxalif oldun və günah etdin” demir. Onu rədd etmir, əksinə onunla heç bir günah etməmiş şəxs kimi rəftar edir.
İnsan bu həqiqətləri düşündükdə Allah ilə onun arasında olan cazibə güclənir və onun Allaha qarşı məhəbbəti çoxalır. Bununla da, Allahla daha çox söhbət edib Onunla əlaqə yaratmaq istəyir. Pis işlərdən çəkinməyə, dünyəvi və maddi işlərə olan əlaqələrdən uzaqlaşmağa hazırlaşır; çünki həqiqi əlaqənin yalnız Allaha aid olduğunu anlayır. Ümidləri və insanın hacətlərini doğrulda bilən yeganə kəs Allahdır. Bu lətif mənaya diqqət yetirdikdə tədricən insan ilə Allah arasında olan pərdələr götürülür və insan öz tutumu qədərində Allaha yaxın olduğunu hiss edir. Allah da onun səsini eşidir və onun istəklərinə müsbət cavab verməyə hazır olur. “İftitah” duasında Allah belə vəsf olunur: “Əta və bəxşişlə xalqa yardım əli açılmış kəs”.
Beləliklə, Allah öz inayət süfrəsini xalq üçün açmışdır; biz öz ixtiyarımızda olan əməllərlə Allahın feyzlərindən bəhrələnmək üçün özümüzdə hal yaratmalıyıq. O, bəndələrinə qarşı xəsis deyil. Yaratdığımız çətinliklər və məşğuliyyətlər səbəbindən bu cür məsələləri düşünmək üçün fürsət tapmırıq. Lakin Allah hər yerdə və hər zaman hazırdır. Əgər Onu çağırsaq, səsimizi eşidib cavab verəcək. Qüdsi rəvayətdə nəql olunur ki, Allah buyurdu: “Gecənin qaranlığı və gündüzün işıqlığında Mən onunla pıçıltıdayam.”1 Bəndənin Allahla söhbət etməsi əvəzinə Allah onunla söhbət edir. Bəndə Allahın dostu olarsa, Allahı unutduqda Allah onun qəlbinə öz zikrini salacaqdır. Allahın bəndələrinə münasibətdə gizli və aşkar lütfləri bəyan olunmaz dərəcədə çoxdur. Biz pak imamlar sayəsində bu növ halətlər və inayətlərdən xəbər tutmuşuq. İlahi feyzlər xırmanından pay götürmək üçün dua oxuyub tələblərimizi bildiririk ki, bəlkə Onun inayətinə çataq və çirkinliklərimizi təmizləsin. Biz öz əl-ayağımıza elə bir bənd vurmuşuq ki, Allaha və Onun köməyinə ümid yeri olmasa, özümüzə nicat verə bilmərik. İnsan bu cür mənəvi hallar əldə edib onların şirinliyini dadsa, başqa işlərə qarşı etinasız olacaq. Bu sayaq halları əldə etmiş ilahi övliyalar deyirlər:
“Ey mənim Allahım, Sənin ilhamınla qəlblərdən keçən zikrin necə də ləzzətlidir. Qeyb pərdələrindən Sənə doğru yönələn düşüncələr necə də şirindir! Məhəbbətinin tamı necə də xoş, Sənə yaxınlıq şərbəti necə də dadlıdır!”2
Beləliklə, dua etməliyik. Əgər bacarmasaq ən azı özümüzü həqiqi dua edənlərə oxşadaq. Həqiqi münacat edən şəxslər kimi əməl edək ki, Allah bizə də öz inayətini şamil etsin. Bəzən Allah mömin bəndələri kimi əməl edən kəsləri sevir. Rəvayətdə bildirilir ki, Fironun sarayında Fironu güldürmək üçün həzrət Musanın tərzini çıxaran bir təlxək vardı. Yun paltar geyinib, əlinə bir çubuq götürüb, Fironun qarşısında dayanır və deyirdi: “Mən peyğəmbərəm, Allah tərəfindən gəlmişəm, ya iman gətir, ya belə et, ya da elə et”. Rəvayətə görə, Allah Firon və onun yanındakıları qərq etdiyi zaman bu təlxəyə toxunmadı və belə buyurdu: “O özünü bizim bəndəmiz və dostumuza oxşadan bir kəsdir. Buna görə də onu qərq etmədim”.
Beləliklə, özümüzü Allahın dostlarına oxşadaq, onlar oxuduğu cümlələri təkrarlayaq ki, Allah buna görə bizə öz inayət və lütfünü şamil etsin.1
“İlahi, Sənə doğru səfərdə azuqəmiz az olsa da, sənə etimadda yaxşı gümanımız çoxdur. Günahlarımız bizi əzabınla qorxutsa da, kərəminə olan ümidimiz bizə intiqamından arxayınlıq müjdəsi verir.”2
(2)
“Ey mənim Ağam, Səni günahların lal etdiyi bir dillə çağırıram; Pərvərdigara, Səninlə xətaların həlak etdiyi qəlb ilə raz-niyaz edirəm; İlahi, Səni qorxan, həvəsli, ümidvar və həyəcanlı bir qəlblə çağırıram. Ey mənim Ağam, günahlarımı düşündükdə azhuzar edirəm, kərəminə nəzər saldıqda isə həvəslənib ümidvar oluram. Beləcə, mehribanların ən üstünü olduğun üçün məni bağışlayarsan. Əgər əzab etsən də, zülm etməmisən!”
DUADA ALLAHIN SİFƏTLƏRİNƏ DİQQƏT
Dua əslində insan tərəfindən Allaha qarşı bir diqqət və bəndəlik əlaqəsinin güclənməsidir. Bu əlaqədə bir tərəfdə böyük Allah, o biri tərəfdə isə günahkar bəndə dayanır. Bəndə öz günahlarını düşündükdə onda xəcalət hissi yaranır. Allahın geniş rəhmətinə diqqət yetirdikdə isə ümidvar olur. Bu ümid və qorxu halı insanda həmişə olmalıdır.
Şərafətli dualarda bu nöqtəyə çox diqqət göstərilmişdir. Dua edən həmişə özünü qorxu və ümid arasında görməlidir. Günahlarını gördükdə dili tutulur, peşimançılıq çəkir, başqa bir tərəfdən isə Allahın geniş rəhmətinə nəzər salıb ümidvar olur, Onun camal sifətlərinə tamaşada qərq olur, sərbəstlik taparaq dili açılır, söhbətə başlayır və Allahın rəhmətini diləyir. Buna görə də, imam Səccad (ə) Allahın dərgahına belə ərz edir:
“Ey mənim Ağam, Səni günahların lal etdiyi bir dillə çağırıram? (Günahlarımı düşündükdə xəcalətin şiddətindən səninlə söhbət edə bilmirəm.) Ey mənim Allahım, Səninlə xəta və günahların həlak etdiyi bir qəlblə münacat edirəm. (Elə bir qəlblə ki, xəta və günahlar onda ümid yeri qoymayıb.)
Elə bu mövzu “Xəmsə Əşərə” münacatında qeyd olunur: “Ey Allah xəcalətdən dili tutlmuş zəlil bəndənə rəhm et”. Sonra ərz edir: “Ey mənim Ağam, günahlarıma baxdıqda nalə çəkirəm, əfv və kərəminə nəzər saldıqda rəhmətin məni tamaha salır (dilim açılır)”.
Bu mövzuya uyğun sözləri imam Hüseyn (ə) “Ərəfə” duasında deyir:
“Ey İlahi, rüsvayçılığım dilimi nə qədər lal etsə də, Sənin kərəm və böyüklüyün nitqimi açır. Pis sifətlərim məni məyus etsə də, Sənin sonsuz ehsanın məni tamaha salır!”
Dostları ilə paylaş: |