İBADƏT TÖVFİQİ, ALLAHIN BƏNDƏYƏ MİNNƏTİ
İmam Allahın sifətlərin və Ona sitayişi yada saldıqdan sonra, insana əta olunmuş tövfiqlər haqqında bildirir: “Allahım, Səninlə söhbət etməyimə və Səndən istəməyimə icazə verdin”.
Duanın bu cümləsində çox incə və adətən, xəbərsiz qaldığımız bir nöqtə var. Biz təsəvvür edirik ki, dua etməklə böyük bir iş görmüşük və Allaha minnət qoya bilərik. Lakin bu cümlədə imam (ə) belə buyurur: “İlahi, evinə gəlib, dua və istəklərimi təkrarlamağıma icazə verməyinlə Mənə necə də böyük minnət qoymusan”. Ömür boyu günah yükümüz olduğu halda Allahın Onunla söhbətə icazə verməsinin necə böyük lütf olduğunu bəlkə də düşünmürük. İmam Səccad (ə) Allaha ərz edir: “İlahi, Sənin zikrinin dilimizə gəlməsi, Səni çağırmağa və Səninlə raz-niyaz etməyə icazə verməyin bizə olan ən böyük ne`mətlərdəndir.”1
Bu incə nöqtənin aydınlaşması və zehnə çatması üçün (e`tiraf etmək lazımdır ki, mövzunu lazımınca çatdırmaq mümkün olmur) elə bir şəxs təsəvvür edin ki, uzun illər boyu dostuna məhəbbətini əsirgəməmiş və imkan daxilində ona kömək etmişdir; lakin dostu nəinki onun zəhmət və xidmətlərini dəyərləndirmir, hətta onunla düşmənlik etmək fikrinə düşür. Belə rəftara bir neçə dəfə dözmək mümkündür. Lakin sonda insanın səbri sona yetər və dostundan uzaqlaşar.
Bir belə hörmət qarşısında bu qədər cəsarət və ədəbsizlik?! Lakin Allahın öz bəndəsinə bu qədər ne`mət verməsinə baxmayaraq (əgər cin və insanlar yığışsa və istəsələr Allahın bir bəndəsinə verdiyi ne`məti saysınlar, bacarmazlar) bəndə onunla müxaliflik edir, Allah isə nəinki onu özündən kənarlaşdırmır, hətta ona ibadət üçün tövfiq verir.
Dostları ilə paylaş: |