EŞQ VƏ MƏHƏBBƏT MƏ`RİFƏT SÖVQATIDIR.
Namaz və bir çox duaların məzmunları ilahi mə`rifətdən danışır. İnsanın qəlbində ilahi məhəbbət yaranarsa, onu Allaha tərəf sövq edər. Bu qayda ilə insanın məcburən və süstlüklə ibadət etməsinə ehtiyac qalmayacaq. Əksinə, ibadət etməyə müvəffəq olmadıqda narahat olacaq. Beləliklə, Allaha aşiq bəndələr azacıq asudəlik tapdıqda namaz, dua və Allah zikri fikrinə düşürlər. Bu halı əldə edənədək namaz və duamızla Allaha bəndəlik etdiyimizi və ləyaqətli bəndə olduğumuzu düşünmək yersizdir. Biz bu gümanla özümüzü aldadırıq. Bir şəxs həqiqətən də başqasını sevərsə, ondan bir an belə ayrılmaq istəməz, həmişə onunla ünsiyyətə can atar. Əgər mə`şuq ondan hansısa bir işin görülməsini istəyərsə, onun razılığı üçün bu işin ardınca gedər; əslində isə həmişə mə`şuqla birlikdə qalıb ondan ayrılmamaq istəyir. Həzrət imam Hüseyn (ə) buyurur: “İlahi, Səni tanımaq üçün qüdrətinin nişanələrinə müraciət etməyi əmr etdin”.1
Allahın uyğun buyuruğuna baxmayaraq, aşiq bəndələr qəlbən istəyirlər ki, həmişə raz-niyaz halında olsunlar. Onlar Allahın hüzurunu tələb edir və ondan tövfiq istəyirlər. Baxmayaraq ki, zahirən Onu unudub maddi vasitələri düşünməyə məcburdurlar.
İnsanın Allahı sevib, Ona bəndəlik etdiyi halda Onunla ünsiyyət yaratması qeyri-mümkündür. Allah ilə raz-niyaz və münacat etməyə maraqsız insanın Allaha qarşı hansı məhəbbətindən danışaq? Sevgi və düşmənçiliyimizin, cihadımızın, infaqımızın və başqa bütün işlərimizin Allah üçün olduğunu deyib, Onu sevməyə bilərikmi? Heç zaman! Əgər işlərimiz Allah xatirdirsə, Onu sevməməyimiz və namazdan çox hansısa bir işi arzulamağımız mümkün deyil. İlahi övliyalar bir neçə dəqiqə fürsət tapıb, xəlvət guşədə Allah ilə raz-niyaz etmək intizarında olublar; onların ictimai iş və vəzifələri sona yetdikdə sakit bir bucaq axtarıb öz məhbubları ilə pıçıltıya başlamaq istəyirdilər. Onlar öz münacatları və istəklərində ilahi “ləbbeyk”i eşidirdilər; bu isə onların güc və həvəsini ikiqat artırırdı.
Dostları ilə paylaş: |