İnsanın bu dünyadakı həyatı iztirablar və həyəcanlarla ötüşür. Hətta bə`zi insansevən məktəblər iztirab və həyəcanı insan həyatı və insan vücudunun qurucu amili, başqa sözlə, insanın təkamül fəsli hesab edirlər. Onlar deyirlər: İnsanın insan olması iztirab və həyəcan keçirməsi ilə bağlıdır. Əlbəttə, bu nəzərdə çox ifrata varılır və həqiqətin bir hissəsi göstərilir. İnsanlar adətən müxtəlif səbəblərdən iztirab və həyəcan keçirir, həmişə gələcəkdən ötrü nigaran olurlar. Bu hal bir tərəfdən faydalıdır və insanda müsbət tə`sirlər qoya bilər. Lakin ümumilikdə bəyənilmiş hal hesab olunmur. İnsan fitrətən sakitlik tələbindədir. Əgər az-çox nigarançılığı vardırsa, daha üstün sakitliklə bu nigarançılıq aradan qaldırılmalı, insan qəlbinin dərinliyi sakit və arxayın olmalıdır. Cüz`i nigarançılıqlar dənizin üzündəki dalğalar kimi olmalıdır. Dənizin dərinliyi isə həmişə sakit olur. İnsan qəlbinin dərinlikləri də sakit və əmin olmalıdır. Nigarançılıqlar səthi və tez ötüb gedən dalğalar kimi uzaqlaşmalıdır. Yoxsa həyat insan üçün qaranlıq və zülmət olar.
İnsan hansı yolla arxayınlıq və xatircəmlik tapa bilər? Qur`an buyurur ki, yalnız Allahı düşünmək iztirablı və pərişan qəlblərə sakitlik verə bilər:
“Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar!”1
Həqiqətən, Allahı düşünən və bu düşüncə canının dərinliyinə nüfuz etmiş şəxslər elə bir aramlıq və arxayınlıq tapırlar ki, heç bir hadisə onları iztirablı və pərişan edə bilmir. Bizim zəmanədə imam Xomeyni (r) belə nümunələrdəndir. Ən böyük hadisələr baş verən vaxt (dağları tərpədən hadisələr) bu ilahi şəxs öz sakitliyini əldən vermirdi. Sanki heç bir şey baş verməmişdi. Bu necə qəlbdir, haradan qaynaqlanır? Şərq və qərb onunla düşmənçilik edir, lakin o, möhkəm və davamlı şəkildə öz hədəfinin ardınca gedir. Bu sakitlik və qüdrət yalnız Allahı düşünmək sayəsində əldə olunur. Əgər biz bu sakitlikdən az faydalanırıqsa və ya faydalanmırıqsa, deməli, qəlbimizdə Allah düşüncəsi zəifdir. Allahı düşünmək hər nə qədər güclü olarsa, qəlb sakitliyi də bir o qədər çox olar.
Naqis bir misal kimi, dərya sahilində bir gəmi təsəvvür edin. Əgər bu gəmi sahildə möhkəm bir şeyə bağlanmasa dalğalar onu hərəkətə gətirər və yerini dəyişər. Dalğalar çox güclü olsa, Onu lərzəyə gətirər, sonda qərq edər. Lakin gəmi sahildə möhkəm bir şeyə bağlanmış olarsa, dalğalar hər nə qədər güclü olsa da, onu lərzəyə gətirə bilməz. Gəmi bir az tərpənə bilər, lakin qərq olmaz.
Mö`min də Allahın sonsuz qüdrətinə güvənir. Buna görə də hadisələr onu əldən sala bilmir.
Rəvayətlər mö`mini dağa, hətta ondan da möhkəm varlığa oxşadır. Çünki tufan nəticəsində dağdan bə`zi zərrələr ayrılır. Lakin hadisələrin acı küləyi mö`minin imanından zərrə qədər azalda bilmir. Mö`min möhkəm bir dağ kimidir, hadisə küləkləri onu tərpətmir (ona tə`sir edə bilmir).1
Nə üçün? Çünki onun qəlbi silkələnməz, lərzəyə gəlməz və davamlı bir yerə bağlıdır. Beləliklə, Allahı düşünmək əbədi qurtuluşdan əlavə, dünyada sakitliyə (vəsfolunmaz dəyərli bir ne`mətə) səbəb olur.
Dostları ilə paylaş: |