GÜNAH VƏ İMAN
İman çox dəyərli olsa da, onun sabit və əbədi olduğunu düşünməməliyik. Bu ne`mətin də sair ne`mətlər kimi zay olması mümkündür. Bu ne`mətin bizdən alınmaması üçün Allaha pənah aparmalıyıq. Bir çoxları imanlı olub yaxşı işlər gördükləri halda, bir müddət sonra bə`zi səbəblərdən imanları zəifləmiş və dünyadan imansız getmişlər.
Allah kimsəyə verdiyi ne`məti geri almayacağını zəmanət verməmişdir. “İbrahim” surəsinin 7-ci ayəsində buyurulur: “Əgər Mənə şükür etsəniz, sizə olan ne`mətimi artıracağam. Yox əgər nankorluq etsəniz, Mənim əzabım həqiqətən şiddətlidir!”
Beləliklə, imanımız üçün daim bəla təhlükəsi olduğunu düşünməliyik. Bir tərəfdən şeytani vəsvəsələr və şübhələr, digər tərəfdən insanın pis əməlləri iman üçün ciddi qorxu yaradır. Rəvayətlərdə göstərilir ki, günah edən şəxsin qəlbində qara bir nöqtə yaranır. Həmin qara nöqtə qəlbdə genişlənib onu zülmətə bürüyür. Günahlar çoxaldıqca bütün qəlb zülmətə bürünür. Bu halda insanın qurtuluşu mümkünsüz olur.1
Allahdan imanımızı gücləndirməsini, onu cin və insan şeytanların qarətindən qorumasını istəməliyik. Allah eləməmiş, günah etdikdə dərhal tövbə qılıb, günah nəticəsində qəlbimizdə yer almış qaranlıqları təmizləməliyik. Qəlb qaranlıqlarının insana tə`sirli nəticələri var. Lakin biz bunu hiss etmir və sağlam olduğumuzu düşünürük. Günah nəticəsində qəlb bərkiyir, sonda insan Allahla münacat və duadan, Qur`an oxumaqdan və pak imamlara təvəssüldən ləzzət almır. Onda günaha, şəhvətə və boş-boş işlərə meyl yaranır. Günahkarlarla yaxınlıq, onların məclislərində iştirak etmək Allahın layiqli bəndələri ilə yaxınlığın yerini tutur. İnsan az-çox onun özü kimi olan insanlarla yoldaş olmaq istəyir. Bütün bunlar qəlbin bərkiməsi və zülmətə bürünməsinin nişanələridir.
Nurani və Allahla əlaqədə olan qəlb onu Allahdan və Onun zikrindən ayıran şeylərlə əlaqə saxladıqda əzab çəkir. Dünya və əyləncə əhli ilə birlikdə oturduqda özünü zindandakı kimi hiss edir və bu cür məclislərdən azad olmağa çalışır.
Tutu düşdü qarğa ilə qəfəsə,
Azadlıqçün bir də gəldi həvəsə.
Beləliklə, bilməliyik ki, əvvəla, iman (hər nə qədər zəif olsa da) Allahın bizə verdiyi qiymətli bir gövhərdir. İkincisi, öz imanımızın təhlükədə olduğundan qafil qalmamalıyıq. Buna görə də, daim imanımızı gücləndirməyə çalışmalı və mümkün qədər öz e`tiqadlarımızı möhkəmləndirməliyik. Şübhələr və şübhəyə səbəb olan şeylərdən uzaqlaşmalıyıq. Hansısa bir şübhə ilə qarşılaşdıqda ona əlac etməli, qəlb və zehnimizin şeytani vəsvəsələr meydanı olmasına icazə verməməliyik.
Eyni zamanda, günah və insanı günaha yaxınlaş-dıran işlərdən çəkinməliyik. Allah eləməmiş, günah etdikdə dərhal tövbə qılıb, tam kiçiklik və yalvarışlar şəklində Allahdan imanımızı qoruyub gücləndirməsini istəməli və pak imamlara təvəssül etməliyik.
“Əbu-Həmzə” duasının bu hissəsi xatırlanan nöqtələrə yetərli dəlildir:
“İlahi, mənə daim qəlbimdə qalan və qəlbimdən ayrılmayan iman və yəqin əta et”.
Dostları ilə paylaş: |