TƏ`SİRLİ DUALAR
Dua xalis niyyətlə olduqda hansı dildə, hansı ləhcədə, hansı məkanda və zamanda olmasından asılı olmayaraq, tə`sirli və faydalı olur. Lakin ən üstün dualar ilahi övliyalardan nəql olunmuş dualar sayılır. Qur`ani-Kərimdə peyğəmbərlər və ləyaqətli bəndələrin dilindən nəql olunmuş dualar, girami peyğəmbər və pak imamlardan rəvayətlərdə nəql olunmuş dualar bu dualardan sayılır. İki səbəbə görə bu dualar başqa dualardan üstündür:
1. Bu dualar ibadətin qaydalarını bizdən daha yaxşı bilən kəslər tərəfindən deyilmişdir. Onların Allaha münasibətdə mə`rifətləri daha çox olmuş və dua etməyin qayda-qanunlarını başqalarından daha yaxşı bilmişlər. Bundan əlavə, onlar daha kamil mə`rifət sahibi olduqlarından istəkləri bizim istəklərimizdən daha üstün və daha bəyənilmiş sayılır. Buna görə də necə dua etməyi onlardan öyrənməliyik. Demək olar ki, imamlardan nəql olunmuş dualar hər cəhətdən bizim dualardan, istək və düşüncə tərzimizdən fərqlidir. Adətən, onların duaları Allahı həmd-səna etməklə, Ona təsbih və təkbir deməklə başlanır. Onların istəkləri e`tiraz və tələbkarlıq yox, üzrxahlıq və bağışlanma istəyi ilə müşayiət olunur. Onlar ne`mətlərin inkarı, çətinlik və məhrumiyyətlərdən şikayət əvəzinə Allahın rəhmətlərini, sonsuz ne`mət və fəzlini yada salırlar. Dünyəvi mal və məqam, maddi istəkləri daha az, ilahi yaxınlıq, Allahın razılığı və insani kamillikləri isə daha çox dilə gətirirlər.
Başqa bir tərəfdən, rəvayət yolu ilə bəyan oluna bilməyən bir çox uca və dəyərli biliklər dualar yolu ilə, xüsusən imam Səccadın (ə) duaları ilə yayılmışdır. Çünki hidayət imamları dua halında haqqın zatı ilə qarşı-qarşıya olmuş və Onunla raz-niyaz etmişlər. Buna görə də ürəklərində olanları dilə gətirmiş və Allahla onu tanıdıqları kimi söhbət etmişlər; Ona həmd-səna demiş, Onu vəsf etmişlər. Lakin rəvayətlərdə adi insanlara müraciət olunduğundan bütün maarifi izah etməyə imkan olmamışdır. Rəvayətlərdə camaatın düşüncəsinə uyğun həqiqətlər izah olunmuşdur.
2. Peyğəmbərlər və hidayət imamlarından nəql olunmuş duaları oxumaqla həqiqətdə onlara ardıcıl olmuş oluruq. Allahın peyğəmbəri və Onun dostlarına ardıcıllığı tövsiyə edən bir sıra göstərişlər bizə ünvanlanır. Demək, imamlardan nəql olunmuş duaları oxumaqla ən yaxşı duaları ən yaxşı qaydada oxumuş oluruq. Bundan başqa, ilahi övliyaların üsuluna da riayət etmiş oluruq. Bu isə duanın özündən əlavə, ayrıca bir fəzilət sayılır.
Əlbəttə, böyüklərə ardıcıl olmağın bir çox faydaları vardır. Ən böyük fayda isə bu işlə insanın təkəbbürdən uzaqlaşması və ondan da böyük, ondan da qabaqcıl insanların olmasını hiss etməsidir. Bu nöqtə nəfsi təmizləmək üçün çox əhəmiyyətlidir. Bir çoxları nəfsi paklaşdırdıqdan sonra müəyyən kamillik mərhələləri keçirlər. Bununla da başqaları ilə müqayisədə özlərini onlardan üstün görür və təkəbbürə düçar olurlar. Bu iş də insani çirkinliklərdən sayılır. Lakin insan ilahi bəndələr və ilahi yol yolçularının hamısından öndə və hamının tabe olduğu karvan başçısı olduğunu nəzərə alarsa, Ona qarşı müt`i olar. Bu düşüncə insanın təkəbbürünə mane olar. Əhli-beyt (ə) vilayəti ne`mətindən məhrum kəslər bə`zi vaxtlardakı xalis niyyətləri və çəkdikləri əziyyətlərə baxmayaraq, nəfsin paklaşdırılması üçün zəhmətlərindən bəhrə götürməmiş və bir sıra səhvlərə düçar olmuşlar. Bu da daha çox onların qüruru səbəbindəndir.
Onlar pak imamların məqamını tanımadıqlarından və onların insaniyyət karvanının rəhbər olduğunu anlamadıqlarından bə`zən elə təsəvvür edirdilər ki, zirvə məqama çatmışlar və tam vilayət əldə etmişlər. Buna görə də bə`zən onlardan bəndəliklə bir araya sığmayan sözlər eşidilirdi. Lakin yaranmışların ən şərəflisi olan girami Peyğəmbər (s) ömrünün son anına kimi belə deyirdi: «Əşhədu ənnə Muhəmmədən əbduhu...». Əhli-beytin sadiq ardıcılları heç zaman belə gümana düşmürlər. Bu da onların tabe olduqları vilayətin böyük bərəkətlərindən biridir.
Tə`sirli dualar bu cür fəzilətlidir. Lakin unutmamalıyıq ki, insaniyyətin üstün mərhələsini keçmiş və ilahi yaxınlıqda uca məqamlara çatmış şəxslər Allah ilə münacatlarında elə sözlər ərz edirlər ki, bizim o sözləri zikr etməyimiz yersiz olar. Çünki bu sözlər bizim halımıza uyğun deyil və bu mətləblərin bizim tərəfdən deyilməsi sadiqanə olmayacaq. Məsələn, dəyərli və şərafətli dualardan biri olan “Kumeyl” duasında həzrət Əli (ə) Allaha xitabən buyurur: “Ey mənim Ağam, ey Rəbbim, tutaq ki, əzab atəşinə səbr etdim, bəs Sənin ayrılığına necə səbr edəcəyəm? Tutaq ki, odunun hərarətinə dözdüm, bəs kəramət və lütfünə necə göz yuma bilərəm?”
Bu ifadələr yalnız və yalnız Allahın kamil övliyalarının halına uyğundur və hər kəs belə bir iddia edə bilməz. Bu sözləri yalnız ayrılıq və vüsalı tanıyan şəxslər deyə bilər.
O kəslər ki, vüsalın ləzzətini dadmış, ayrılığın, özü də həqiqi məhbubdan ayrılığın əziyyətini çəkmiş olsun. Lakin vüsalın nə olduğunu bilməyən şəxs Allahla ayrılıqdan əziyyət çəkdiyini deyə bilməz. Vüsalı anlamış və onu tanımış şəxs ayrılıqdan əziyyət çəkə bilər; məsələn, öz dostunu çox istəyən bir şəxs onunla vüsaldan ləzzət alır və onunla ayrılıqdan əziyyət çəkir. Lakin özgə birisi onunla ayrılıqdan heç bir əzab hiss etmir. Necə ki, onunla vüsaldan və ona qovuşmadan heç bir ləzzət duymur.
Biz Allahı tanımayıb, Onun kamalını dərk etməyənədək heç zaman Onunla ayrılıqdan əzab hiss etməyəcəyik. Beləliklə, necə deyə bilərik ki, Sənin əzabına dözərik, lakin ayrılığın bizim üçün çətindir?
Sadə dişağrı və adi başağrıdan fəryadı göylərə çatan, axirət əzabının milyardda biri də olmayan bu ağrı qarşısında səbirsizlik edib naşükürlüyünün həddini artıran insan cəhənnəm əzabına dözümlü, lakin Allahdan ayrılığa dözümsüz olduğunu necə iddia edə bilər?! Biz Allahla vüsaldan nə dadmışıq ki, Onun ayrılığı bizim üçün cəhənnəm əzabından daha çətin olsun!
Bu növ dualar yalnız Əmirəl-mö`minin (ə) kimi kəslərə layiqdir. Bu sayaq sözlərin nümayiş etdirilməsi bizim üçün həqiqətdən çox uzaqdır. Bununla belə, uyğun mətləblər tə`sirli dualarda çox gözə çarpır. Əgər bu sözləri öz adımızdan desək, yalan demiş olarıq və Allaha yalan danışmaq xalqa yalan danışmaqdan çox-çox pisdir. Buna görə də uyğun dualarda məqsədimiz hekayət olmalıdır. Məsələn, həzrət Əlinin (ə) Allah qarşısında ərz etdiklərini hekayət məqsədi ilə nəql edərək, bu şeyləri öz adımızdan bəyan etməməliyik. Çünki bu mətləbləri biz özümüz inşa etməmişik. Ya da məqsədimiz belə olmalıdır: Allahdan bizim üçün də elə bir mə`rifət əta etməsini istəyək ki, bu sayaq sözlər deməyə səlahiyyətimiz çatsın.
Dostları ilə paylaş: |