ƏMƏLLƏRİN NƏTİCƏSİ
İnsanın bu dünyada gördüyü ixtiyari işlərin sonunda iki nəticə durur: Nəticələrdən birincisi bu dünyada, o birisi axirət aləmində görünür. İnsanın yaxşı işlərinin dünyəvi nəticəsi daha çox yaxşı iş üçün tövfiq tapmasıdır. Onun gördüyü pis işlərin nəticəsi isə yaxşı işlər üçün olan tövfiqin ondan alınmasıdır. Bununla da onun üçün günaha daha çox şərait yaranır. Beləliklə, insan iki əsas səbəb görə pis işlər görməkdən çəkinməlidir: Birincisi, axirət əzabı olan işin axirət nəticəsi, ikincisi, yaxşı işlər görmək üçün tövfiqin alınması və bu dünyada pis işlər görməyə daha çox aludə olmaq. Bu nəticələri düşünməklə insan öz əməllərində daha çox ehtiyatlı olub ilahi təqva yolu tutmalıdır; hər yeməyi yeməmək, hər sözü danışmamaq və ümumiyyətlə, nəfsə uyğun hər işdən çəkinmək lazım gəlir. İnsan öz işlərində Allahın razılığını düşünməlidir. Allaha bəndəlik və təqva yolu ilə əslində ilahi ünsiyyət məclisində iştirak sayılan dua və münacat üçün tövfiq tapmaq olar.
Dünyəvi işlər də belədir; hər kəsi xalq məclisinə buraxmırlar; hər bir şəxs müxtəlif şəxslərlə, dostlarla, tanışlarla əlaqədə ola bilər. Amma onun öz ünsiyyət məclisi xüsusi kəslər üçündür. Müsəlman və Allahla heç bir düşmənçiliyi olmayan şəxslər çoxdur, lakin onlar Allahla ünsiyyət yaratmağa müvəffəq olmurlar. Yalnız Allahı həmişə düşünən və başqaları ilə münasibətdə öz əməl, rəftarlarına daha diqqətli olan şəxslər Allah ilə ünsiyyət məclisində iştirak üçün tövfiq tapırlar.
Ömür boyu səhvlər nəticəsində çirkaba bulaşan şəxslər mübarək ramazan ayında özlərini bu aludəliklərdən təmizləməlidirlər. Çünki ramazan ayında onlara ilahi ziyafət nəsib olmuş və Allahın ünsiyyət məclisinə də`vət olunmuşlar. Bu ayda təqvaya adət etmək lazımdır ki, ramazan ayı qurtardıqdan sonra da təqva davam etsin.
Bu ayın ən böyük bərəkətlərindən biri də insanın ən yaxşı ibadətlərə müvəffəq olmasıdır. Bu ayda insan əməllərinə qarşı daha ehtiyatlı olur. Hər yeməyi yemir, hər sözü danışmamağa çalışır, gözünə və qulağına nəzarət edir və sair. Beləliklə, ramazan ayında bu işlərə nəzarət üçün hər nə qədər çox çalışsa, ramazan ayından bir o qədər çox istifadə etmiş olacaq. Ay tamam olduqdan sonra insan bir ay təlaş sayəsində əldə etdiyi nəticələri qorumaq və ona verilmiş tövfiqlərin davamlı olması üçün çalışmalıdır.
Beləliklə, insan həmişə dua və münacat halında olmaq üçün əvvəlcədən zəmin yaratmalıdır; gün uzunu bir neçə saat dünyəvi işlərdən uzaqlaşıb hal tapmalı, axirət işlərini düşünməli, alimlərin, Allahın saleh bəndələrinin məclisində iştirak etməlidir. Çünki pak və yaxşılarla ünsiyyət Allahı insanın yadına salır. Necə ki, dünyapərəstlər və batil insanlarla ünsiyyət insanı Allahdan xəbərsiz edir! İmamzadələrin, ilahi övliyaların və böyük şəxslərin qəbirlərinin ziyarəti insana Allahı xatırladan və onun diqqətini dünyadan çəkən işlərdəndir.
Əgər azacıq tövfiq nəsibimiz olarsa, qürurlanmamalı və başqalarına alçaldıcı nəzərlərlə baxıb özümüzü ilahi tövfiqə çatmış və kamillik sahibi hesab etməməliyik.
Yaxşı işlər görmək üçün tövfiq tapmaq böyük ne`mətdir. Lakin bu ne`mətin bizdə davamlı başqalarında isə müvəqqəti olacağı mə`lum deyil. Əvvəlcə ibadətkar və itaətkar olub, sonu yaxşılıqla qurtarmayan və günahkar olub, sonda yaxşı aqibətə düçar olan şəxslər çox olmuşdur. Buna görə günahkar şəxslərə də kiçildici nəzərlərlə baxmamalıyıq. Qürurlu və özünübəyənən kəslər Allahın ən böyük düşmənlərindəndir. Rəvayətlərdə göstərilir ki, bə`zən insanların qürurlanmamaları üçün Allah gecə ibadəti üçün tövfiqi onlardan alır;1 Çünki qürur insana o qədər ziyanlıdır ki, gecə namazı da bu ziyanı aradan götürə bilmir.
“İlahi, bizi nicat gəmilərinə oturdub münacatının ləzzəti ilə kama çatdır; bizi məhəbbət çeşmələrinə sal, yaxınlıq və məhəbbət şirinliyini bizə dadızdır. Bizi öz yolunda təlaşa və Sənə itaətdə himmətli olmağa yönəlt . Amin ya Rəbbəl aləmin.”2
(4)
“Pərvərdigara, əgər boynumu qəhr zəncirinlə bağlasan, bütün xalq arasında ətanı mənə qadağan etsən, bəndələrinin nəzərində rüsvayçılığımı aşkarlasan, cəhənnəm oduna sürüklənməyimi göstəriş versən, mənimlə yaxşılar arasında ayrılıq salsan, yenə də ümidim Səndən qırılmayacaq, rəhmətinə olan ümidim üzülməyəcək, məhəbbətin qəlbimdən çıxmayacaq. Mən heç vaxt dünyadakı bəxşişlərini, eyblərimi örtməyini unutmayacağam”.
Dostları ilə paylaş: |