İNSANIN MƏ`NƏVİ HƏYATI
Həyatın mərtəbələri var. Onun bir mərtəbəsi nəbatatla bağlıdır və bitkilərə aid edilir. Bu səbəbdən də bitki “diri” və “ölü” olmaqla iki yerə bölünür. İnkişaf və artım bitki həyatının səciyyələridir. Bu sayaq həyat “nəbati” həyat adlanır. Həyatın daha üstün mərtəbəsi heyvani həyatdır. Belə bir həyatın inkişaf və artımdan əlavə hərəkət və idrak səciyyələri var. Bu səciyyələrə malik mövcud heyvani həyat yaşayır.
İnsanın həm nəbati, həm heyvani həyatı var. O həm inkişaf edir, həm artır, həm hərəkət edir, həm də qavrayır. Əlbəttə ki, ondakı bu səciyyələr heyvan və bitkidə olduğundan daha dərin və daha genişdir. Bu səciyyələrə görə insan bitki və heyvan növü ilə müştərəkdir. Biz həyat dedikdə, adətən, yuxarıda deyilənləri düşünürük. Qidalanma və inkişaf nəbati həyatın şərtidir. Heyvani həyat üçün isə idrak və iradi hərəkət zərurətdir. Yalnız bu səciyyələrə malik mövcuda diri deyirlər. Bu səciyyələrdən məhrum mövcud ölü sayılır. Lakin Qur`ani-Kərim və Əhli-beyt (ə) göstərişlərindən mə`lum olur ki, insan nəbati və heyvani həyatdan da üstün bir həyat yaşaya bilər. Bu mə`nəvi həyatdır. Bu üstün həyatın şərtləri vardır. Əgər insanda bu şərtlər ödənməsə, əslində o insan olmayacaqdır. Baxmayaraq ki, heyvani həyat baxımından diri sayılır. Bizim insanın diriliyi üçün götürdüyümüz me`yar adətən insani birlik yox, heyvani birlik me`yarıdır. Yemək, nəfəs almaq, dərk etmək, hərəkət və bu kimi şeylər nəbati və heyvani həyatın şərtləridir. Lakin insani həyat ayrı bir həqiqətdir. Qur`an buyurur:
“Heç ölü ikən dirildiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur verdiyimiz adam zülmət içində qalıb oradan çıxa bilməyən şəxs kimi ola bilərmi?”1
Bu ayədən mə`lum olur ki, insan nuraniyyət ilə şərtlənən bir həyat yaşaya bilər. Beləliklə, əgər insan nuraniyyət sahibi olarsa diri, əgər ondan məhrum olarsa ölü insan sayılır. Baxmayaraq ki, nəbati və heyvani həyatı vardır!
“Onun surəti insan surətidir. Lakin qəlbi heyvan qəlbidir. Nə qurtuluş yolunu tanıyır ki, onu keçsin, nə də azğınlıq yolunu tanıyır ki, ondan qaçsın; belə bir şəxs dirilər arasında bir ölüdür.”2
“Əbu-Həmzə” duasının “Sənin zikrinlə qəlbim diridir” cümləsində də imam Səccad (ə) bu üstün həyata işarə etmişdir. Bu həyatın sütunları Allahın zikridir. Necə ki, nəbati həyatın möhkəmliyi inkişafda, heyvani həyatın möhkəmliyi şüur və idrakdadır.
Oksigen insana çatmadıqda qısa bir müddətdə onun həyatına son qoyulur. Mö`minin qəlbi də ilahi zikrdən uzaq düşüb, maddiyyata qərq olduqda öz həyatını əldən verir.
Deyildiyi kimi, bizim tanıdığımız həyat, adətən, hər birinin tə`siri və şərtləri olan heyvani və nəbati həyata həsr olunur. Lakin Qur`an və Əhli-beyt (ə) kəlamlarının göstərdiyi kimi və ağılın hökmünə əsasən, bizim naqis ağlımızla dərk etmədiyimiz həyat da vardır.
Həyat mərtəbələrindən biri də iman həyatıdır. İnsanın həqiqi həyatının belə bir həyat olduğunu desək yanılmarıq. Rəvayətlərə əsasən, mö`mində “ruhul-iman” adlı bir ruh vardır. Bu ruh onun həyat mənşəyidir. Bu ruhun kölgəsində mö`min insan günah edənədək digər bir həyatda olur. Lakin günah edən zaman bu ruh ondan ayrılır. Tövbə və Allaha tərəf qayıdışla yenidən bu ruh mö`minə qayıdır.
Ruhul-imandan başqa bir ruh da vardır. Məsələn, peyğəmbərlər və ilahi övliyalara məxsus olan “ruhul-qüds”. Girami peyğəmbər və pak imamlar belə bir ruha sahib idilər. Bizim gördüyümüz və öz heyvani idraklarımızla dərk etdiyimiz həqiqətlərdən başqa Allahın, peyğəmbərin və imamların xəbər verdiyi həqiqətlər də vardır. Əgər biz Allah və Onun peyğəmbərini qəbul ediriksə, göstərişlərə də e`tiqadlı olmalıyıq. Belə həyatın dəyəri bizim tanıdığımız heyvani və nəbati həyatla müqayisə olunası deyildir. Yalnız onlara sahib olan şəxslər bu həyatın dəyərini bilirlər.
Dostları ilə paylaş: |