«Allahım, qəlblərimizə məhəbbət rüşeymini ək. Mə`rifət nurunu bizə saçdır. Əfv şirinliyini və bağışlanma ləzzətini bizə daddır və gözlərimizi qarşılaşma günü öz görüşünlə işıqlandır.»1
(9)
İMANIN DƏYƏRİ
“İlahi, Səndən həmişə qəlbimdə olası sabit iman və sadiq yəqin istəyirəm ki, təqdir qələminin yazdığından başqa bir şeyin mənə çatmayacağına inanam. Məni yaşayış vasitələrindən qismətimə verdiklərin üçün razı və xoşhal et. Ey mehribanların ən mehribanı”.
Bu hissə “Əbu-Həmzə” duasının axırıncı cümlələrindəndir. İmam Səccad (ə) duadan sonra, axırıncı və ən üstün istəyini bu iki cümlədə xülasələşdirərək Allahdan “sabit iman” və “ilahi qəzavü qədərə razılıq” tələb edir.
Mə`lum olur ki, iman çox əhəmiyyətli olduğundan imam Səccad (ə) bu uzun münacatdan sonra Allahdan ona iman əta etməsini istəyir. Həmçinin iman yarandıqdan sonra xətər qorxusu olduğu üçün Allahdan ona qəlbində sabit və əbədi qalacaq bir iman əta etməsini istəyir. Əgər insanda iman yaranarsa, o qürurlanıb bu imanın onda həmişəlik və sabit qalacağını təsəvvür etməməlidir.
İnsanın dili imanın dəyərini vəsf etməkdə acizdir. İman insan ruhunun sakitlik mayası, həyat çətinliklərində insanın pənahgahı, ən əsası, əbədi səadət və axirət əzabından qurtuluş səbəbidir.
İman (zəif də olsa) Allahın insana mərhəmət etdiyi ən böyük ne`mətdir. Belə bir imanın tə`siri çox zəif olsa da, o həm də çox dəyərli, dünya və axirət səadəti üçün əhəmiyyətlidir. İnsanın imanla münasibəti balığın su ilə münasibəti kimidir. Balıq nə qədər ki sudadır, suyun qədrini bilmir. Lakin sudan çıxan kimi necə də böyük ne`mət içində olduğunu, indi isə bu ne`mətdən məhrum qaldığını anlayır. Biz də, həmd olsun Allaha, bu böyük ilahi ne`mətdən bəhrələnirik. Zəif olsa da həyatımız onun əhatəsindədir. Əgər Allah eləməmiş, həmin zəif iman bizdən alınarsa, şəkk və zəlalət halına düçar olarıq. Bu zaman necə də böyük ne`mətə sahib olduğumuzu və bu ne`mətin bizdən alındığını anlayarıq.
Bir şəxs nəql edir ki, səfərdə bir nəfərlə tanış oldum. Onun bütün əməl və halları təbii idi. Lakin cümə gecələrini səhərə qədər oyaq qalır, əhya saxlayırdı. Bu işin səbəbini soruşdum. O dedi: “Bir çətinliklə qarşılaşmışdım. Əhd etdim ki, Allah onu aradan qaldıran gündən ömrümün axırınadək cümə gecələrini əhya saxlayım. Ondan soruşdum: “Sizin çətinliyiniz nə idi?” (Biz elə təsəvvür edirik ki, onun çətinliyi kasıblıq, xəstəlik və ya bu kimi başqa problemlər olduğundan əhd etməyə məcbur olub.)
O belə cavab verdi: “Bir e`tiqadda şəkk-şübhəyə düçar olmuşdum və imanım zəifləmişdi. Özümü bu haldan çıxarmaq üçün nə qədər çalışdımsa, bacarmadım. Bir çox şəxslərə müraciət etdim. Hərəsi bir kitab göstərdi. Çoxları ilə söhbət etdim. Amma bunların heç bir həqiqi tə`siri olmadı. Əksinə, iztirabım artırdı. Eşitdim ki, müqəddəs Məşhəddə şeyx Həsən Əli İsfahani adlı bir alim yüksək məqam və kəramət sahibidir, xalqın çətinliklərini həll edir. Ona bir məktub yazıb öz şərhi halımı açıqladım. Əhvaz əhalisindən olduğum üçün məktubun cavabında belə yazdı: “Filan gün, filan saat Karun çayının kənarına gedib, xurmalıqların bir guşəsində otur, bəlkə Allah sənin çətinliyini aradan qaldırdı!” Həmin gün tə`yin olunmuş saatda ora gedib bir guşədə oturdum. Çaya tamaşa etdiyim vaxt bir camışın suyun ortasında üzdüyünü gördüm. Camış tədricən mənə tərəf gəlib sahilə çatdı. Sudan çıxıb bir neçə dəqiqə xurmalıqda dayandı və qarnında olan balasını doğdu. Sonra onu təmizləyib süd verdi. Bu mənzərəyə tamaşa etdikdən sonra bütün şəklərim aradan qalxdı, ruhum sakitləşdi. Yenidən imanımı tapdığım üçün bu ne`mətin şükrü olaraq özümlə əhd bağladım ki, hər cümə axşamı sübhə qədər oyaq qalam.
Bir müddət iman ne`mətindən məhrum olub, yenidən Allah tərəfindən bu ne`mətə çatan şəxslər iman ne`mətinin qədrini daha yaxşı bilirlər. İmansızlığın pis tə`sirini, e`tiqadın zəifləməsini və onun acısını dadan şəxslər imanı qənimət sayırlar. Lakin heç bir zaman imanımız bizdən alınmadığı üçün (zəif də olsa) onun nə qədər dəyərli olduğunu anlamırıq. Zərifinin dediyi kimi “Allahsızlıq görməmişik ki, Allaha imanın nə qədər böyük ne`mət olduğunu anlayaq!” Gərək imanımızın xətərə düşməməsi və möhkəm qalması üçün çalışaq. Beləcə, inşaallah, imanlı halda dünyadan gedək. Əgər bir gün insanın Allahla əlaqəsi kəsilsə və o yolu itirsə, yol tapmaq üçün çalışıb kiçik bir baca belə tapmadıqda necə böyük bəlaya düşdüyünü anlayar.
Dostları ilə paylaş: |