5-Cİ DƏRS: MƏNTİQ
İslam elmləri iki hissəyə ayrılır: əqli elmlər və nəqli elmlər. Haqqında danışacağımız məntiq elmi əqli elmlərdən hesab olunur.
Bu elm İslama xaricdən daxil olmuşdur. Əvvəldə qeyd etmişdik ki, İslamda əsas elmlərin mövzusu etiqad, əxlaq və əməldir. Digər elmlər isə bu üç əsas elm üçün müqəddimə rolunu oynayır. Məntiq də həmin müqəddimə elmlərdəndir. Bu elm yunan mətnlərindən tərcümə olunmuşdur. Məntiq Ərəstunun (Aristotel) adı ilə bağlıdır.
Məntiq elminin yunanlardan götürmüş müsəlmanlar ona bəzi əlavələr etməklə daha da kamilləşdirmişlər. İbni Sinanın “Əş-şifa” məntiqi müsəlmanlar arasında yaranmış və qəbul olunmuş məntiqdir.
Məntiq elmi düzgün düşünmə qanunlarından ibarətdir. Məntiqi bilən insan qarşısına çıxmış məsələyə münasibətdə bu elmdən ölçü aləti kimi istifadə edir. Demək, məntiq insan zehnini xətalardan qoruyur.
Əgər məntiq düşüncənin, təfəkkürün düzgünlüyünə xidmət edirsə, düşüncüyə tərif vermək lazım gəlir. Təfəkkür bir neçə məlumu əlaqələndirib yeni məlum əldə etmək və məchulu məluma çevirməkdir.
Sadə bir misal: İlqar ərəbcə bilirmi? Düşünürük: Mədrəsəni bitirənlər ərəbcə bilir; İlqar mədrəsəni bitirib. Nəticə alırıq: İlqar ərəbcə bilir.
Demək, düşünən insan əvvəlcədən məlum olanları lazımı ardıcıllıqla düzüb, məchulu tapır.
Dostları ilə paylaş: |