RƏBBİN DƏRGAHINDA
(“İftitah”, “Əbu Həmzə” və “Məkarimul-əxlaq” dualarından seçmələrin şərhi)
MÜƏLLİF:
MƏHƏMMƏD TƏQİ MİSBAH YƏZDİ
TƏRCÜMƏ EDƏN:
MƏHƏMMƏD ƏHMƏD
Rəhman və Rəhim Allahın adı ilə
Ön söz
“Bəndələrim səndən Mənim yaxınlığım və uzaqlığım barədə soruşduqda bilsinlər ki, Mən onlara yaxınam. Hər kim Məni çağırarsa onun duasını qəbul edərəm.”1.
İnsan öz həyatının eniş-yoxuşlarında, acılı-şirinli hadisələrində bə`zən elə bir ruhi sıxıntıya düşür ki, heç bir maddi vasitə ilə sakitlik tapmır. Bütün imkanlıların imkanını, sərvətlilərin sərvətini və dünyəvi ləzzətlər üçün olan vasitələrin hamısını onun ixtiyarında qoysalar belə, ruhi sıxıntısından zərrəcə azalmaz.
Belə bir halda insan ürək sözlərini demək üçün ən yaxın dostunun, özü üçün ən əziz olan şəxsin sorağına gedir. Bə`zən isə heç kəsi məhrəm və e`tibarlı saymayaraq tənhalığın bir küncündə öz-özü ilə pıçıltıya qapılır. Bütün hallarda sakitlik və şəfa üçün yeganə yol məhbub ilə ünsiyyət və mə`şuq yanında qəlb süfrəsini açmaqdır.
Əgər insan pisliklərə aludə halda günah çirkabı səbəbindən qəm-qüssə və qəlb sönüklüyünə düçar olub özünə nifrət edərsə, hara sığınmalı və kiminlə dərdləşməlidir? Məhz bu məqamda insan bütün paklıq və yaxşılıqların qaynağı, məhəbbət və səfa yaradanı olan xaliqinə pənah aparıb Onunla ünsiyyət məclisinə qatılmalı, Onun eşqi və zikri ilə sakitlik tapmalıdır.
Zəlil bir bəndənin öz əziz Mə`budu qarşısında duraraq, aludə canını Onun söhbəti çeşməsində təmizləməsi və təlatümlü ruhunu O bir olanın zikri ilə aram etməsindən üstün bir ləzzət varmı?! Bu, duanın ən üstün və ən gözəl bəhrəsidir!
Avam dilində duanı “bəndənin tələbi və istəyi” kimi təfsir edirlər. Lakin duanın həqiqi mə`nası belədir: “Aşiq bəndə tərəfindən məhbubun çağırılması, onun mə`şuq ilə xəlvətdə qalması və onun haqq axtaran ariflər məqamı ilə sirdaşlıq və qonşuluq etməsi”.
Zəlil və alçalmış bəndə öz günahla dolu qəlb evini paklıq və yaxşılıqlardan uzaq gördükdə dost və mə`şuqun məclisinə qovuşmaq üçün daha yaxın bir yol axtarır. O hansı xəlvət guşədə öz mə`budunu tapa bilər? O heyrət içindədir. Bu an nida olunur: “Şübhəsiz, Mənəm yaxın.”1.
Həqiqətən də, Onunla yoldaşlıqda heç bir fasilə yoxdur: “Biz ona şah damarından da yaxınıq.”2
Bəndə belə bir halla haqqa yaxınlığa çataraq Onun məclisinə bir addım yaxınlaşarsa, bu an Mə`bud onu sevər və bu bəndə haqqın məhbubu olar; nida gələr: “Mənim çağırışımı qəbul etsinlər və Mənə iman gətirsinlər.”3
Ümid edirik ki, biz də dua məclisinə qovuşmuş ariflərdən olaq və haqqın hüzurunda Onun zatından başqasını istəməyək. Haqqı tanıma bəndənin ibadətinin ən üstün qəbul dərəcəsidir.
Qarşınızdakı kitab Ustad Misbah Yəzdinin dua barəsindəki söhbətlərindən seçmələrdir.
Bu məcmuə üç hissədən ibarətdir. Birinci hissə dua barəsində ümumi mövzulara aiddir. Bu hissə ustadın dua barəsindəki söhbətlərindən tərtib edilmişdir.
İkinci və üçüncü hissə hörmətli alimin hicri qəməri 1398-ci il ramazan ayında Qum şəhərinin məhdiyyəsində keçirdiyi 15 söhbət məclisindən ibarətdir. Bu söhbətlər azacıq dəyişikliklə verilmişdir. Bu məclislərin iştirakçıları müxtəlif təbəqələrdən olduqları üçün söhbətin səviyyəsi hamı üçün nəzərdə tutulmuşdur. Eyni zamanda, faydalı və dəyərli nöqtələr çoxdur. Şübhəsiz ki, heç bir natiq söhbət məqamında yazdığı kimi danışmağa qadir deyil.
İkinci hissədə “İftitah” duasından seçmələrin şərhi verilmişdir. Üçüncü hissədə isə “Əbu-Həmzə” duasından seçmələr şərh və təfsir olunmuşdur. Ümid edirik ki, mö`minlərin istifadəsi üçün yararlı olsun.
Abbas Qasimi 1418, şə`ban
BİRİNCİ HİSSƏ DUA BARƏSİNDƏ SÖHBƏTLƏR
“De ki, əgər sizin duanız olmasa, Rəbbim sizə heç bir qədir-qiymət qoymaz.”1
İnsanın Allah ilə ən sadə və ən təbii əlaqəsi Onu zikr etməsidir. Bunun nəticəsində insanın qəlbi ixtiyari olaraq Allahı xatırlayır, ruhu tə`sirlənir. Arabir bu xatırlamanın tə`siri dildə də özünü göstərir.
Dua mö`minin silahı, Allaha yaxınlaşma vasitəsi, ibadətin mahiyyəti, haqqı xatırlama və aləmlərin Rəbbi ilə söhbətdir; dua dost evinə getmək bəhanəsi, ehtiyacsız və tək mə`budla raz-niyazdır; dua can üçün həyat, ruhun şadlıq mayası və ilahi bəxşişlərin açarıdır; dua haqq rəhmətində qərq olma və ilahi bərəkətlərin nazil olma səbəbidir.
Dua İslamda daha çox diqqət yetirilən məsələlərdən biridir.
Bu mövzuya İslamda çox tə`kid olunmuşdur. Ona görə də duanın həqiqətinin aşkarlanması lazımdır.
Dua ilə bağlı bir çox məsələlər araşdırılır. O cümlədən: Duanın həqiqəti nədir?
Dua qəbul üçün müstəqil bir səbəbdir, yoxsa qəbul vasitələrinin, təbii və adi səbəblərin kənarında əlavə vasitədir? Əgər dua müstəqil bir səbəbdirsə, Allahın təkvini (təbiət) sünnələrində, qanunlarında istisna yaratmırmı? Məgər dua insanların süstlük və tənbəlliyinə səbəb olmurmu? Duanın tə`sirləri nədir və hansı dərəcədədir? Duanın faydası nədir? Dua tərbiyəvi cəhətdən insan həyatında nə kimi rol oynayır? Məgər bə`zilərinin dediyi kimi, duanın tə`siri yalnız onun məzmunudur; yə`ni dua təlqini tə`sirə malikdir və buna görə də şəxsin istəyə doğru hərəkətinə səbəb olur? Yoxsa onun başqa tə`sirləri də var? Nə üçün Allah Qur`anda bəndələrinin dualarını qəbul edəcəyini və`d etdiyi halda bizim dualarımız çox az qəbul olunur? Məgər duanın şərtləri və qaydaları var? Əgər varsa, dua və onun qəbul olma şərtləri nədir? Qur`anın yasaq etdiyi “duaya təkəbbür” nə deməkdir?
Sadaladıqlarımız və digər mövzuları bu hissədə araşdıracağıq.
Dostları ilə paylaş: |