Fatimə (s) bir əmanətdir
Bütün müsəlmanlar qəbul etmişdir ki, həzrət Peyğəmbər (s) buyurub: «Mən sizin üçün iki əmanət qoyuram – biri Qur’an, digəri Əhli-beytimdir. Bu iki şeylə əlaqəniz olanadək yolunuzu azmayacaqsınız. Kovsərdə mənə yetişənədək bu iki şey bir-birindən ayrılmaz».
Bəli, bu iki şey qiyamət gününədək Adəmdən Xatəmə peyğəmbərlərin irsidir. Şərif «Səqəleyn» hədisi heç bir şübhə olmayan, hətta kəlmələri həzrət Peyğəmbərin (s) dilindən çıxmış mö’təbər hədislərdəndir. Rəvayət mənbələrinə müraciət etdikdə bu həqiqət günəş tək işıqlanır, hətta kor şəxslər də bu həqiqəti hiss edirlər. Bu həqiqəti inkar edənlər özlərini korluğa vurmuşlar və bu xəstəliyin müalicəsi çətindir (bəlkə də mümkün deyil).
Qur’an böyük əmanətdir
Qur’ani-kərim heç bir təhrif və dəyişikliyə uğramamış Peyğəmbər (s) mö’cüzəsi, böyük əmanətdir. O, qiyamətədək insanların ixtiyarındadır və heç bir nöqsan onun qüdsiyyətini ləkələyə bilməz. Çünki Qur’anı bütün təhriflərdən qoruyan ilahi qüdrətdir. «Hicr» surəsində buyurulur: «Şübhəsiz ki, Qur’anı biz nazil etdik və sözsüz ki, biz də onu qoruyub saxlayacağıq».
Qur’ani-kərim ilahi maarifin əhatəli nuru, geniş dəryasıdır. Düşüncə və təfəkkürlə onun dərinliyinə varmaq, qəvvaslıq etmək mümkündür. Bu yolla qiymətli qeybi gövhərlər və dürrlər əldə edilir. Qur’ani-kərim özünü nur kimi tanıtdırır. «O özünü Peyğəmbərə iman gətirən, yardım göstərən və onunla nazil edilmiş nurun ardınca gedənlər – məhz onlar nicat tapanlardır».1
Nurun xüsusiyyəti işıqlanmaq və işıqlandırmaqdır. Buna görə də Qur’an özünü təfsir edir, ayələr bir-birini aydınlaşdırır. «Allah sözün ən gözəlini bir-birinə bənzər, təkrarlanan bir kitab şəklində nazil etdi».2
Bununla belə Qur’anın dərin maarifi ilə tanış olmaq üçün agah təfsirçiyə ehtiyac vardır. Çünki üzməyi yaxşı bacarmayanlar üçün dənizin dərinliyinə getmək xətərdir. Qur’an maarifindən səmərəli bəhrələnmək üçün Qur’anla tamamlanacaq yolla gedilməlidir. Bu halda Qur’an yönəldici və işıqlandırıcı olar. Əks təqdirdə, kifayət qədər xətərlər ortaya çıxa bilər. «İsra» surəsində buyurulur: «Biz Qur’andan mö’minlər üçün şəfa və mərhəmət olan ayələr nazil etdik. O, zalimlərin ancaq ziyanını artırır».
Əhli-beyt əmanəti
əgər Qur’ani-kərimin təfsirçiyə ehtiyacı vardırsa, ən üstün təfsirçi Qur’anın vəhy olunduğu həzrət Peyğəmbərdir. O, qeyb sirlərindən və Qur’an maarifindən agah olmuşdur. Bu səbəbdən də Qur’an Peyğəmbəri öz təfsirçisi kimi tanıtdırır. «Nəhl» surəsində buyurulur: «Sənə də Qur’anı nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən ki, bəlkə düşünüb dərk edələr».
Həzrət Peyğəmbər (s) öz əməlləri, rəftarı, əxlaqı və danışığı ilə Qur’anı bəyan və təfsir edib, Qur’anla tanışlıq yolunu da göstərmişdir. Qur’anla məhz onun yaxını olan Əhli-beyt baxışıyla tanış olmalıyıq. Əhli-beyt Qur’anla qoşadır. Mələkut aləmi ilə əlaqəli olan, Qur’anın danışdığı Əhli-beyt eynən Peyğəmbər (s) kimi Qur’an təfsirçisi bilinir. Əhli-beyt Qur’anın dili, ona çatmağın yoludur. Çünki Qur’an dilsiz, Əhli-beyt isə natiq bir vəhydir. Həqiqətdə hər ikisi vəhydir. Qur’an və Əhli-beyt iki surətdə cilvələnmiş eyni bir həqiqətdir. Həm Əhli-beyt, həm də Qur’an eyni risalət və vəhydir. «Bu ancaq nazil olan bir vəhydir».1 Ayə Qur’an, onun məzmunu Əhli-beyt haqqındadır. Əhli-beytin sözü, sükutu, xarakteri, əməli həm vəhy, həm də xalqa gətirilən dəlilidir. Hər ikisi Allahın ipidir və ondan yapışmaq gərək! «Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın». («Ali-imran» surəsi, ayə 103).
Bu ipin bir tərəfi Allah-təala, digər tərəfi xalqın qarşısındadır. Yalnız ona möhkəm sarınmaqla təbiətin qaranlıq quyusundan çıxmaq, azğınlıqdan qurtulmaq olar. Qur’an və Əhli-beyt həmin qırılmaz ipdir.2
Nə üçün Əhli-beyt kiçik əmanətdir?
Qur’an və Əhli-beyt o qədər yaxındır ki, yalnız birlikdə qırılmaz ipdirlər. Biri digərindən üstün deyildir. Birinin böyük, o birinin kiçik adlanmasının səbəbi Qur’anın Əhli-beytdən üstünlüyü demək deyil. Səqəleyn hədisinə görə heç bir üstünlük yoxdur. Burada fərq yalnız odur ki, Allah kəlamı olan Qur’anın e’tibarı zatıdır (yə’ni özündədir). Əhli-beytə isə bu e’tibar bağışlanmışdır. Qur’anda buyurulur: «Peyğəmbərlərin əmrinə itaət edin, qadağasından çəkinin».
Qur’anın böyük əmanət hesab edilməsi yalnız qeyd etdiyimiz səbəbdəndir. Məqam və mərtəbə nəzərindən kitab və Əhli-beyt bir-birindən ayrılmaz eyni bir həqiqətdir.
Əhli-beytsiz Qur’an?!
Qur’an və Əhli-beyt elm və fəzilət şəhərinə aparan bir yoldur. Bu fəzilət şəhərinə daxil olmaq istəyən kəs bu yolla getməlidir. (“Əl-qədir» cild 6). İnsanı fəzilətə çatdıracaq ikinci bir yol yoxdur. Beləcə, Əhli-beytsiz Qur’ana üz tutmaq faydasızdır. Əhli-beytsiz Qur’an sanki yazısız bir kitabdır. Əhli-beytdən uzaqlıq Qur’andan uzaqlıqdır. Çünki müxtəlif firqələrin yekdil fikrinə görə Peyğəmbər (s) buyurmuşdur ki, Qur’an və Əhli-beyt birdir və bir-birindən ayrılmazdır. Qur’an isə peyğəmbərə itaəti əmr edir. Demək, bu həqiqətin inkarı azğınlıqdır. Ona bağlanmaq heç zaman yoldan sapmamaqdır.
Dostları ilə paylaş: |