İSMAYIL ƏLİYEV
AZƏRBAYCAN ETNOPEDAQOGİKASI
(MAGİSTR HAZIRLIĞI ÜÇÜN DƏRS
VƏSAİTİ)
Elmi redaktor: Nurəddin Kazımov
pedaqoji elmlər doktoru, professor.
Əməkdar elm xadimi.
R ə y ç i l ə r: 1. Vahid Məmməd oğlu Rzayev
pedaqoji elmlər namizədi, dosent
2. Solmaz Qüdrət qızı Həsənova
pedaqoji elmlər namizədi.
Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının «Pedaqogika və psixologiya» bölməsinin 18 mart 2005-ci il tarixli iclasının (protokol № 05) qərarı ilə magistr hazırlığı üçün təsdiq olunmuş proqrama uyğun hazırlanmışdır.
Dərs vəsaitində etnopedaqogikanın mövzusu və vəzifələri, xalqın pedaqoji mədəniyyətinin mahiyyəti, xalq tərbiyəsinin üsulları və vasitələri kimi məsələlər öz əksini tapmışdır.
Vəsait magistrantlar, ali məktəb müəllimləri və gənc tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
M Ü N D Ə R İ C A T
GİRİŞ .................................................................................5
I FƏSİL. ETNOPEDAQOGİKA – YENİ ELM SAHƏSİDİR
1.1. Etnopedaqoji tədqiqatların inkişaf mərhələləri............7
1.2. Etnos və müasir dövrdə etnik problemlərin xüsusiyyətləri.............................................................28
1.3. «Xalq pedaqogikası» və «etnopedaqogika»..............41
1.4. Etnopedaqogikanın mövzusu və vəzifələri................51
II FƏSİL. XALQIN PEDAQOJİ MƏDƏNİYYƏTİ
2.1. Azərbaycan milli mədəniyyətinin formalaşma
tarixi haqda qısa xülasə..............................................69
2.2. Pedaqoji mədəniyyətin mahiyyəti, onun bəşəri
və milli xarakteri........................................................79
2.3. Pedaqoji mədəniyyətin formalaşmasına təsir
edən amillər.................................................................91
2.3.1. Pedaqoji mədəniyyətin inkişafında ənənələrin rolu.............................................................................92
2.3.2. Nəsillərin varisliyi pedaqoji mədəniyyətin
inkişaf amili kimi.......................................................97
2.3.3. Pedaqoji mədəniyyətin xəlqi əsasları......................103
III FƏSİL. XALQ TƏRBİYƏSİNİN ƏSAS ÜSULLARI
3.1. Əxlaqi şüurun formalaşmasına xidmət edən
üsullar..........................................................................112
3.2. Davranış təcrübəsinin formalaşmasına xidmət
edən üsullar.............................................................122
3.2.1. Əxlaqi hərəkətin dəfələrlə təkrarına
əsaslanan üsullar..................................................123
3.2.2. Mənəvi məsuliyyət formalaşmasına xidmət
edən üsullar...........................................................126
3.3. Xalq tərbiyəsində stimullaşdırma üsulları...............130
3.3.1. Rəhbətləndirmə üsulları........................................131
3.3.2. Cəzalandırma üsulları...........................................136
3.4. Tərbiyədə nümunənin mövqeyi...............................139
IV FƏSİL. XALQ TƏRBİYƏSİNİN VASİTƏLƏRİ
4.1. Atalar sözləri müdriklik xəzinəsidir........................144
4.1.1. Atalar sözlərinin toplanması sahəsində ilk qaynaqlar.............................................................148
4.1.2. Atalar sözlərinin pedaqoji imkanları....................163
4.1.3. Atalar sözlərindən ailə tərbiyəsində istifadə imkanları..............................................................171
4.1.4. Tərbiyənin tərkib hissələri baxımından atalar sözlərinin imkanları.............................................181
4.2. Tapmacalar, onların etnopedaqoji mahiyyəti və əhəmiyyəti................................................................202
4.3. Xalq nəğmələri və oyunlarının pedaqoji
mahiyyəti .................................................................230
IV fəslə aid əlavə...................................................................269
G İ R İ Ş
Etnopedaqogika – nisbətən yeni elm sahəsidir. Onun ümumi pedaqogikadan ayrılması, təxminən, XX əsrin 70-ci illərinə təsadüf edir. Postsovet məkanında keçən əsrin 50-ci illərindən etibarən xalq pedaqogikasının öyrənilməsinə artan maraq 70-ci illərin əvvəllərində etnopedaqogikanın müstəqil pedaqoji elm kimi formalaşmasına nəzəri zəmin hazırlayan bir sıra qiymətli tədqiqat əsərləri meydana gətirmişdi. Ə.Həşimovun, G.N.Volkovun, A.F.Xintibidzenin Ə.E.İzmaylovun, İ.Y.Xanbikovun o dövrdə apardıqları tədqiqatları buna misal gətirmək olar.
Adları çəkilən pedaqoqların hər biri mənsub olduğu xalqın tərbiyəvi görüşləri, xalq pedaqogikası materiallarının pedaqoji imkanlarını təhlil etmişlər.Yalnız G.N.Volkov 2000-ci ildə nəşr etdirdiyi «Etnopedaqogika» adlı dərsliklə ümumi etnopedaqogika yaratmağa səy göstərmişdir.
Humanitar elmlərin əksəriyyətində (o cümlədən də pedaqogikada) olduğu kimi, etnopedaqogikanın mahiyyətində millilik bəşərilikdən çox olduğundan istifadənizə təqdim edilən dərs vəsaitini «Azərbaycan etnopedaqogikası» adlandırmağı məqbul hesab etdik.
Azərbaycanda ilk etnopedaqoji tədqiqatlar professor Əliheydər Həşimovun adı ilə bağlıdır. Onun 1970-ci ildə nəşr etdirdiyi «Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri» adlı əsər, əslində, ən sanballı etnopedaqoji tədqiqatdır. Azərbaycan xalqının zəngin mənəvi mədəniyyətini tərbiyənin tərkib hissələri baxımından təhlil edən bu əsər və Əliheydər müəllimin bu sahəyə həsr edilmiş bütün yaradıcılığı tərtib etdiyimiz dərs vəsaitnin həm mənbəyi, həm də işıqlı mayakı olmuşdur.
Azərbaycan etnopedaqogikasının nəzəri müddəalarını sistemləşdirməyə cəhd edərək vəsaitdə etnopedaqogikanın mövzusu, məqsədi, əsas kateqoriyaları, vəzifələri və tədqiqat üsullarını konkret şəkildə müəyyənləşdirməyə çalışmışıq.
Vəsait ali məktəblərin magistratura pilləsi üçün nəzərdə tutulduğundan etnos, müasir etnik proseslər və cəmiyyətin inkişafında onların rolu xalq tərbiyəsinin üsulları və vasitələri barədə etnopedaqoji təhlillərlə kifayətlənmək məqsədəmüvafiq sayılmışdır.
Fikrimizcə, gələcəkdə Əliheydər Həşimovun elmi müddəalarından hərtərəfli istifadə etməklə pedaqoji ictimaiyyət, ali məktəblər və tərbiyə məsələləri ilə məşğul olan hər kəs üçün «Azərbaycan etnopedaqogikası» adlı mükəmməl dərslik hazırlamaq mümkündür.
Dostları ilə paylaş: |