«Sörümə»
Ən sadə «aşıq-aşıq» oyunudur. Əksər hallarda iki oyunçu ilə oynanılır. Bir neçə oyunçunun iştirakı ilə də ola bilər. Amma iştirakçının sayı çox olduqca oyunun tempi aşağı düşür, ahəngi pozulur və beləliklə də oyun üçün mühüm amil olan maraq, vəcdə gəlmək hissi zəifləyir. İki nəfər iştirakçı ən optimal variant sayılır.
Oyunun qaydaları:
Əvvəlcə oyuna birinci başlayacaq iştirakçını müəyyən etmək lazımdır. Bunun üçün oyunçuların «səqqə»lərini ovucun içərisində fırladıb yerə atırlar. Səqqəsi «alçı» vəziyyətində duran şəxs oyuna birinci başlayır.
Oyunçular növbə ilə «səqqə»lərini yerə atırlar. «Səqqə»si «alçı» duran oyunçu rəqibindən bir aşıq alır. Hər iki «səqqə» yan tərəfi üstə durubsa, yəni «alçı» və ya «toxan»dırsa, yaxud da heç biri «alçı» durmayıbsa, oyun yenidən başlanır.
Oyunun əvvəlində «səqqə»lər» yoxlanılır. Onlar təmiz olmalı, üzərində heç bir əməliyyat aparılmamalıdır.
Çalışıb «səqqə»ni elə atmaq lazımdır ki, o «alçı» dursun. Bunun üçün «səqqə»ni çoxsaylı digər aşıqların içərisindən diqqətlə seçmək lazımdır. Elə aşıqlar vardır ki, onların quruluşları daha çox «alçı» durmağa şərait yaradır.
Bacarıqlı oyunçu «səqqə»ni «alçı» durmağa «məcbur edir». Yəni
a) onu barmaqları arasında müəyyən qayda ilə elə vəziyyətdə tutub atır ki, «alçı» durmaq imkanı daha çox olsun;
b) «səqqə» «alçı» durmaqdan ötrü optimal hündürlüyə atılmalıdır;
c) bəzən oyunçu «səqqə»ni atacağı yeri ayağı ilə bir neçə dəfə irəli-geri sürtərək hamarlayır.
Oyun iştirakçılardan birinin aşıqları tamamilə qurtarana qədər davam edir.
Dostları ilə paylaş: |