Azərbaycanda «etnos» problemi daha çox etnosiyasi proseslər müstəvisində öyrənilmişdir. Ölkəmizdə yaşayan müxtəlif etnosların problemlərinin tədqiqi, əsasən, XX əsrin 50-ci illərindən başlasa da, bu sahədə ciddi araşdırmalar müstəqillik əldə edildikdən sonra daha elmi xarakter daşıyır. Tədqiqatçı-alimlərdən R.Mehdiyev, Ə.Daşdəmirov, V.Abdullayev, Ə.Tağıyev, M.Şükürov, H.Orucov, V.Həbiboğlu, İ.Cəfərzadə, V.Arzumanlı, S.Xəlilov, İ.Ağayev və başqaları milli siyasət, milli münasibətlər və etnosiyasi proseslərin inkişafı ilə bağlı tədqiqatlarında «etnos» məfhumunun izahına da müəyyən dərəcədə diqqət yetirmişlər. Məsələn, İ.Ağayevinfikrincə, «etnos dedikdə, ərazicə yayılmaqlarından asılı olmayaraq eyni etnik mənsubiyyətli insanların birliyi nəzərdə tutulur» (2, 18).