Uşaqlar arasında aşıqlarla, guya, «falabaxma» da var idi: «Falabaxma»da aşığın üzlərinə müəyyən adlar verilir. «Toxan» - bəy, «alçı» - hər hansı bir heyvan (adətən, uzunqulaq) və ya «axmaq», «cik» - ac, «bök» tox adlandırılırdı. Bəzən aşığın «domba» üzünə «dəvə» deyirlər. Amma «dəvə» çox yayılmayıb. Aşıq «domba» duranda onu təzədən atırlar.
«Falabaxan» bir nəfər olurdu. O, «səqqə»ni əlində sahmanlayıb, falına baxdığı adamın adını çəkərək deyir:
- Qara, Qara, nə Qara?
Belə deyərək «səqqə»ni yerə atır.
Tutaq ki, aşığın «toxan» üzü düşdü. Onda «falabaxan» deyir:
- «Bəy Qara!
Sonra «səqqə»ni bir də ataraq soruşur:
- Bəyliyi nədəndir?
Tutaq ki, bu halda aşıq «bök» düşdü. Onda «falabaxan» deyir:
- Toxluğundan!
Sonra «səqqə»ni ataraq soruşur:
- Süfrəsini kimlər açar?
Tutaq ki, aşıq «cik» düşdü. O halda «falabaxan» deyir:
- Süfrəsini aclar açar!
Növbəti dəfə soruşur:
- Süfrəsini kimlər yığışdırar?
Tutaq ki, bu dəfə «alçı» düşdü.
- Süfrəsini uzunqulaqlar yığışdırar!
Bundan sonra «falabaxan» «səqqə»ni sonuncu dəfə ataraq uca səslə soruşur:
- Axırda cənab nə olar?
«Səqqə» hansı üzü üstə düşsə, falına baxılan adamın həyatda həmin mövqeyi tutacağı iddia edilir.
«Falabaxma» oyununun maraqlı olması «falabaxanın» ustalığından çox asılıdır. Həmin uşağın gözəl nitqə, zəngin söz ehtiyatına, məntiqi təfəkkürə, yaradıcı təxəyyülə malik olması oyunu daha maraqlı edir.
Məsələn, belə variantlardan birinə nəzər yetirək.
- Qara, Qara nə Qara?
- Bəy Qara! Bəh, bəh! Sağ ol, aşıq!
Əcəb düz göstərir! Maşallah, yerişi-duruşu, özünü aparmağı, licimi-yaraşığı, ağayanalığı lap bəydir ki, durub!
Hə, ağıllı aşıq, indi bizə de görək, axı
- Onun bəyliyi nədəndir?
- Toxluğundan! Gördünüz, dedim axı mənim aşığım düz deyir! Bəy tox olar da! Qara əsil bəydir! Çünki, toxdur. Ac da bəy olar?
Onda bəs
- Bizim bu tox bəyimizin süfrəsini kimlər açar?
- Aclar! Siz elə güman eləməyin ki, Qara bəy «ac-mac»la oturub-durur. Xeyr! Sadəcə, yemək süfrəsini ancaq acanda açarlar. Acmadan, da yemək olar?!
İndi görək acların açdığı
- Süfrəni kimlər yığışdırar.
- Uzunqulaqlar! Hə.ə.ə.ə.ə?! Doğrudur da!
Bəylər yeyib qurtarandan sonra süfrənin qırıntılarını heyvana-zada verərlər.
- Bəs, bu cənabın axırı nə olar?
- Tox! Get, bala, sənə ölüm yoxdur! Ömrünün sonuna qədər Allahdan ruzin boldur! Toxsan, tox qalacaqsan, tox da öləcəksən!
Dostları ilə paylaş: |