Dil, mədəniyyət, adət-ənənə, psixoloji uklad baxımından ümumi xüsusiyyətlərə və ərazi birliyinə malik insanların tarixən formalaşmış sabit birlikləri etnos adlandırıla bilər.
Etnosla bağlı şərhinə ehtiyac duyulan məsələlərdən biri də etnik proseslərdir.
Cəmiyyət həyatında baş verən etnik proseslər isə iki cür olur:
Etnik birləşmə prosesləri (konsolidasiya, assimilyasiya, inteqrasiya).
Etnik ayrılma prosesləri (bu zaman vahid etnik birlik müxtəlif müstəqil hissələrə bölünür).
XX əsrin 70-ci illərindən başlayaraq dünya miqyasında xalqların öz milli xüsusiyyətlərini, orijinallığını qoruyub saxlaması uğrunda mübarizə və səyləri ilə müşayət olunan proseslər güclənirdi. Bu proseslərin başvermə səbəblərini siyasi baxımdan izah edən araşdırmaçılar iddia edirlər ki, dünyanın ikiyə bölünmüş siyasi qütblərindən birinin çökməsi milli oyanışın əsas səbəbi olmuşdur. Etnik proseslərin qanunauyğunluqlarını tədqiq edən mütəxəssislərin fikrincə isə, əksinə, etnik dirçəliş həm də böyük bir imperiyanın süqutuna, dünya sosializm sisteminin məhvinə gətirib çıxardı. Hər halda, xalqların öz mədəniyyətinin və psixoloji xüsusiyyətlərinin təkrarolunmazlağını təsdiq etmək, milyonlarla adamın etnik eyniliyini təsbit etmək və ya insanların bu və ya digər etnosun nümayəndəsi olduğunu dərk etməsi uğrunda mübarizə kimi xarakterik proseslər məhz bu dövrdə baş verirdi. Həm də etnik oyanış təkcə postsovet məkanını və keçmiş sosializm cəbhəsi ölkələrini deyil, bütün qitələrdə olan çoxsaylı dövlətləri, müxtəlif tipli və müxtəlif inkişaf səviyyəsinə malik xalqları, ölkələri əhatə edirdi.
Bu dövrdə dünyanın sosial həyatında baş verən digər bir prosesin – qloballaşmanın da sürətli inkişafı cəmiyyət həyatında, bir növ, paradoks yaratmış oldu. Bir sıra tədqiqatçılar qloballaşma və etnik oyanış proseslərinin eyni zaman kəsiyində baş verməsini müasir dövrün etnik paradoksu adlandırırlar. Doğrudan da ilk vaxtlar adama elə gəlirdi ki, qloballaşmanın sürətli inkişafı, bütün dünya ölkələrini əhatə etməsi, maddi və mənəvi mədəniyyətlərin unifikasiyası, bir-birinə qovuşması insanların və bütöv xalqların həyatında etnik amillərin əhəmiyyətini azaldacaqdır.
İndinin özündə də bəzi Qərb sosioloqlarının fikrincə, müasir dövrdə etnos anlayışı əvvəlki mahiyyətini və əhəmiyyətini itirmişdir. Onlar iddia edirlər ki, inkişaf etmiş Qərb cəmiyyəti artıq «postnasionalizm» səviyyəsindədir. «Postnasionalizm»in əsas xüsusiyyəti isə odur ki, fərdlər və insan qrupları hər hansı etnosa mənsub olması ilə deyil, müəyyən ölkənin vətəndaşı olması ilə müəyyən edilir. Məsələn, «ABŞ vətəndaşı», «İngiltərə vətəndaşı», «İtaliya vətəndaşı» və s. Ancaq bu konsepsiyanın tərəfdarları azdır və bu konsepsiya real həyatda özünü doğrultmur. Məsələn, etnik heysiyyətlərinə azacıq toxunulduğu təqdirdə həmin «amerikan vətəndaşları» dönüb, yəhudi, erməni, hindu və b. olurlar. Dünya miqyasında baş verən hadisələr zamanı yəhudi diasporu ərəbləri; erməni diasporu türkləri, ingilislər çinliləri və ya koreyalıları dəstəkləmirlər. Buna görə də müasir dövrdə insan cəmiyyətinin inkişaf xüsusiyyətləri və qanunauyğunluqlarının tədqiqi göstərir ki, etnik oyanış bəşəriyyətin inkişafının əsas cəhətlərindən biridir və qloballaşma cəmiyyətin inkişafında etnik amillərin rolunu məhv edə bilməz.
Dostları ilə paylaş: |