Mənəvi məsuliyyət formalaşmasına xidmət edən üsullar bunlardır:
- söz vermək (və ya söz verdirmək);
- and içmək (və ya and içdirmək);.
Bu üsullar mahiyyətinə görə həm əxlaqi şüur və əqidənin formalaşmasına xidmət edən üsullardan, həm də əxlaqi hərəkətin dəfələrlə təkrarına əsaslanan üsullardan fərqlidir. Əxlaqi şüur və əqidənin formalaşmasına xidmət edən üsulların başlıca cəhəti insanı tərbiyəvi hərəkətin zəruriliyinə inandırmaqla onda əqidə yaratmaqdır. Bu üsullar əxlaqi hərəkətin düzgünlüyünə inam formalaşdırdığından adam başqalarının nəzarəti olmadan da tərbiyəvi işi yerinə yetirir. Əxlaqi hərəkətinin cəmiyyət tərəfindən bəyənilmədiyini gördükdə isə müəyyən təshihlər aparır, bir də «götür-qoy» edir, tərbiyəvi situasiyanı yenidən dəyişə bilir.
Mənəvi məsuliyyət formalaşmasına xidmət edən üsulların tətbiqi zamanı baş verən tərbiyəvi aktı isə, düzgün olmasa belə, dəyişmək mümkün deyil, verdiyin sözü mütləq yerinə yetirməli, içdiyin anda mütləq sadiq qalmalı olursan.
Yaxud da əxlaqi hərəkətin dəfələrlə təkrarına əsaslanan üsulların başlıca ümumi cəhəti insanın müəyyən əxlaqi keyfiyyətə yiyələnməsi üçün onun dəfələrlə təkrarına əsaslanır. Mənəvi məsuliyyət formalaşmasına xidmət edən üsulların tətbiqi isə bir dəfə verilmiş sözün icrasına əsaslanır. Məsələn, söz vermək üsulu. Azərbaycan xalq pedaqogikasında verilmiş sözü yerinə yetirməyin zəruriliyinə dair çoxlu sayda misallara rast gəlmək mümkündür. Məşhur fransız yazıçısı və səyyahı A.Dümanın yazdığı kimi: «Azərbaycanlı ilə bir şey barəsində sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur, söz verdi, qurtardı».
Xalq pedaqogikasında vətəndaşlıq hüququ qazanmış bu keyfiyyət məhz «sözünün ağası» olan insanların xalq içərisində tərbiyəsi nəticəsində formalaşmışdır.
Bəzən müxtəlif üsulların köməyi ilə formalaşdırıla bilməyən əxlaqi keyfiyyət bircə dəfə «kişi kimi söz verməklə» aşılana bilir. Xalq arasında söz verdirmək daha çox müəyyən pis adətin tərgidilməsi, naqis hərəkətdən çəkindirmək üçün istifadə edilir. Bu zaman iki yanaşma ola bilir:
- ya el arasında çox böyük nüfuza malik bir adam həmin uşaqla heç kimin iştirakı olmadan fərdi söhbət edir və ondan söz verməsini tələb edir;
- və ya naqis hərəkət etmiş uşaq öz yoldaşlarının, əksər hallarda qohum-əqrəbanın qarşısında söz verir.
Hər iki halda tərbiyəvi təsir çox güclüdür. Hörmətli ağsaqqalın, el-obanın qarşısında verdiyi sözə əməl etməmək rüsvayçılığa bərabər tutulduğundan, əksər hallarda naqis hərəkətin təkrarına yol verilmir.
Dostları ilə paylaş: |