ilk qaynaqlar
Azərbaycan atalar sözləri sistemli və elmi şəkildə toplanana qədər bir sıra qədim abidələrdə öz əksini tapmışdır. Belə abidələrdən biri Ümumtürk ədəbiyyatının şah əsərlərindən biri olan «Kitabi-Dədə Qorqud»dur. «Kitabi-Dədə Qorqud»un Azərbaycan xalqının mədəni tarixi və mənəviyyatı haqda çox əhəmiyyətli mənbə olduğunu nəzərə alıb, buradakı atalar sözləri barədə, nisbə-tən, ətraflı dayanmaq lazımdır.
Dastanda atalar sözləri müqəddimədən başlayaraq müəyyən sistemlə düzülmüşdür. Əvvəlcə insanın taleyinə, qismətinə, hər şeyin, hər bir işin Allahın əlində olduğuna aid atalar sözləri verilmişdir:
Allah-Allah deməyincə işlər düzəlməz.
Qadir Allah verməyincə kişi varlanmaz.
Əzəldən yazılmasa, qul başına qəza gəlməz.
Əcəl vaxtı çatmayınca, kimsə ölməz.
Ölən adam dirilməz, çıxan qan geri gəlməz.
Diqqət edilsə, bu atalar sözləri, hər şeydən əvvəl, Allahın qüdrətinə işarə edib, bütün yaradılanların ancaq Ondan diləmələrini, nicat yolunun ancaq Onun ixtiyarında olduğunu göstərir: «Allah-Allah deməyincə işlər düzəlməz», «Qadir Allah verməyincə, kişi varlanmaz». Eyni zamanda, bu qisim atalar sözləri insanları səbrə, dözümə, dünyanın gərdişi, həyatın pozulmaz qanunları ilə barışmağa çağırır. Həyatda elə hadisələr vardır ki, insan iradəsindən asılı deyildir, insan onların gedişinə, nəticəsinə, müddətinin artırılıb-azaldılmasına müdaxilə edə bilməz. «Əzəldən yazılmasa, qul başına qəza gəlməz». Doğrudan da, başına gələn hadisənin onun iradəsindən asılı olmadığı ilə barışan insan, artıq təlaş keçirmir, ah-vayla ora-bura əl atmır, rahat olur. Yəni depresiyadan uzaq olub, öz psixoloji halını nizamlaya bilir, diqqətini və fəaliyyətini həyatın digər sahələrinə, anlarına yönəldə bilir. «Əcəl vaxtı çatmayınca, kimsə ölməz», «Ölən adam dirilməz, çıxan qan geri gəlməz».
Bir igidin Qara dağ yumrusunca malı olsa, yığar-toplayar, qismətindən artığını yeyə bilməz.
Bu atalar sözünün anlamı odur ki, çoxlu var-dövlət toplamaqla özünü tam təmin olunmuş hesab etmək, həyatının başqalarınınkından tam fərqli olacağına ümid bəsləmək düz deyil. Hər kəs öz qisməti qədər yeyə bilər.
Bundan sonrakı atalar sözləri həyatın çox mürəkkəb olmasına, qoca dünyanın gərdişini dəyişməyə hətta ən qüdrətli, coşub-daşan insanların belə gücü çatmayacağına işarə edir.
Qovuşaraq sular daşsa, dəniz dolmaz.
Təkəbbürlük eyləyəni Tanrı sevməz.
Könlünü uca tutan adamda ağıl olmaz.
Son iki atalar sözünün izahı onlarda daha incə bir məqam olduğunu aşkara çıxarır. Təkəbbürlük etməyin naqis xüsusiyyət olması, Allaha xoş gəlmə-məsi xalqın əxlaq haqqındakı təlimində çox ciddiyyətlə tənqid edilir. İslam əxlaqına dair araşdırmalar göstərir ki, təkəbbürlülük bir neçə dərəcəyə bölünür:
Birinci dərəcə: Allaha (c.c.) qarşı olan təkəbbür. Buna misal olaraq «Quran»da adı çəkilən Nəmrudun, Fironun və şeytanın, həmçinin Allaha qul olmaq adından utanıb, Allahlıq iddiasında olanların təkəbbürünü göstərmək olar. Halbuki, Allah-Təala (c.c.) buyurur ki, «Nə İsa), nə də Allaha yaxın mələklər, Allaha qul olmaqdan utanmadılar. Allah Ona ibadət etməyi özünə ar bilənlərin və təkəbbür göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır» (Nisa surəsi, 172-ci ayə).
Dostları ilə paylaş: |