«Etnopedaqogika» istilahını ilk dəfə yeni elm sahəsi kimi pedaqoji ədəbiyyata gətirən məşhur çuvaş alimi G.N.Volkov 1966-cı ildə «Çuvaş xalqının etnopedaqogikası», 1974-cü ildə «Etnopedaqogika» adlı fundamental əsərlər çap etdirdi. 2000-ci ildə «Etnopedaqogika» əsərinin düzəlişlər edilmiş və tamamlanmış 2-ci nəşrini orta ixtisas və ali pedaqoji məktəblərin tələbələri üçün dərslik kimi nəşr etdirdi. İlk etnopedaqogika dərsliyi olan bu kitabda milli-regional və etnik tərbiyə mədəniyyəti xarakterizə edilir, etnopedaqogikanın mühüm mövzuları: etnopedaqoji sistem milli və bəşəri fenomen kimi, pedaqoji təkamül; xalq tərbiyəsinin faktorları, metodları, vasitələri və priyomları, xalq pedaqogikasının müasir funksiyaları öz əksini tapmışdır.
Bu mərhələdə Özbəkistanda Z.Mirtursunovanın, E.Rəhmanovanın, B.Kadırovun, A.K.Minovarovun, Q.U.Ubaydullayevin1, Qırğızıstanda T.Ormanovun, S. Saipbayevin, B.Apışevin, Ə.E.İzmaylovun2, Qazaxstanda N.Kuşekbayevin, İ.Oşirbayevin3 tədqiqatları nəşr olundu. Həmçinin S.Beşimovun, Ş.M.-X. Arsaliyevin K.Pirliyevin, V.F.Afansyevin, Ş.A.Mirzoyevin, N.V.Silistrarunun, İ.A.Çurikovun4 və bir çox başqalarının da əsərlərini misal gətirmək olar. Xüsusilə son dövrlərdə internet saytlarında etnopedaqogikaya dair çoxsaylı tədqiqlər barədə məlumat gənc nəslin təlim-tərbiyəsi işində bu elmin imkanlarından istifadənin zəruriliyi haqda pedaqoji elmin və ictimaiyyətin dərin inamından xəbər verir.
Bu mərhələdə Azərbaycanda da ciddi tədqiqatlar aparılmış, Azərbaycan etnopedaqogikasına dair sanballı əsərlər meydana çıxmışdır. Və bu iş professor Əliheydər Həşimovun adı ilə bağlıdır.
Ə.Ş.Həşimov, hələ 1953-cü ildən Azərbaycan xalq pedaqogikası ilə məşğul olmağa başlamışdır. O vaxtlar zəhmətkeş xalqa və onun zəngin yaradıcılığına, icadçılıq qabiliyyətinə, əsrarəngiz folkloruna, tarixi irsinə, tərbiyə sahəsindəki təcrübəsinə, fikir və ideyalarına dodaq büzən bəzi üzdəniraq ziyalıların xilafına olaraq, Ə.Ş.Həşimov xalqın pedaqoji hikmətinin əsl həyat məktəbi olduğuna qəti şəkildə inanmış və şüurlu həyatını bu xalqın misilsiz yaradıcılıq nümunələrinin tədqiqinə və pedaqoji təhlilinə həsr etməyi qərarlaşdırmışdır. «Azərbaycan xalq nağılarında və atalar sözlərində əqli və əxlaqi tərbiyəyə aid fikirlər» mövzusunu özünə namizədlik dissertasiyası kimi seçən Ə. Ş. Həşimovun familiyası müxtəlif mətbuat səhifələrində tez-tez görünməyə başladı. («Xalq ədəbiyyatını öyrənin» («Azərbaycan pioneri» 28.09.1956), «Azərbaycan xalq nağıllarının və atalar sözlərinin təlim-tərbiyəvi əhəmiyyəti haqqında» («Azərbaycan məktəbi», j. 1956, № 10), «Xalq hikməti» («Azərbaycan» jurnalı, 1956, № 12), «Azərbaycan xalq nağılları və atalar sözlərinin tədrisində şagirdlərin əqli tərbiyəsi məsələləri haqqında» («Azərbaycan dili və ədəbiyyat tədrisi» metodik məcmuəsi, 1957-ci il, I buraxılış və s.). Oxucuların, o cümlədən alim, pedaqoq və filoloqların rəğbətlə qarşıladıqları bu əsərdə müəllif təkcə Respublikada deyil, keçmiş SSRİ ərazisində, demək olar ki, ilk dəfə nağıllar və atalar sözlərinin timsalında xalq yaradıcılığı materiallarını pedaqoji təhlilə cəlb etdi və onları xalq pedaqogikasının dəyərli yadigarları kimi qiymətləndirdi. Həmin sahədəki araşdırmalarını tədricən genişləndirərək, o, 1970-ci ildə «Azərbaycan xalq pedaqogikası» mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. Həmin ildə onun «Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri» adlı monoqrafiyası da nəşr olundu.
Prof. Ə.Ş.Həşimovun yuxarıda adını çəkdiyimiz monoqrafiyası 256 səhifə həcmində olub, girişdən, yeddi fəsildən və ümumi nəticədən ibarətdir. «Bir neçə söz» başlığı altında verilmiş giriş hissəsində müəllif keçmiş irsə ehtiramlı münasibətin vacibliyindən, həmin irsin mühüm bir hissəsini xalqın təlim-tərbiyə sahəsindəki təcrübəsinin təşkil etdiyindən, bu təcrübədən nəsillərin, o cümlədən bütün dövrlərin və xalqların ən qabaqcıl övladlarının bol-bol bəhrələndiyindən görkəmli tarixi şəxsiyyətlərin həmin təcrübəyə yüksək qiymət verdiyindən və s. çox yığcam şəkildə bəhs edir.
Fəsillər isə belə adlandırılır: I fəsil - «Folklor – xalq pedaqogikasının qiymətli yadigarı və milyonların tərbiyə məktəbi kimi»; II fəsil – «Xalq pedaqogikasının ümumi əsasları və xüsusiyyətləri»; III fəsil - «İnsan şəxsiyyətinin təşəkkülünə təsir göstərən amillər»; IV fəsil – «Fiziki tərbiyə məsələləri»; V fəsil - «Əmək tərbiyəsi məsələləri»; VI – fəsil «Estetik tərbiyə məsələləri»; VII fəsil - «Əqli təhsil məsələləri» və «Ümumi nəticə».
Prof. Ə.Həşimovun xalq pedaqogikasına həsr olunmuş əsərlərinin sırasına «Düz sözün kəsəri» (Bakı, 1967), «Azərbaycan xalq pedaqogikasından mühazirələr» (Kirovabad, 1967), «Azəri xalq pedaqogikasının ümumi əsasları və xüsusiyyətləri» (Kirovabad, 1967), «Azərbaycan xalq pedaqogikasından iki mühazirə» (Kirovabad, 1969), «Xalq pedaqogikasında tərbiyənin üsul və vasitələri» (Bakı, 1980), «Gənc nəslin tərbiyəsində tarixi irsin əhəmiyyəti və onun öyrədilməsi yolları» (Bakı, 1984), «Pedaqogika kursunun tədrisində xalq hikmətindən istifadə» (Bakı, 1991), «Azərbaycan xalq pedaqogikası antologiyası» (F.B.Sadıqovla birlikdə, Bakı, 1993) və sair kitab və kitabçalar, həmçinin 60-dan artıq jurnal məqaləsi daxildir.
Yeri gəlmişkən deyək ki, professor Ə. Ş. Həşimov «Çeçen-İnquş şifahi xalq yaradıcılığında mütərəqqi pedaqoji ideya və ənənələr, ümumtəhsil məktəbləri IV-VIII sinif şagirdlərinin əxlaq və əmək tərbiyəsində onlardan istifadə» mövzusunda dissertasinı, 1983-cü ildə Tbilisidə müdafiə edən Qroznı Dövlət Universitetinin müəllimi N. B. Bitiyevanın da elmi rəhbəri olmuşdur. O, eyni zamanda «Özbək xalqının mütərəqqi əmək ənənələri və yuxarı sinif şagirdlərinin peşə yönümündə onlardan istifadə» mövzusunda tədqiqat yazıb, 1984-cü ildə Kazan şəhərində müdafiə edən Q.C.Baybekovanın, «Dağıstan xalq pedaqogikasında tərbiyənin məzmunu, forma və metodları» mövzusunda 1987-ci ildə Rostov-Donda namizədlik dissertasiyası müdafiə edən Ş.A. Mirzoyevin birinci rəsmi opponenti olmuşdur. Xalq pedaqogikası məsələlərinə həsr olunmuş yüzə yaxın namizədlik və doktorluq əsərlərinə isə qeyri-rəsmi opponentlik etmiş, rəy yazıb göndərmişdir. Bunun nəticəsidir ki, keçmiş SSRİ respublikalarında xalq pedaqogikası sahəsində 60-cı illərdən çağdaş günlərimizədək doktorluq və ya namizədlik əsəri müdafiə edən pedaqoqlardan, yaxud həmin sahədə kitab, monoqrafiya yazan alimlərdən elə birisini tapmaq olmaz ki, o, öz əsərində Ə. Ş. Həşimovdan iqtibas gətirməmiş keçinsin və ya Azərbaycan aliminə öz minnətdarlığını bildirməmiş, ondan məsləhət almamış olsun. Bu, xalq pedaqogikası sahəsində həmyerlimizin böyük nüfuza malik olduğunu və unudulmaz xidmətinin açıq-aydın təsdiqləyən faktlardandır.
Azərbaycan etnopedaqogikası sahəsində Əliheydər Həşimovun ideyaları və xidməti onun yaratdığı məktəbin üzvləri tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Etnopedaqoji mövzulara həsr olunmuş dissertasiyalar müdafiə edilir, sanballı məqalələr və kitablar nəşr olunur. Bu tədqiqatçılardan İ.B.Həşimovu («Xalqın tərbiyəvi ideya, adət və ənənələrinin Azərbaycan pedaqoji fikrinin formalaşmasına təsiri və onlardan müasir məktəb təcrübəsində istifadə» («Kitabi-Dədə Qorqud materialları üzrə». Pedaq.elm.nam....dis.Bakı, 1987); A.N.Kazımovu («Heykəltəraşlıq abidələri vasitəsilə şagirdlərin inqilabi döyüş və əmək ənənələri ruhunda tərbiyəsi». (Pedaq.elm.nam. ...dis. Tbilisi, 1988); İ.Q.Xəlilovu («Folklorda ailə tərbiyəsi məsələləri və uşaqların tərbiyəsində onlardan istifadə». Pedaq.elm.nam. ... dis. Bakı, 1989); X.İ.Səlimxanovanı («Məktəbəqədər yaşlı uşaqlarda əxlaqi keyfiyyətlərin formalaşmasına şifahi xalq yaradıcılığı nümunələrinin təsiri». Pedaq. elm.nam.... dis. Bakı, 1999); Z.Q.Rəsulovu («Məktəblilərin əməksevərlik tərbiyəsində xalqın əməklə bağlı mütərəqqi adət-ənənələri və fikirlərindən istifadə». Pedaq. elm.nam. ... dis. Bakı, 1990); N.İ.Babayevanı («Yuxarı sinif şagirdlərinin iqtisadi tərbiyəsində xalq pedaqogikası materiallarından istifadə (Azərbaycan xalq pedaqogikası və ümumtəhsil məktəblərinin materialları əsasında. Pedaq. elm.nam. ... dis. Bakı, 1992); J.Ə.Mustafayevanı («Şagirdlərin vətənpərvərlik tərbiyəsində xalq pedaqogikası materiallarından istifadə». Pedaq. elm.nam. ... dis. Bakı, 1992); H.A. Həmidovu («Azərbaycan milli oyunlarının sosial pedaqoji mahiyyəti və tərbiyə işində onlardan istifadə». Pedaq. elm.nam. ... dis. Bakı, 1994); İ.İ.Əliyevi («Orta ümumtəhsil məktəblərində təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsinə etnopedaqoji materiallardan istifadənin təsiri». Pedaq. elm.dok. ... dis.Bakı, 2003); S.Q.Həsənovanı («Ailə tərbiyəsinin səmərəli təşkilində etnopedaqoji materiallardan istifadənin imkan və yolları». Pedaq. elm.nam. ... dis. Naxçıvan, 2005); T.V.Rüstəmlini («V-IX sinif şagirdlərinin ailə həyatına hazırlanmasında etnopedaqoji materiallardan istifadə üzrə işin imkan və yolları». Pedaq. elm.nam. ... dis. Naxçıvan, 2006) göstərmək olar.
Bir məsələ də qeyd olunmalıdır ki, postsovet məkanında aparılan etnopedqoji tədqiqatların, demək olar ki, böyük əksəriyyəti qeyri-rus xalqların xalq pedaqogikası problemlərinə həsr olunmuşdur. Hətta qüdrətli SSRİ dövlətinin ən güclü vaxtlarında belə etnopedaqogikanın bir elm kimi yaradıcıları və onun əsas inkişaf perspektivlərini müəyyən edənlər, əsasən, rus olmayan xalqların nümayəndələri olmuşlar.
Bir az əvvəldə göstərilən və adlarını çəkmədiyimiz bir çox müəlliflərə və onların tədqiqatlarına diqqət yetirmək fikrimizin doğruluğunu təsdiq edə bilər. Doğrudur, etnopedaqogika sahəsində araşdırma aparan tədqiqatçılardan milliyyətcə rus olanları vardır. Amma onların da az bir hissəsi istisna olmaqla, demək olar ki, əksəriyyəti qeyri-rus xalqların etnopedaqoji görüşlərini tədqiq etmişlər.
Fikrimizcə, bu vəziyyət iki səbəbdən irəli gələ bilər:
Dostları ilə paylaş: |