İsmayil əLİyev


Uşaqların fiziki inkişafı



Yüklə 1,12 Mb.
səhifə66/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   110
Uşaqların fiziki inkişafıuşağa düzgün qulluq, normal yuxu, qidalan­dırma, təbii amillərdən mümkün qədər səmərəli istifadə, hərəki vərdişlərin fasilə­sizliyi kimi məsəlləri əhatə edir. Bu məsəllərdən hər biri haqda xalq təcrübəsini, görüşlərini özündə hifz edib saxlayan atalar sözləri vardır.

  • Uşağın tərbiyəsinə onu çarpayının eninə uzadanda başlamaq lazımdır.

  • Dörd göz bir uşaq üçündür.

  • Uşaq yıxıla-yıxıla böyüyər.

  • Uşaqlar yeyəndən sonra, böyüklər yatandan sonra sağlam olur.

  • Uşaqlar uyuya-uyuya böyüyər, qocalar uyuya-uyuya ölər.

  • Uşaq evdə böyüyər, balıq göldə.

Bu atalar sözlərində uşağın fiziki inkişafından, anatomik böyüməsindən bəhs edilir. Həmçinin bu sahədə ailənin rolundan, bir növ, vəzifələrindən də danışılır.

«Uşaq evdə böyüyər, balıq – göldə» deməklə ona işarə edilir ki, balığın böyüməsindən ötrü münasib şərait hər hansı su yığnağı deyil, məhz göl olduğu kimi, uşağın böyüməsi üçün də ən yaxşı mühit evdir, ailədir. Çünki, burada uşağın sağlam böyüməsindən ötrü isti ocaq, yaxşı qulluq, normal yuxu üçün şərait, hər şeydən ümdəsi isə balasının normal inkişafı üçün hər cür zəhmətə hazır olan ata-ana vardır. «Dörd göz bir uşaq üçündür» kəlamı da valideynlərin uşağın böyüməsində qayğısını, məsuliyyətini göstərir.

«Uşaqlar yeyəndən sonra... sağlam olur» ifadəsi ailədə uşaqların qidalan­masının daim diqqət mərkəzində saxlanmasının vacibliyini göstərir. Lakin uşaqların sağlam böyüməsi üçün təkcə qidalanmaq kafi deyildir. Uşağın normal yuxusunun təmin olunması vacibdir. «Körpə nə qədər çox yatsa, rahat yatsa, o qədər tez böyüyər, sağlam olar» deyirlər. Təsadüfi deməyiblər ki, «çağanın əlinin içini təmizləməzlər, onda yuxusu qaçar». Müasir elmi araşdırmalar göstərir ki, çağalıq dövründə uşaq normal böyüməkdən ötrü gündə azı 15 saat yatmalıdırlar. Buna görə də ulu atalar «uşaq uyuya-uyuya böyüyər...» demişlər. Yeri gəlmişkən, yaşa dolduqca çox yatmaqdansa, çox hərəkət etməyin vacibliyini göstərmək istəyən atalar «qocaların uyuya-uyuya öləcəklərinə» işarət etmişlər.

«Uşaq yıxıla-yıxıla böyüyər» atalar sözü də fiziki inkişafın təşkili baxımın­dan əhəmiyyətlidir. Yəni hamıya məlumdur ki, ayaq üstə yenicə duran uşaq birdən-birə yürüyə bilməz. Addım-addım atar, müvazinətini saxlaya bilməyib yıxılar, durar, yeriyər və s. Yalnız müəyyən müddət yıxıla-dura hərəkətlərindən sonra yerimək vərdişi yaranar. «Uşaq yıxıla-yıxıla böyüyər» atalar sözü həm də ata-anaya düzgün tərbiyə metodikası öyrədir. Yəni bu, adi haldır, qoy, uşaq yıxılanda, özü dursun ki, ilk gündən tərbiyəsi də düzgün təşkil olunsun. Təcrübə göstərir ki, uşaq yıxılan kimi valideyn «off» deyərək ona tərəf qaçıb, onu qaldırırsa və bu həmişə təkrar olunursa, bir müddətdən sonra uşaq mütləq kömək gözləyir. Belə kömək olmayanda ağlayır, çağırır, ərköyünlük yaranır.

Ailə tərbiyəsinə dair atalar sözlərinin əksəriyyəti uşaqların tərbiyəsində ata-ananın, baba-nənənin həlledici rola malik olduğunu göstərir. Xalq bilir ki, uşağın taleyi, gələcək həyatı üçün heç kim ata-ana qədər maraqlı ola bilməz. Çünki valideynlərdə Allahın verdiyi əbədi övlad sevgisi, övlad məhəbbəti vardır.



  • Min xala yığılsa da, bir ananı əvəz edə bilməz.

  • Ana bala ucundan özünü oda yaxar.

  • Ata oğlunun pisliyini istəməz.

  • Ananın canı övladdadır.

  • Uşağı yemək böyütməz, fərəh böyüdər.

Bu atalar sözlərinə diqqət etdikdə, görünür ki, uşaqların ailədə tərbiyəsinin üstünlüyü valideyn məhəbbəti, sevgisidir. Körpələrin digər ehtiyacları ilə yanaşı sevgiyə olan ehtiyaclarının da ödənilmə­sinə diqqət yetirilməlidir. Bu sevgini isə ona anadan, atadan yaxşı heç kim göstərə bilməz. Atalar «Ana bala ucundan özünü oda yaxar», «Ananın canı övladdadır» dedikdə, məhz bu sev­ginin uşağa göstəril­məsini, uşaqların daim bu sevgini duymasının zəruriliyini nəzər­də tutmuşlar. Uşağın bütün sonrakı həyatında bu sevginin izləri həmişə qalır. Adamlar həyatı, ətrafı, başqalarını, yaxşı olanı sevməyi məhz valideyn sevgisinin onlarda yaratdığı psixoloji təməl üzərində qururlar. Bir tədqiqatda deyildiyi kimi:

«İnsan oğlu sevmə qabiliyyətini sevilə-sevilə qazanır. Sevmə­dən öncə sevil­məyi öyrənir. Türkcəmizdə bunu bəlli edən bir çox ata sözü tapa bilərik. Məsə­lən, «Sən sevərsən yavrunu, o da sevər yavrusunu» sözü bu gerçəyi vurğulamağa yetər... Adam yetərincə almadığını başqaları ilə paylaşa bilməz... çocuqluqda sevginin ana və ata kimi bir-iki qaynaqdan alınması önəmlidir» (17, 137).


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin