İsmayil əLİyev


Tapmacalar müqayisə etmək, qarşılaşdırmaq, tutuşdur­maq qabiliyyət və bacarıqlarının inkişafı üçün də geniş imkan­lara malikdir



Yüklə 1,12 Mb.
səhifə84/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   110
Tapmacalar müqayisə etmək, qarşılaşdırmaq, tutuşdur­maq qabiliyyət və bacarıqlarının inkişafı üçün də geniş imkan­lara malikdir. Ümumiyyətlə, tapma­cada haqqında bəhs olunan əşya və hadisəni əlamətlərinə görə tapmaq üçün fikirləşən uşaq məcbur olur ki, əvvəlcədən tanış olduğu, təsəvvürünə gətirə bildiyi məlum əşya və hadisələrdəki əlamətlərlə söylənilən əlamətlər arasında müqayisə aparsın, onların uyğun gəlib-gəlmədiyini yoxlasın, müəyyən etsin, tutuşdursun.

Məsələn,


Üstü qoyun,

Altı keçi,

Başı şabalıd,

Quyruğu qayçı.
Bu tapmacanın cavabını tapmaq istəyən adam məcburdur ki, haqqında danışılan əşyanın (indiki halda qaranquşun) üstünü – qoyunun, altını – keçinin, başını – şabalıdın, quyruğunu da qayçının müəyyən müvafiq əlaməti ilə müqayisə etsin. Yeri gəlmişkən qeyd etmək istəyirik ki, bu situasiyada da müəllimin istiqamətləndirici sualları (məsələn, daha hansı əşyada bu əlamətlər ola bilər?) həlledici rol oynaya bilər.

Tapmacaların didaktik əhəmiyyətindən danışarkən onların təhlil-tərkib əməliyyatları, mücərrədləşdirmə, ümumiləş­dir­mə, əqli nəticələr çıxarma kimi təfək­kür qabiliyyət və bacarıq­larının formalaşdırılması, inkişaf etdirilməsi imkan­­ları olduğu da nəzərdən qaçmamalıdır. Tapmacaların bir çoxunda təhlil-tərkib əmə­liyyatları aparmadan cavabı tapmaq mümkün deyildir. Məsələn,
Bir təpədə yeddi bulağım var:

İkisinin suyu şordur.

İkisininki – şortəhər.

Biri şirindir, ikisi zəhər.
Bu tapmacada verilmiş «təpə» tamdır və onun yeddi hissəsini müəyyən etmək üçün ayırmaq, təhlil etmək tələb olunur. Tapmacanın cavabını tapmaq istəyən adam «təpə»dəki – başdakı hansı iki «bulağın» suyunun şor (goz yaşı), hansı ikisinin «şortəhər» (burunun dəliklərindən axan su), hansının «şirin» (ağız suyu) və hansının «zəhər» (qulaq suyu) olduğunu təhlil-tərkib əməliyyatları aparmaqla müəyyən edir.

Və ya başqa bir tapmacaya fikir verək:


Əzizim biri iki,

Sağı, solu, biri iki,

Bir əlamət görmüşəm

Dördü üçdür, biri iki.
Bu tapmacanın cavabının tapılmasında təhlil-tərkib əməliyyatlarının sıra­lanması bu cürdür: Axtarılan «əlamət» ümumidir, tam olandır. Onun «sağı və solu» vardır, eyni şeyin «biri ikidir». Həmin əlamətin dörd elə tərkib hissəsi vardır ki, onların hər biri özü üç hissədən ibarətdir və ya «üç ədəddir», digər bir tərkib hissəsi isə «iki» yerə bölünür. Cavabı əl və barmaqlar olan bu tapmacada da fikir təhlil və tərkib şəklində verilmişdir. Beləliklə, tapmacalarda təhlil və tərkibin birlikdə verilməsi cavabı tapmağa çalışan adamı məcbur edir ki, tamı tapmaq üçün hissələri təhlil etsin və hissələri araşdırarkən də tamı, ümumini, bütövü yaddan çıxarmasın. Bu cür fikri əməliyyatların ümumiləşdirmələr apar­maq, əqli nəticə çıxarmaq bacarıq və qabiliyyətlərinin inkişafına müsbət təsir göstərdiyini isə xüsusi olaraq sübut etməyə heç bir ehtiyac yoxdur.

Yuxarıda deyilənlərdən aydın olur ki, tapmacaların əsas funksiyalarından biri uşaqların əqli tərbiyəsi, onları həyatın müx­təlif sahələrinə dair biliklərlə silah­­landırmaq, zehnini, mürəkkəb təfəkkür əməliy­yatları aparmaq qabiliyyət­lərini inkişaf etdirmək, hafizəsini möhkəmlən­dir­mək­dir.

Ancaq tapmacaların əhəmiyyəti bununla bitmir. Onlarda uşaq şəx­siy­yətinin müxtəlif keyfiyyətlərinin formalaşması üçün də geniş imkanlar vardır. Tapma­caların bir çoxu ətraf aləm haqda biliklər verməklə kifayətlənməyib, onlarda doğma təbiətə vurğun­luq, onun gözəlliklərinin saya gəlməməsi və bu gözəl­liklərin qorunmasına ehtiyac olması barədə xeyirxah hisslər yaradır. Tapma­ca­larda verilən məlumat əsas məqsədlə yanaşı həm də uşaqlarda estetik hisslər yarada bilir:


Bu meşə gül meşəli,

Altı tər bənövşəli,

Bir kişinin min oğlu

Hamısı bir peşəli

(arı)
Meşədə bir qız gördüm, gözləri şəhla,



Düşdüm onun izinə, qaldım tək-tənha

(ceyran)
Və ya: «Dünyada hamıdan güclü kimdir?» sual-tapma­casının cavabı məhz insa­nın öz ağlı ilə bütün təbiət qüvvə­lə­rindən üstün olduğunu göstərir. Bu tap­ma­canın nağıl növü bir tərəfdən təbiət qüvvələrinin, təbii amillərin xüsusiyyətləri haqda məlumat verirsə, digər bir tərəfdən xalqdan güclü bu dünyada bir qüvvə olmadığını sübut etməklə uşaqların əxlaqi keyfiyyətlərinin formalaşmasına kömək­lik etmiş olur.

Yaxud belə bir tapmacaya fikir verək:

O nədir ki, baldan şirindir, zəhərdən acı.

Cavabı insan dilidir. İnsanın dili haqda bir çox tapmacalar vardır. Məsələn,




  • İki dağ arasında

Yunis balığı


  • Bir zağada bir tikə ət,

Yaşdı, yeri qurumaz,

Nəmişlikdə çürüməz.



  • Otuz iki divar arasında,

Xan otağında.


  • Altı inci, mirvari,

Üstü inci, mirvari.

Arasında bir yarpaq və s.

Amma yuxarıda göstərilən tapmacada insan dilinin cismani xüsusiyyətlə­rindən, əlamətlərindən yox, mənəvi xüsusiyyətindən, nitq vasitəsi olmasından bəhs olunur. Həm də əgər müəllim-tərbiyəçi tərəfindən dilin baldan şirin və zəhərdən acı olmasının insandan asılı olduğu izah edilirsə (əslində, mütləq izah olun­malıdır) uşaqlarda mühüm əxlaqi keyfiyyətlər formalaşdırmaq imkanı yara­nır.




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin