Küsmək – danışdırmamaq. Nəinki uşaqlar arasında, böyüklərlə uşaqlar arasında, hətta böyüklərin özləri arasında tətbiq edilən xalq tərbiyə üsuludur. Üsulun elmi pedaqogikada tətbiqi səmərəsiz, yersiz alınar və nadir hallarda istifadə olunar. Xalq pedaqogikasında isə məsələ başqa cürdür.
Məlumdur ki, xalq pedaqogikası xalqın gündəlik həyat tərzi, məişəti, əməyi, davranışı, sevinci, kədəri, bayramı, yası, xeyiri, şəri ilə bilavasitə əlaqədar prosesdə formalaşır və toplumun gündəlik həyati qanunları ilə şərtlənir. Burada bütün ailə, icma, el-oba hər dəqiqə bir-biri ilə ünsiyyətdə, təmasda, qarşılıqlı münasibətdə olur. Hər bir ailədə və qohum-əqrəba arasında müəyyən narazılığın yayılması, bilinməsi yaxşı hal sayılmırdı. Buna görə də yaşlılar uşaqları çox vaxt küsməklə qorxudurdular. Kiçik yaşlı uşaqlara tətbiq edilən «küsmək» müəyyən əxlaqi hərəkət barədə bir neçə dəfə edilən xəbərdarlıqdan, məzəmmətdən sonra baş verir və adətən, qısa bir müddət ərzində davam edir. Bu cəzalandırma növündən istifadə zamanı iş elə qurulmalı, cəza elə tətbiq edilməlidir ki, uşaq cəzadan qorxduğu üçün deyil, valideyn məhəbbətini itirmək istəmədiyindən müsbət hərəkətə meyl etsin.
Dostları ilə paylaş: |