Birincisi: xalqların milli-azadlıq mübarizəsinin təzahürü kimi. Keçmiş SSRİ-də milli məsələnin siyasi, sosial və mənəvi tərəfləri ətraflı tədqiq olunmuşdur. Müttəfiq Respublikalarda milli mədəniyyətlərin sıxışdırılması, Rusiyada ucdantutma ruslaşdırma siyasəti 50-ci illərin sonlarına yaxın ifrat dərəcəyə çatdı. Məhz bu zamandan etibarən Rusiyada tamamilə, müttəfiq respublikalarda isə hiss olunacaq dərəcədə, milli məktəblər rus dilli məktəblərlə əvəz olundu. V sinifdən etibarən bir sıra texniki-peşə və orta ixtisas məktəblərində ana dili və ədəbiyyatı fənni ləğv edildi, ana dilində ədəbiyyat nəşri kəskin surətdə azaldıldı.
70-ci illərin əvvəllərindən başlayaraq rus dili SSRİ xalqlarının millətlərarası ünsiyyətinin əsas vasitəsi kimi ümumtəhsil məktəblərində inzibati-amirlik qaydasında «dərinləşdirilmiş» şəkildə tədris olunmağa başladı. Ana dilində təhsil, xüsusilə təhsilin məzmunu təkcə orta məktəbdə deyil, ibtidai məktəblərdə də sıxışdırılmağa başladı. Rusiyada bütövlüklə, «ucqarlarda» isə qismən, qeyri-rus xalqların «milli məktəbləri»ndə təhsil rus dilində aparılırdı, ana dili və ədəbiyyatı isə bir fənn kimi tədris olunurdu. Bu vəziyyət ona gətirib çıxardı ki, bir neçə nəsil milli mədəniyyətdən kənar, ruslaşdırılmış hibrid bir mədəniyyətin təsiri altında tərbiyə almalı oldu ki, bu da böyüyən nəslin öz etnik ənənələrindən ayrılmasına gətirib çıxaran amillərdən biri idi.
Bütün bunlar 70-ci illərin sonlarından etibarən milli oyanış üçün bir təkan oldu.
İkinci səbəb, əslində, yuxarıda göstərilənlərin nəticəsi olaraq müəyyən olunur: öz mədəni-tarixi, mənəvi zənginlikləri baxımından ruslardan çox irəli olan xalqlar, zorla unutdurulmağa məcbur edilmiş tarixi sərvətlərinin üzə çıxarılması və qanuni varisləri olan gələcək nəslə çatdırılması uğrunda mübarizələrini elmi surətdə gerçəkləşdirirdilər.
Müasir dövrdə etnopedaqoji problemlər elmi-pedaqoji tədqiqatların əsas istiqamətlərindən birini təşkil edir. Bu problemlərə həsr olunmuş müxtəlif səviyyəli elmi konfranslar keçirilir. Dünyanın, demək olar ki, bütün xalqları öz milli tərbiyə sistemlərinin etnik dəyərlərinə, bu dəyərlərin müasir pedaqoji prosesə tətbiqi vasitəsilə gənc nəslin təlim-tərbiyəsi işini daha müvəffəqiyyətlə qurmağa dərin maraq göstərirlər.
Postsovet məkanına daxil olan ölkələrin əksəriyyətində universitet və pedaqoji institutlarda «Etnopedaqogika» kafedraları yaradılmışdır.
Bir sıra beynəlxalq hüquqi aktlarda, məsələn, «Uşaq hüquqları haqda Konvensiya», «İqtisadi, sosial və mədəni hüquqlar haqda Beynəlxalq anlaşma», «İnsan hüquqlarının ümumi deklarasiyası», «Uşaqların həyati təminatı, müdafiəsi və inkişafı haqda ümumdünya deklarasiyası» və s. etnopedaqogikanın problemlərinə də toxunulmuşdur. Bir çox ölkələrdə etnopedaqoji problemlər ən ali elmi qrumlarda müzakirə olunur, təxirəsalınmaz vəzifələr müəyyənləşdirilir. Məsələn, qonşu Rusiyada Rusiya Elmlər Akademiyası Elmi Şurasının XII sessiyası təhsilin və pedaqoji elmin tarixi problemləri (1992), XV sessiyası (1994) xalq pedaqogikasının aksioloji problemləri, XVII sessiyası (1996) etnopedaqogikanın daha da inkişafı, XIX sessiyası (1998) xalq pedaqogikası ideyalarından istifadənin tarixi təcrübəsi, XX sessiyası nəzəri pedaqogikada milli mənəviyyat problemlərini müzakirə etmişdir.
Azərbaycanda buna oxşar təşəbbüs, yəni sırf etnopedaqoji problemlərə həsr edilmiş ilk elmi tədbir 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilmiş «Etnopedaqogika və etnopsixologiya: mənbələr və müasir problemlər» adlı elmi konfrans olmuşdur. Konfransa 50-yə qədər tezis təqdim olunması respublikamızda da etnopedaqoji məsələlərə marağın getdikcə artdığını göstərir.
Müasir etnopedaqoji tədqiqatlar sübut edir ki, pedaqoqların, sosioloq və psixoloqların həlli yollarını axtardıqları bir çox problemlər xalq pedaqogikasında, onun zəngin təcrübi irsində çoxdan həll edilibdir və ya həlli imkanları potensial şəkildə mövcuddur. Bu sahədə tədqiqatlar genişləndirilməli, dövlət əhəmiyyətli məsələ kimi daim diqqət mərkəzində olmalıdır.
Dostları ilə paylaş: |