Hüquqi tərbiyə haqda:
Kim güclüdür, haqq onundur.
Doğruya zaval yoxdur, çəksələr min divana.
Tutulmayan oğru – bəydən, xandan doğru.
Zülm ilə bərbad olan, ədalətlə abad olar.
4.2.
Tapmacalar, onların etnopedaqoji
mahiyyəti və əhəmiyyəti
Tapmacalar haqda ümumi məlumat.
Tapmacaların formaları.
Tapmacaların bilikverici imkanları.
Tapmacaların inkişafetdirici imkanları.
Tapmacalardan istifadənin səmərəlilik şərtləri.
Xalq pedaqogikasının vasitələrindən biri də tapmacalardır. Tapmacalar bütün xalqların şifahi yaradıcılığında mövcuddur. Onların yaranma tarixi çox qədim dövrlərlə bağlı olub, müxtəlif xalqlarda fərqli adlar altında bəllidir. M. Kaşğarinin «Divani-lüğət-it-türk» əsərində tapmacaların qəbilələr arasında «tabur» adı ilə yarandığı göstərilir. Türk xalqları içərisində də «bilməcə», «tapışmaq», «matal», «cummaq», «uşmuk (şuk)» və başqa adlarla tanınır.
Balkarlar tapmacaya «elber» deyirlər. «El» kənd, oba, «ber» - ver deməkdir. Tapmaca oyununda kim çox tapmacanın cavabını tapsa, ona çox «kənd», «şəhər» düşür və o, qalib olur.
Çuvaşlarda tapmacalar «tupmalli yumax (tapmalı nağıl)» və «sutmalli yumax (satmalı nağıl)» adlanır. Tapmacaların bir çoxunun süjeti olduğundan ona «nağıl» sözü də qoşulur. Satmaq – tapmacaların cavabını tapa bilməyən adamı cəzalandırmaqdır. Cəza kimi isə onu ən çirkin, eybəcər adamla «evləndirirlər».
Tapmacalar folklorşünaslıqda geniş tədqiq olunmuşdur. Azərbaycan folklorşünaslığında tapmacaların sistemli şəkildə toplanması, nəşri XX əsrin əvvəllərindən başlamış, tapmacaların mənşəyi, şəkilləri, poetik xüsusiyyətləri və s. tədqiq olunmuşdur. Məqsədimiz, əsasən, tapmacaların etnopedaqoji mahiyyəti və əhəmiyyətini şərh etmək olsa da, problemi tam və geniş aydınlaşdırmaq üçün onlar barədə bəzi məqamlara da toxunulmalıdır.
Hər şeydən əvvəl, tapmacaların yaranması barədə. Qeyd olunmalıdır ki, insan onu əhatə edən şeylərlə, həyatda bilavasitə rastlaşdığı, təmasda olduğu əşyalarla və haqqında fikirləşdiyi, mahiyyətini dərk etməyə çalışdığı fakt və hadisələrlə bağlı tapmacalar yaratmışdır. Bu yaradıcılıq prosesi, təxminən, aşağıdakı suallarla müşayət olunmuşdur: haqqında bəhs edilən şey necədir? ona ən çox harda rast gəlinir? onu necə adlandırırlar? o nəyə lazımdır? və s.
Buna görə də tapmacaları aid olduqları cisim və hadisələr baxımından qruplaşdırsaq, təxminən, bu cür bir təsnifat əmələ gələr:
Dostları ilə paylaş: |