TƏDQIQATIN OBYEKTI VƏ METODLARI Tədqiqatlar Şamaxı rayonunun Şəhriyar, Mədrəsə qəsəbələri, Mərzəndiyə, Çarhan kəndləri, Qobustan rayonu Cəyirli, Ərəbşalbaşı, Dəvəçi rayonu Taxtalar və Dağbilici kəndlərinin ərazisində aparılmışdır. Şamaxı rayonunun Mərzəndiyə kəndinin yaxınlığındakı dağ yamacları bir neçə kəndin əhatəsində olub, təsərrüfat məqsədləri üçün istifadə edildiyinə və yol kənarında olduğuna görə daim antropogen təzyiq altındadır. T.eichleri əkin və yol kənarında 1 kv.m-də 2-3 bitki olmaqla mozaika şəklində bitir.
2011-cü ildə tədqiqat aparılan 20 kv.m ərazidə cəmi 19 generativ fərd aşkar edilmişdir. Populyasiyada bitkilərin sayı generativ və vegetativ bitkilərin say nisbətinə əsasən qiymətləndi-rilmişdir. Antropogen təsirə daha davamsız olan vegetativ fərdlərin sayı ildən-ilə dəyişdiyinə görə yalnız çiçəkləyən bitkilərin sayı nəzərə alınmışdır. Ərazidə əkin sahəsinin içərisində, kənarında, otlaqda və toxunulmamış yamacda təyin edilmiş sınaq sahələrində 2004-2011-ci illər ərzində növün ekoloji vəziyyəti, müxtəlif amillərin təsiri altında biomorfoloji inkişaf göstəriciləri tədqiq olunmuşdur. Hər bir sınaq sahəsində 15 bitkinin gövdəsinin hündürlüyü, yarpaqlarının, çiçəkyanlığı ləçəklərinin, erkəkciklərin uzunluğu və eni, qutucuq meyvənin hündürlüyü ölçülərək morfometrik göstəriciləri təyin edilmişdir. Alınan nəticələr statistik hesablamalar üsulu ilə hesablanmışdır [5].