Konsentrasiya olunmuş marketinq strategiyası müəssisədən bazarın bir və ya bir neçə, amma mütləq gəlirli seqmentində səy göstərməsini tələb edir. Firma bu seqmentlərdə bir və ya bir neçə məhsul konsentrasiya edir və onları məqsədli marketinq proqramları ilə müşayiət edir. Tərkibinə görə bu strategiya bazar rəfinin konsepsiyasına, yəni bu firmanın malının və çatdırma imkanlarının daha münasib olduğu bazar seqmentinin işinə uyğun gəlir.
Bu strategiyadan istifadə edən müəssisələr öz məhsulunun nüfuzuna, prestijinə daha çox diqqət yetirməli, seçilmiş seqmentlərin müasir analizini aparmalı və əllərində olan bazar payının dinamikasına, həmçinin bazarın bu seqmentində yeni rəqiblərin meydana çıxmamasına nəzarət etməlidir. Bir tərəfdən istehsalatın, satışın və marketinqin ixtisaslaşması siyasəti sayəsində firma bu strategiya şəraitində özü üçün mühüm maliyyə və maddi resurslar təmin edə bilər. Digər tərəfdən, bu seqmentdə fəaliyyətdən yüksək risk irəli gəlməsi ehtimalını nəzərdə saxlamaq lazımdır, bu riskin aşağı salınması üçün isə öz fəaliyyətinin diversifikasiyasını və bazarın müxtəlif seqmentlərini əhatə etmə məsələsini həyata keçirmək lazımdır.
Diferensiasiya olunmuşmarketinq strategiyası firmadan bir neçə seqmentdə xüsusi olaraq hazırlanmış mal və marketinq proqramı ilə fəaliyyətini təşkil etməyi tələb edir. Bu strategiya marketinqin əsas prinsipinə uyğun gəlir, çünki onların motivlərinə və təsəvvürlərinə uyğun gələn marketinq proqranmlarına və alıcılara yönəlmişdir. Bu strategiya alıcının bazardakı vəziyyətini daha dolğun əks etdirir və bir qayda olaraq daha yüksək satış həcmi və konsentrasiya olunmuş marketinq strategiyası ilə müqayisədə daha aşağı risk səviyyəsi təmin edir. Diferensiasiya olunmuş marketinq strategiyası yüksək investisiya, istehsalat və idarə etmə məsrəfləri tələb edir, ona görə də əsas etibarilə iri müəssisələr bu strategiyanı həyata keçirmək iqtidarında olur.
2. İstehlak bazarının seqmentləşdirilməsi Bazarın seqmentləşdirilməsini marketinq konsepsiyasının mahiyyət nüvəsi kimi qəbul etmək lazımdır. Bu terminin ilk dəfə 1956-cı ildə yaranmasına baxmayaraq ilk istehsalçılar onu daha əvvəldən tətbiq etməyə başlamışlar.
Fərdi istehlakçıların seqmentləşdirilməsi tələbatı sistemli şəkildə analiz etməyə və müəssisələrin rəqabət üstünlüyünü təmin edən effektiv mal və xidmət çeşidi konsepsiyası işləyib hazırlamağa imkan verir.
İstehlak mallarının seqmentləşdirilməsinin əsas məqsədi müəssiələrin müxtəlif istehlakçıların davranış özəlliklərini anlamasına, hər hansı simasız mal deyil, ünvanlı məhsul və xidmət istehsalına və realizasiyasına keçməyə imkan verən effektiv seqmentasiya analizi metodları işləyib hazırlamaqdır.
Bazarın seqmentləşdirilməsi bazarın bir – birindən fərqlənən, istehsalçının məhsulunu müxtəlif satış imanlarına malik müxtəlif hissələr – seqmentlərə bölünməsi prosesidir, yəni bazarın hər biri üçün ayrı mal tələb oluna bilən alıcı qruplarına bölünməsi deməkdir. Bazarın seqmentləşdirilməsi marketinqin ən mühüm alətlərindən biridir.
Seqmentləşdirilmə məsələsi aşağıdakı hallarda firma üçün dilemmaya çevrilə bilər: 1) yeganə mal bir çox bazar seqmentində satılır; 2) çoxlu mal bir çox bazar seqmentində satılır.