İstehsalçı-zavodun 2487 seriya nömrəli və Azərbaycanda 4K-AZ01 qeydiyyat nömrəli Airbus A319-115CJ tipli bir təyyarəyə dair
TƏMİNAT
Tarix: 15 avqust 2005-ci il
Azərbaycan Hökuməti
(Təminatçı)
Mündəricat
T Ə M İ N A T
Tarix: 15 avqust 2005-ci il
Bu Təminat MSN 2487/2516/2588 Leasing Limited - Kayman adalarında qeydə alınan azad edilmiş məhdud məsuliyyətli şirkətin (İcarəyəverən) xeyrinə Azərbaycan Hökuməti (Təminatçı) tərəfindən və adından verilmişdir.
Bəyanatlar:
A «Airbus S.A.S.» şirkəti ilə «Azərbaycan Hava Yolları» Dövlət Konserni (İcarəçi) arasında 12 avqust 2004-cü il tarixdə bağlanmış Alqı-satqı sazişinə (Təyyarənin alınması haqqında saziş) əsasən İcarəçi sairlə yanaşı istehsalçının 2487 seriya nömrəli, Azərbaycanın 4K-AZ01 (yaxud şəraitdən asılı olaraq ona verilən) qeydiyyat nömrəli Airbus A319 tipli bir təyyarə («Təyyarə») almağa razıdır;
B Alqı-satqı sazişi üzrə hüquqların ötürülməsinə dair bu sənəddə qeyd edilən tarixli müqaviləyə əsasən İcarəçi Təyyarəyə dair hüquqlar çərçivəsində, o cümlədən, məhdudiyyət qoyulmadan, Təyyarənin alınması və çatdırılması hüququ çərçivəsində, Alqı-satqı sazişinə əsasən müəyyən hüquqları tam şəkildə İcarəyəverənə verir;
C Borcalan qismində İcarəyəverən və tam hüquqa malik olaraq, Britaniya Kreditorları («Britaniya Kreditorları»), Fransa Kreditorları («Fransa Kreditorları»), Almaniya Kreditorları («Almaniya Kreditorları») qismində (Britaniya kreditorları, Fransa Kreditorları və Almaniya Kreditorları birlikdə – Kreditorlar), Britaniya Kreditorları üçün milli agent, Fransa Kreditorları üçün milli agent, Almaniya Kreditorları üçün milli agent, razılaşan tərəf, digərləri sırasında öz adından və Kreditorlar adından Etibarlı idarəedən (Etibarlı idarəedən), öz adından və Kreditorlar adından kredit agenti qismində çıxış edən ABN AMRO Bank N.V. arasında bağlanan İxrac krediti haqqında bu sənəddə qeyd edilən tarixli sazişə əsasən (vaxtaşırı düzəlişlər, əlavələr edilən, yaxud yeni maddələr daxil edilən belə saziş burada və sonra ECA Kredit Sazişi adlanacaq) Kreditorlar Alqı-satqı sazişinə müvafiq olaraq (Alqı-satqı sazişinin ötürülməsi sənədinə uyğun olaraq) Təyyarənin alınmasında Borcalana yardım etmək məqsədilə İcarəyəverəni qırx bir milyon altı yüz on bir min üç yüz qırx yeddi dollar on iki sent (41,611,347.12 $) məbləğində kreditlə təmin etmək və bu kreditlə bağlı Eskport Kredit Agentliklərinə ödənilməli olan məbləği (Lizinq Müqaviləsində müəyyən edilmiş qaydada) ödəmək barədə razılaşırlar;
D Təyyarənin icarəsi haqqında bu sənəddə qeyd edilən tarixdə bağlanmış sazişə əsasən (vaxtaşırı düzəlişlər, əlavələr edilən, yaxud yeni maddələr daxil edilən belə saziş burada və sonra Lizinq Müqaviləsi adlanacaq) İcarəyəverən burada qeyd edilən şərt və müddəalara uyğun Təyyarəni İcarəçiyə icarəyə verməyə razıdır;
E Tənzimləyici sənədlərə əsasən İcarəyəverənin öhdəliklərinin ilkin şərti – Təminatçı bu Təminatı həyata keçirir və İcarəyəverənə təqdim edir və İcarəyəverənin tərəflərdən biri olduğu Tənzimləyici Sənədləri imzaladığını nəzərə alaraq Təminatçı bu Təminatı imzalamağa razıdır.
Razılaşdırılmışdır
1 Şərhlər
1.1 Digər qaydada müəyyən edilməmişdirsə, bu sənəddə istifadə olunan bütün terminlər Lizinq Müqaviləsində onlara verilən müvafiq mənanı daşıyır.
-
Bu müqavilədə:
Vergitutma – saziş sənədlərinə əsasən aparılan ödənişlərdən Vergi üçün və ya hesabına vəsaitin çıxılması və ya tutulması deməkdir.
Ödənilməyən məbləğ – saziş sənədlərinə əsasən İcarəçi və ya Təminatçı tərəfindən ödənilməli olan, lakin ödənilməyən hər hansı məbləğ deməkdir.
-
Əks şərh edilməməsi şərti ilə müqavilədəki istinadlar:
(a) aktivlər anlayışına indiki və gələcək mülkiyyət, qeyd edilənlərin hər biri üzrə gəlir və hüquqlar daxildir;
(b) Tənzimləyici Sənədə bu sənədə, yaxud hər hansı digər müqaviləyə və ya sənədə istinad edən, düzəlişlərlə birlikdə və ya yenidən hazırlanmış hər hansı müqavilə və ya sənəd daxildir;
(c) şəxs dedikdə hər hansı şəxs, firma, şirkət, korporasiya, hökumət, dövlət və ya hökumət orqanı, yaxud hər hansı assosiasiya, trest və ya yuxarıda qeyd edilən iki və ya daha artıq təşkilatın və şəxsin yaratdığı cəmiyyət (hər bir şəxsin ayrıca hüquqi şəxs olub-olmamasından asılı olmayaraq) nəzərdə tutulur;
(d) müddəalar anlayışına hər hansı hökumət, hökumətlərarası və ya ali dövlət orqanının, agentliyin, departamentin, yaxud sərəncamverici, özünü tənzimləyən və ya digər hakimiyyət orqanının yaxud təşkilatların istənilən müddəa, qayda, rəsmi direktiv, xahiş və ya təlimatı (qanuni qüvvəsi olub-olmamasından asılı olmayaraq) daxildir;
(e) «həll edir» və ya «həll edilmiş» ifadəsi qərar qəbul edən şəxsin öz rəyinə əsasən verdiyi qərarı bildirir;
(f) üçüncü tərəf dedikdə bu sənəddə göstərilən tərəflərdən fərqli hər hansı şəxs nəzərdə tutulur;
(g) qanunun müddəası düzəlişlər edilmiş və ya yenidən hazırlanmış müddəaya istinaddır;
(h) günün saatı qeyd edildikdə London vaxtına istinad edilir;
(i) cəm halında istifadə olunan sözlərə tək halında sözlər daxil edilməlidir və əksinə.
1.4 Maddələrin adları istinadın sadələşdirilməsi üçün verilir.
1.5 Əksinə şərh edilməyəcəyi şərtilə, hər hansı Tənzimləyici Sənədə əsasən və ya onunla əlaqədar sövdələşmə haqqında hər hansı sənəddə və ya hər hansı bildirişdə istifadə olunan termin bu Təminatda nəzərdə tutulduğu kimi, Tənzimləyici Sənəddə və ya bildirişdə də eyni məna daşıyır.
-
Öhdəliyi potensial yerinə yetirməmə halı və ya Öhdəlikləri yerinə yetirməmə halı Agenti qane etmək üçün aradan qaldırılmırsa, bu halın «davam etdiyi» hesab edilir;
-
$ və dollar Amerika Birləşmiş Ştatlarının qanuni valyutasını bildirir.
-
Təminat
-
Təminatçı bu Təminatda qeyd edilən şərtlərə əsasən İcarəyəverənə Lizinq Müqaviləsinə və hər hansı digər Tənzimləyici sənədə əsasən İcarəçi tərəfindən ödənilməli olan bütün məbləğlərin lazımi qaydada və dəqiq ödənilməsinə qeyd-şərtsiz təminat verir və İcarəçinin istənilən vaxt İcarəyəverənə və ya hər hansı digər Kompensasiya alan şəxsə bu sənədə əsasən ödəməli olduğu məbləği ilkin tələbə əsasən və ardıcıllıqla iki (2) İş Günü ərzində İcarəyəverənə ödəməyə razıdır.
-
Təminatçı bu sənədlə əsas vəzifəsi kimi, Lizinq Müqaviləsinə və ya hər hansı digər Tənzimləyici Sənədə əsasən müəyyən edilmiş, qüvvədən düşən və ya etibarlı hesab edilməyən, qəti olmayan, məhkəmədə iddia üçün əsas olmayan, yaxud Kompensasiya alan şəxsə və ya hər hansı digər şəxsə məbləğin məlum olub-olmamasından asılı olmayaraq, hər hansı səbəbdən İcarəçiyə münasibətdə qüvvəsi olmayan İcarəçinin ödəniş üzrə hər hansı öhdəliyi nəticəsində Kompensasiya alan şəxsə dəyən zərərin əvəzini ödəmək üçün ilkin tələbə əsasən, bir şəxs və ya şəxslərə dəyən zərərin digər qaydada İcarəçi tərəfindən ödənilməli olan məbləğini Kompensasiya alan şəxslərin hər birinin adından İcarəyəverənə ödəməyə qeyd-şərtsiz razıdır.
-
Hüquqların müdafiəsi
-
Təminatçının bu sənəddə qeyd edilən öhdəlikləri, əlavə olaraq, Lizinq Müqaviləsinə və ya hər hansı digər Tənzimləyici Sənədə əsasən İcarəçinin hər hansı öhdəliyi ilə bağlı İcarəyəverənin və ya hər hansı digər Kompensasiya alan şəxsin saxlaya biləcəyi istənilən digər girovdan asılı olmamalıdır.
-
Hesabların və ya hər hansı məsələnin istənilən qaydada tənzimlənməsinə baxmayaraq Təminatçının bu sənəddə qeyd edilən öhdəlikləri daimi öhdəliklərdir və xüsusilə, hər hansı məhdudiyyət qoyulmadan, orta ödəniş aparmaqla və ya Lizinq Müqaviləsinə və ya hər hansı digər Tənzimləyici Sənədə əsasən İcarəçinin bütün və ya hər hansı öhdəliyinin kompensasiyası vasitəsilə ödənilmiş hesab edilməməli və Tənzimləyici Sənədə əsasən İcarəçinin ödəniş üzrə bütün öhdəlikləri (istənilən halda həm indiki, həm də gələcək, qüvvədə olan və ya gözlənilməyən) tam şəkildə qeyd-şərtsiz yerinə yetirilməyənədək, tam qüvvədə qalmalıdır.
-
Təminatçının qeyd edilən öhdəliklərindən heç biri, habelə İcarəçiyə münasibətdə bu sənədlə və ya qanuni əsasla Təminatçıya verilən hüquq, səlahiyyət və məhkəmə müdafiəsi vasitələri aşağıda qeyd edilən hallarda yerinə yetirilməyə, zəifləyə bilməz və ya qeyd edilənlər hər hansı qaydada təsir göstərə bilməz:
(a) İcarəçinin müqaviləsi sona çatır və ya ləğv edilir, yaxud onun statusunda, funksiyalarında, nəzarətdə və ya mülkiyyət hüququnda dəyişikliklər baş verir;
(b) Lizinq Müqaviləsinə və ya hər hansı digər Tənzimləyici sənədə əsasən, yaxud İcarəçinin öhdəliklərinə münasibətdə götürülən hər hansı digər təminata əsasən İcarəçinin öhdəliklərindən hər hansı biri hazırda və bundan sonra qanunsuz, etibarsız hesab edilir və ya ediləcək, iddia üçün əsas ola bilməz və hər hansı münasibətdə qüvvəsini itirir;
(c) Lizinq Müqaviləsinə və ya hər hansı digər Tənzimləyici sənədə, yaxud hər hansı digər təminata əsasən İcarəçinin öhdəliklərinə münasibətdə ona verilən və ya verilmək üçün razılaşdırılan müddət və ya möhlət;
(d) Lizinq Müqaviləsinin və ya digər Tənzimləyici Sənədin, yaxud hər hansı digər təminatın şərtlərinə əsasən və ya ona münasibətdə meydana çıxan və ya tətbiq edilən şərtlər nəticəsində İcarəçinin hər hansı öhdəliyində hər hansı düzəliş və ya hər hansı dəyişiklik, imtina və ya azad etmə;
(e) Lizinq Müqaviləsinə və ya hər hansı Tənzimləyici Sənədə əsasən İcarəçinin öhdəliklərinə münasibətdə götürülən hər-hansı təminatın dəyərinin ödənilməsindən, yaxud tam ödənilməsindən, dəyişdirilməsindən və ya əvəz edilməsindən hər hansı imtina;
(f) Lizinq Müqaviləsinin müddəalarından hər hansı birinə və ya hər hansı digər Tənzimləyici Sənədə əsasən İcarəyəverən və ya hər hansı digər Təminatçı tərəfindən götürülməli olan və ya Lizinq Müqaviləsinə və ya hər hansı digər Tənzimləyici Sənədə əsasən İcarəçinin öhdəliklərinə münasibətdə qəbul edilməsi razılaşdırılan zərərə qarşı təminatı qəbul etməkdən və ya tam qəbul etməkdən hər hansı imtina;
(g) qüvvədə olan qanunvericilikdə hər hansı dəyişiklik;
(h) Azərbaycan hökumətinin tərkibində hər hansı dəyişiklik; və ya
(i) 3.3 Maddəsinə əsasən Təminatçının burada qeyd edilən hər hansı öhdəliyinin icrasına və ya bu Təminatla və ya qanunla Təminatçı Tərəflərə və ya onlardan hər hansı birinə verilən hüquqa, səlahiyyətə və ya məhkəmə müdafiəsi vasitələrinə bu və ya digər yolla təsir göstərə bilən, onu zəiflədə bilən hər hansı digər hərəkət və ya hal.
-
Təminatçı və İcarəyəverən arasında müqavilə öhdəliklərinin hər hansı qaydada tənzimlənməsi və ya dayandırılması İcarəçi və ya Təminatçı tərəfindən, yaxud İcarəçi və ya, şəraitdən asılı olaraq, Təminatçı adından hər hansı şəxs tərəfindən İcarəyəverənə təminatla və ya ödənişlə şərtləşdirilməlidir və belə təminat və ya ödəniş qüvvədə olan müddət ərzində müflisləşmə, borcu ödəyə bilməmə və ya ləğv etməyə dair hər hansı müddəalara və ya qanunverici aktlara görə kənarlaşdırılır və ya azaldılır. Əgər belə təminat və ya ödəniş kənarlaşdırılır və ya azaldılırsa, sanki müqavilə öhdəliklərinin tənzimlənməsi və ya dayandırılması baş verməmiş kimi, İcarəyəverən bu qayda ilə Təminatçıda ardıcıllıqla kənarlaşdırılan və ya azaldılan belə təminatın və ödənişin dəyərini və ya məbləğini ödəmək hüququna malikdir.
-
İcarəyəverən Təminatçıya münasibətdə və ya qanuna əsasən ona verilən hər hansı hüquq, səlahiyyət və ya məhkəmə müdafiəsi vasitələrini həyata keçirənədək:
(a) İcarəçiyə hər hansı tələblər irəli sürməməlidir;
(b) İcarəçiyə qarşı hər hansı tədbir görməməli və ya hər hansı məhkəmədə istintaqa səy göstərməməlidir;
(c) İcarəçinin ləğv edilməsi ilə bağlı iddia ərizəsi və ya sübut tərtib və ya təqdim etməməlidir;
(d) Lizinq Müqaviləsinə və ya hər hansı digər Tənzimləyici sənədə əsasən İcarəçinin hər hansı öhdəliyinə münasibətdə götürülən təminatı tətbiq etməməli və ya tətbiq edilməsinə vadar etməməlidir.
-
Təminatçı razılaşır ki, Lizinq Müqaviləsinə və ya hər hansı Tənzimləyici Sənədə əsasən İcarəçi tərəfindən hər hansı məbləğin ödənilməli olduğu və ya ola biləcəyi, yaxud İcarəçinin həqiqətən qeyd edilən ödənişlər üzrə əvvəlcədən nəzərdə tutulmayan öhdəliklərinin mövcud olduğu müddət ərzində aşağıda qeyd edilən öhdəliklərinin yerinə yetirilməsi nəticəsində istənilən vaxt malik ola biləcəyi hüquqlardan istifadə etməyəcək, məsələn:
(a) İcarəçi tərəfindən borc ödənişini almaq və /və ya;
(b) Lizinq Müqaviləsinə və ya sövdələşmə haqqında hər hansı digər sənədə əsasən İcarəçinin öhdəliklərinin hər hansı digər təminatçısı tərəfindən hər hansı ödənişi tələb etmək;
(c) İcarəyəverənin burada qeyd edilən hər hansı hüquqlarından və ya Lizinq Müqaviləsinə və ya hər hansı Tənzimləyici Sənədə əsasən və ya bununla əlaqədar Maliyyələşdirən tərəflərin hamısı və ya hər hansı biri tərəfindən götürülən hər hansı digər təminatdan istifadə etmək (bir kreditorun digəri ilə əvəz edilməsindən və ya digər qaydadan asılı olmayaraq tam həcmdə və ya qismən).
4 Təqdimatlar
-
Təminatçı burada qeyd edilən gün, EKA Kredit Sazişinə əsasən vəsaitlərin alınması haqqında hər hansı bildiriş aldığı tarixdə (EKA Kredit Sazişində qeyd edildiyi kimi) və Təchizat günü təsdiq edir və təminat verir:
(a) bu Təminatı imzalamaq və aşağıda qeyd edilən hüquq və öhdəliklərini yerinə yetirmək, Təminatın icrası üçün səlahiyyətin verilməsi və aşağıda qeyd edilən öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsi üçün tələb olunan bütün tədbirləri görmək səlahiyyətinə malikdir;
(b) qeyd edilən tarixdə qüvvədə olan Azərbaycan qanunvericiliyinə əsasən, bu Təminata müvafiq qaydada həyata keçirilə bilən hər hansı ödənişdən hər hansı vəsaitin çıxılması və ya tutulması tələb edilməyəcək;
(c) qeyd edilən tarixdə qüvvədə olan Azərbaycan qanunvericiliyinə əsasən, İcarəyəverənin bu Təminata əsaslanaraq Təminatçıya qarşı irəli sürdüyü iddialar, yalnız müflisləşmə, borcu ödəmək imkanına malik olmama səbəbindən və ya ümumi qaydada tətbiq edilən digər oxşar qanunlarla əlaqədar iddiaları üstün tutulan kreditorlar istisna olmaqla, bütün təmin olunmayan və ya tabe edilməyən kreditorların iddialarına ən azı hər münasibətdə bərabər iddialar kateqoriyasına aid ediləcək;
(d) bu Təminatla bağlı Azərbaycanda istənilən məhkəmə təhqiqatı zamanı bu Təminatı tənzimləyən qanun kimi İngiltərə qanunvericiliyinin rəhbər tutulacağı təsdiq və tətbiq ediləcək;
(e) a) bu Təminatda qəbul edilməli olan hüquqlarından qanuni surətdə istifadə etmək, həyata keçirmək, dürüst ifadə edilmiş öhdəliklərə uyğun olmaq və onları icra etmək üçün imkan yaratmaq, b) dürüst ifadə edilmiş və bu sənəddə qəbul edilməli olan öhdəliklərin qanuni, etibarlı və məcburi olduğuna əmin olmaq və c) bu Təminatı Azərbaycanda və ya digər müvafiq yurisdiksiyada aydın şəkildə qəbul oluna bilməsini təmin etmək məqsədilə yerinə yetirilməsi və icra olunması tələb olunan bütün tədbir və şərtlər yerinə yetirilmiş və icra olunmuşdur;
(f) bu Təminatın Azərbaycan Respublikasının Maliyyə Nazirliyində qeydə alınmalı olduğu hal istisna olmaqla, bu sənəddə qeyd edilən tarixdə qüvvədə olan Azərbaycan qanunvericiliyinə əsasən bu Təminatın Azərbaycanda hər hansı məhkəmənin və ya digər hakimiyyət orqanının siyahısına daxil edilməsi və ya qeydə alınması, yaxud hər hansı möhür, qeyd və ya bu Təminatın qeydə alınması ilə əlaqədar verginin ödənilməsi zəruri deyil;
(g) bu Təminatda dürüst ifadə edilmiş və qanuni və həqiqi öhdəliklər kimi qəbul edilməli olan öhdəliklər idarə etmə, ləğv etmə, borcu ödəyə bilməmə, yenidən təşkil olunma haqqında qanunların və ya kreditorun hüquqlarına və ədalət hüquqlarının ümumi prinsiplərinə təsir göstərən ümumi təyinatlı oxşar qanunların nəticəsi olaraq meydana çıxan hər hansı məhdudiyyətlərə əsasən bu sənəddə qeyd edilən şərtlərə uyğun məcburi hesab edilir;
(h) Təminatçı tərəflərdən biri olduğu, yaxud onun və ya onun aktivlərinin müəyyən dərəcədə öhdəliklərlə bağlı olduğu hər hansı müqaviləyə əsasən və ya bu Təminatın şərtlərinə müvafiq surətdə Təminatçının öz öhdəliklərini yerinə yetirmək və ya onlara uyğun olmaq imkanına əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilən digər qaydada öz öhdəliklərini pozmur, yerinə yetirilməsindən imtina etmir;
(i) Təminatçının bu Təminatın şərtlərinə əsasən öz öhdəliklərini yerinə yetirmək və ya onlara riayət etmək imkanına əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilən ya hər hansı məhkəmə, ya da təşkilat qarşısında inzibati araşdırmalar və ya hərəkətlər başlanmamışdır və başlamaq təhlükəsi yoxdur;
(j) bu Təminatla bağlı Təminatçının İcarəyəverənə təqdim etdiyi bütün yazılı məlumat bütün mövcud aspektlərdə düzgün, bitkin və dəqiqdir və İcarəyəverənə açıqlanmayan və Təminatçının bu Təminata əsasən öhdəliklərini yerinə yetirmək imkanını zəiflədə bilən zəruri fakt və hallar barədə Təminatçının məlumatı yoxdur;
(k) bu Təminatın yerinə yetirilməsi və Təminatçı tərəfindən burada qeyd edilən hüquq və öhdəliklərinin icrası mövcud olan və ya gələcəkdə əldə ediləcək gəlirlərin və ya aktivlərin hamısına və ya hər hansı birinə münasibətdə hər hansı maneə yaratmayacaq və ya Təminatçını maneə yaratmağa məcbur etməyəcək;
(l) bu Təminatın yerinə yetirilməsi və Təminatçı tərəfindən burada qeyd edilən hüquq və öhdəliklərinin icrası hər hansı saziş və ya müqavilənin pozulması demək deyil və nəticədə hər hansı pozuntu meydana çıxmayacaq;
(m) bu Təminatın yerinə yetirilməsi və Təminatçı tərəfindən burada qeyd edilən hüquq və öhdəliklərinin icrası kommersiya məqsədilə həyata keçirilən kommersiya sövdələşmələrini (bu terminin Dövlət Toxunulmazlığı haqqında 1978-ci il tarixli aktda müəyyən edildiyi kimi) təşkil edir (təşkil edəcək);
(n) O, İcarəçinin kapital payının minimum yüz faizinə (100 %) sahibdir;
(o) Beynəlxalq Valyuta Fondunun, Ümumdünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Beynəlxalq İnkişaf Agentliyinin, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının, İnvestisiya Mübahisələrini Tənzimləyən Beynəlxalq Mərkəzin, Avropa Yenidənqurma və İnkişaf Bankının, Çoxtərəfli İnvestisiyaların Təminat Agentliyinin üzvüdür və belə təşkilatların hər hansı birinin üzvü qismində öz öhdəliklərini yerinə yetirmək imkanından məhrum olarkən onların ehtiyatlarından istifadəyə qoyulmuş məhdudiyyət tətbiq edilmir; və
(p) onun bu Təminata daxil olması və burada qeyd edilən şərtlərə əsasən İcarəçiyə hər hansı ödəniş Beynəlxalq Valyuta Fondunun və ya Ümumdünya Bankının hər hansı qaydalarına, müddəalarına, Təminatçıya münasibətdə tələblərinə zidd deyil və olmayacaq, pozuntu və ya mübahisə yaratmayacaq.
-
Təminatçı İcarəyəverənin Lizinq Müqaviləsini və 4.1. Maddəsində qeyd edildiyi kimi, Təminatçı tərəfindən götürülən zəmanət və təqdimatlardan nə dərəcədə istifadə edilməsindən asılı olaraq, tərəflərdən biri qismində çıxış etdiyi sair Tənzimləyici Sənədləri imzaladığını təsdiq edir.
5 Müqavilə öhdəlikləri
5.1 Təminatçı aşağıdakı öhdəlikləri yerinə yetirməlidir:
(a) İstənilən müvafiq hüquq hakimiyyət orqanlarının qanunları və müddəalarına əsasən tələb edilən bütün icazə, təsdiq, lisenziya və razılaşmaların qanuni qüvvəyə minməsini və bu Təminata əsasən öz öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədilə onları almaq, şərtlərə uyğunlaşdırmaq və tam qüvvəsini və etibarlılığını saxlamaq üçün bütün zəruri işləri görmək və ya bu Təminatın istənilən müvafiq yurisdiksiyasında onların qanuniliyinə, etibarlılığına, qanuni qüvvəsinə və ya şəhadətnamə kimi qəbul edilmək hüququna zəmanət vermək;
(b) İstənilən Ləğv etmə halı haqqında İcarəyəverənə dərhal xəbər vermək və bu barədə İcarəyəverəndən yazılı sorğu alındıqda, İcarəyəverənə artıq Ləğv etmə halı baş verənədək xəbər verildiyi hal istisna olmaqla və ya belə halın baş vermədiyi və aradan qaldırılmadığını təsdiq edən xəbərdarlıq zamanı bu cür halın baş verdiyini İcarəyəverənə təsdiq etmək;
(c) İcarəyəverənin əvvəlki yazılı razılığı alınmayıbsa, İcarəçinin buraxılmış səhmdar kapitalının ən azı əlli bir (51) faizini saxlamaq; və
(d) İcarəyəverənin buna qarşı iddialarının, iddiaları istənilən müflisləşmə, borcunu ödəyə bilməmə və ya digər bu cür ümumi tətbiq edilən qanunlar üzündən üstün tutulan kreditorlar istisna olmaqla, həmin Təminata əsasən bütün təmin olunmamış və tabe edilməmiş kreditorların iddialarına bərabər iddialar kateqoriyasına hər zaman aid olduğuna zəmanət vermək.
6 Ödənişlər
6.1 Bu Təminata əsasən Təminatçı tərəfindən məbləğin ödənməsi tələb edilən hər bir tarixdə Təminatçı Lizinq müqaviləsinin və ya müvafiq Tənzimləyici sənədin şərtlərinə uyğun olaraq İcarəyəverənə İcarəçi tərəfindən catacaq, bilavasitə mövcud olan, sərbəst köçürülən, təmizlənmiş pul vəsaitləri kimi məbləği, şəraitdən asılı olaraq, Lizinq müqaviləsinə və ya digər Tənzimləyici sənədlərə əsasən İcarəçinin müvafiq surətdə köçürməli olduğu İcarəyəverənin hesabına valyuta ilə ödəməlidir.
6.2 Bu Təminata əsasən Təminatçı tərəfindən həyata keçirilməli olan bütün ödənişlər hesablanmalı və kompensasiyasız (kompensasiya üçün vəsait tutulmasından azad edilməli) və ya əks iddiasız aparılmalıdır.
7 Yekun vergi və ödəmələr
7.1 Qanuna əsasən Vergitutma tələb olunmursa, Təminatçı istənilən Vergitutma olmadan onun tərəfindən aparılacaq bütün ödənişləri həyata keçirməlidir.
7.2 Təminatçı Vergitutma aparmalı olduğu barədə bildikdə (və ya vergi dərəcəsində
və yaxud Vergitutmada hər hansı dəyişiklik olarsa), İcarəyəverənə bu barədə dərhal müvafiq sürətdə xəbər verməlidir.
7.3 Tətbiq edilən qanuna əsasən Vergitutmanın Təminatçı tərəfindən aparılması tələb edilirsə, Təminatçı tərəfindən ödəniş məbləği, Vergitutmanın tələb olunmaması şərtilə ödənilməli olan məbləğə bərabər məbləğə (istənilən vergitutmadan sonra) qədər artırılmalıdır.
7.4 Təminatçı Vergitutma aparmalıdırsa, Vergitutma və onunla əlaqədar tələb edilən istənilən ödəniş icazə verilən müddət ərzində və qanuna əsasən tələb olunan minimal məbləğdə aparılmalıdır.
7.5 Vergitutmadan və ya bu Vergitutma ilə əlaqədar tələb edilən istənilən ödənişdən sonra 30 (otuz) gün ərzində Təminatçı İcarəyəverənə Vergitutmanın aparıldığı və ya (əgər tətbiq edilə bilərsə) müvafiq vergi hakimiyyət orqanına istənilən müvafiq ödənişin həyata keçirildiyi barədə İcarəyəverən üçün məntiqə uyğun qənaətbəxş sübut təqdim etməlidir.
7.6 Vergitutmadan ödənişlər aparılmasına icazə almaq üçün Təminatçı və İcarəyəverən Təminatçı üçün zəruri olan istənilən prosedura rəsmiyyətlərinin başa çatdırılması məqsədilə birlikdə fəaliyyət göstərəcəklər.
7.7 İcarəyəverənin ilk tələbinə əsasən Təminatçı 2 (iki) İş Günü ərzində Kompensasiya alan şəxsə onun özü tərəfindən müəyyən edilən, vergiyə görə bilavasitə və ya dolayısı ilə vurulmuş və ya vurulacaq zərərə, məsuliyyətə və ya dəyərə bərabər məbləği ödəməlidir.
7.8 7.7. bəndi hər hansı vergi ilə bağlı Kompensasiya alan şəxsə tətbiq edilməməlidir:
(a) Yurisdiksiya qanununa əsasən Kompensasiya alan şəxs qeydiyyata alınmışdır və yaxud bu yurisdiksiyada (və ya yurisdiksiyalarda) Kompensasiya alan şəxs vergi ödəməli olan rezident kimi qeyd edilir; və ya
(b) Kreditor olan istənilən Kompensasiya alan şəxs barəsində və yurisdiksiyaya əsasən Kompensasiya alan şəxsin Kredit ofisi (Borc haqqında müvafiq müqavilədə müəyyən edildiyi kimi) alınmış məbləğlərə və ya alınmalı olan məbləğlərə münasibətdə həmin yurisdiksiyada yerləşir,
əgər həmin vergi Kompensasiya alan şəxs tərəfindən əldə edilmiş və ya əldə edilməli olan xalis gəlirə qoyulursa (lakin vergi məqsədilə alınmış və ya alınmalı olan istənilən məbləğ deyil).
-
İcarəyəverən Etibali idarəedənə və Təminatçıya 7.7. bəndinə uyğun olaraq iddia verməyə səbəb olmuş və ya səbəb olacaq istənilən hal haqqında dərhal xəbər verməli və Etibarlı idarəedəni yuxarıda qeyd edilənlərlə əlaqədar bütün əsaslandırıcı şəhadətnamələrlə təmin etməlidir.
-
İcarəyəverən 7.7. bəndinə uyğun olaraq Təminatçıdan ödəniş aldıqda Etibarlı idarəedənə xəbər verməlidir.
8 Sair ödəmələr
8.1 Tənzimləyici sənədlərə əsasən Təminatçıdan çatacaq istənilən məbləğ (Məbləğ) və ya Məbləğ ilə əlaqədar çıxarılmış və ya təqdim edilmiş hər hansı fərman, qərar və ya mükafatlandırma, aşağıdakı məqsədlər üçün bu Məbləğin ödənilməli olduğu valyutadan (İlk valyuta) digər valyutaya (İkinci valyuta) konvertasiya edilməlidirsə:
(a) Təminatçıya qarşı iddiaların və yaxud sübutun tərtib edilməsi və ya qeydiyyata alınması məqsədilə;
(b) istənilən məhkəmə iddiası və ya arbitraj keçirilməsi ilə bağlı order, qərar və ya mükafatlandırmanın alınması və ya icra edilməsi məqsədilə,
Təminatçı, müstəqil öhdəlik kimi, ilk tələb irəli sürüldükdə 3 (üç) İş Günü ərzində İcarəyəverənə (A) Məbləğin İlk valyutadan İkinci valyutaya konvertasiya edilməsi üçün istifadə edilən valyuta mübadilə dərəcəsi və (B) həmin şəxs tərəfindən bu Məbləğ alınan zaman onun üçün mümkün olan mübadilə dərəcəsi və ya dərəcələri arasında istənilən uyğunsuzluq daxil olmaqla, konvertasiya nəticəsində yaranan hər hansı məsrəf, zərər və ya borcları ödəməlidir.
-
Təminatçı Tənzimləyici sənədlərə əsasən hər hansı ödənilməli olan məbləğ kimi göstərilən valyutadan fərqli valyuta ilə və ya digər valyuta vahidi ilə məbləğin ödənilməsi üçün istənilən yurisdiksiyada ona verilə bilən istənilən hüquqdan imtina edir.
-
Təminatçı ilk tələb irəli sürüldükdə 2 (iki) İş Günü ərzində İcarəyəverənə aşağıda göstərilənlər nəticəsində istənilən Kompensasiya alan şəxs tərəfindən çəkilən hər hansı məsrəf, itki və ya öhdəlikləri onun xeyrinə ödəməlidir:
(a) Tənzimləyici sənədlərdən birinə əsasən Təminatçı tərəfindən istənilən ödəməmə halı yaranarsa;
(b) Təminatçı Tənzimləyici sənədə əsasən alınmalı olan istənilən məbləği həmin sənəddə müəyyən edilmiş tarixdə ödəməkdən imtina edərsə; və ya
(c) istənilən ödənilməmiş məbləğ maliyyələşdirilərsə və ya maliyyələşdirmə üçün müvafiq tədbirlər görülərsə.
-
Təminatçı İcarəyəverənə aşağıda göstərilənlər nəticəsində istənilən Kompensasiya alan şəxs (şüurlu surətdə hərəkət edən) tərəfindən çəkilən hər hansı məsrəf, itki və ya borcları onun xeyrinə dərhal ödəməlidir:
(a) onun şüurlu surətdə Potensial ləğv etmə halı hesab etdiyi istənilən halın təhqiqatı nəticəsində;
(b) tədbir nəticəsində və ya Təminatçı tərəfindən alınmış istənilən xəbərdarlıq, sorğu və ya təlimatın həqiqi, dəqiq və müvafiq surətdə səlahiyyətli olduğuna məntiqlə inanaraq onların əsasında.
9 Əvəzləşdirmə
Hər bir Kompensasiya alan şəxs ödəniş yerindən, sifariş şöbəsindən və ya istənilən öhdəlik valyutasından asılı olmayaraq Kompensasiya alan şəxsin Təminatçı qarşısında malik olduğu istənilən ödənilməli olan öhdəliyə münasibətdə Təminatçı tərəfindən bu Təminata əsasən İcarəyəverənə onun adından və ya Kompensasiya alan şəxsin xeyrinə çatacaq istənilən ödənilməli olan öhdəliyi əvəzləşdirə bilər. Öhdəliklər müxtəlif valyatalarda olarsa, Kompensasiya alan şəxs əvəzləşdirmə məqsədilə istənilən öhdəliyi adi iş rejimi zamanı bazar mübadilə məzənnəsi ilə konversiya edə bilər.
10 Bölüşdürmə
-
Bu Təminata əsasən İcarəyəverən tərəfindən alınan hər ödəniş 10.2. və 10.3. bəndlərinə əsasən Gəlir və Prioritetlərin tətbiq edilməsi haqqında Aktın 5-ci bəndinin şərtlərinə uyğun olaraq tətbiq edilməlidir.
-
İcarəyəverən (Təminatçının razılığı ilə və ya 9-cu bəndə (Kompensasiya) əsasən) onun tərəfindən ödəniş məqsədilə Təminatçı üçün alınan (alınma tarixinə, valyutası və vasitələri ilə) istənilən məbləğdən və ya istənilən miqdarda hər hansı valyutanın əldə edilməsi üçün Təminatçıdan alınmalı olan və bu qayda ilə tətbiq ediləcək istənilən məbləğdən istifadə edə bilər.
-
Gəlir və Prioritetlərin tətbiq edilməsi haqqında Aktın 5-ci bəndi (Çeklərin alınması və ödənilən vəsaitlər haqqında Bəyanat) istənilən Təminatçı tərəfindən ayrılmış istənilən məbləğ üzərində üstünlük təşkil edir.
11 Qismən etibarsız olma
Tənzimləyici sənədlərin hər hansı şərti istənilən vaxt istənilən yurisdiksiyanın istənilən qanununa əsasən hər hansı münasibətdə qeyri-qanuni, etibarsız və ya həyata keçirilməsi mümkün olmayandırsa və ya ola bilərsə, qüvvədə olan şərtlərin qanuniliyinə, etibarlılığına, qanuni qüvvəsinə, habelə istənilən digər yurisdiksiyanın qanununa əsasən belə şərtin qanuniliyinə, etibarlılığına, qanuni qüvvəsinə hər hansı şəkildə toxunulmayacaq və onlar qüvvədən düşməyəcəkdir.
12 Məhkəmə müdafiəsi vasitələri və hüquqdan imtina
İcarəyəverənin və ya istənilən digər Kompensasiya alan şəxsin Tənzimləyici Sənədlərə əsasən istənilən hüquqdan və ya tədbirlərdən imtina etməsi və ya onları ləngitməsi onları rədd etmə kimi istifadə olunmamalıdır. İstənilən hüququn və ya tədbirlərin nadir hallarda və ya qismən həyata keçirilməsi gələcəkdə bunun yenidən təkrar edilməsinin və ya istənilən digər hüququn və ya tədbirlərin həyata keçirilməsinin qarşısını almamalıdır. Bu Təminatda verilmiş hüquq və tədbirlər ümumidir və qanuna əsasən verilmiş hər-hansı hüquq və ya tədbirlərdən istisna edilməmişdir.
13 Düzəlişlər
İcarəyəverənin və Təminatçının razılığı olmadan bu Təminatın heç bir şərti rədd edilə və ya üzərində düzəliş aparıla bilməz və istənilən bu cür düzəliş və ya rədd etmə bu Təminatdakı hər iki tərəf üçün məcburi olacaq. Əgər Təminatçı bu Təminata əsasən düzəliş, rədd etmə və ya razılıq tələb edərsə, Təminatçı hər bir Kompensasiya alan şəxsin sorğuya cavab verərkən, qiymətləndirmə apararkən, danışıqlar keçirərkən və ya həmin sorğu və ya tələbi yerinə yetirərkən çəkdiyi bütün xərcləri (hüquqi xidmətlərə görə komisyon xərclər də daxil olmaqla) birinci tələb irəli sürüldükdən sonra üç (3) İş Günü ərzində İcarəyəverənə ödəməlidir.
14 Xəbərdarlıqlar
14.1 Bu Təminata əsasən nəzərdə tutulmuş istənilən kommunikasiyalar yazılı şəkildə yerinə yetirilməlidir, əgər başqa cür bildirilməyibsə, faks və ya məktubla göndərilə bilər.
14.2 14.1-ci bəndin məqsədlərinə uyğun olaraq tərəflərin sayı və ünvanları:
(a) Təminatçı:
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Azərbaycan Respublikası,
Bakı şəhəri, S. Vurğun küçəsi, 83
Faks nömrəsi: +994 12 4930743
Kimə: Maliyyə nazirinə
(b) İcarəyəverən:
MSN 2487/2516/2588 Leasing Limited
POÇT QUTUSU 309 GT
Ugland House
South Church Street
George Town
Grand Cayman
Cayman Islands
Faks nömrəsi: +1 345 949 8080
Kimə: Direktora
Surəti: Etibarlı İdarəedənə:
ABN AMRO Bank N. V.
250 Bishopsgate
London EC2M 4AA
Faks nömrəsi: +44 20 767 6021
Hara: Agentliyin bölməsinə
və ya adresatın xəbərdarlıqla dəyişə biləcəyi digər ünvan yaxud faks nömrəsi. Belə bir xəbərdarlıq yalnız həqiqi tarix göstərildiyi və ya heç bir tarixin göstərilmədiyi və ya bu xəbərdarlığın alınma tarixindən sonra beş İş Günündən az tarix, həmçinin xəbərdarlıq alındıqdan sonra beş İş Gününə düşən tarix göstərildiyi təqdirdə qüvvəyə minə bilər.
14.3 Bu Təminata əsasən bir şəxsin tərtib edib digər şəxsə göndərdiyi məlumat və ya sənədlər yalnız aşağıdakılara riayət edildikdə etibarlı sayılacaq:
(a) faks vasitəsilə, burada hər şey dəqiq ifadə edilmişdir; yaxud
(b) poçt xərcləri qabaqcadan ödənilib poçtda depozitə qoyulduqdan beş İş Günü sonra müvafiq ünvana göndərilən məktub vasitəsilə.
Və əgər xüsusi şöbə və/yaxud vəzifəli şəxs 14.2-ci bənddə göstərildiyi kimi ünvanın detallarının bir hissəsi kimi müəyyən olunubsa, əgər həmin şöbəyə və/yaxud vəzifəli şəxsə müraciət edilirsə.
14.4 Tərtib edilib İcarəyəverənə göndərilən istənilən məlumat və ya sənəd yalnız İcarəyəverən, daha sonra isə 14.2-ci bənddə göstərilən şöbə və/yaxud vəzifəli şəxs tərəfindən alındığı təqdirdə qüvvəyə minir.
14.5 Lizinq müqaviləsi və ya istənilən digər Tənzimləyici Sənədə müvafiq olaraq tərtib edilən və ya İcarəyəverənə göndərilən istənilən məlumat və ya sənəd Təminatçıya çatdırılmış hesab ediləcək.
14.6 İstənilən Tənzimləyici Sənədə əsasən və ya onunla əlaqədar verilən istənilən xəbərdarlıq ingilis dilində yazılmalıdır. İstənilən Tənzimləyici Sənədə əsasən və ya onunla əlaqədar təqdim olunmuş bütün digər sənədlər:
(a) ingilis dilində yazılmalıdır və ya
(b) ingilis dilində tərtib edilmədikdə İcarəçinin tələbinə əsasən ingilis dilinə tərcümə edilərək təsdiq edilmiş mətnlə müşayiət olunmalıdır. Bu halda əgər sənəd qanunla müəyyən olunmuş konstitusiya sənədi və ya digər rəsmi sənəd deyilsə, ingilis dilinə tərcümə üstünlük təşkil edəcək.
15 Hesablamalar və təsdiq etmə
15.1 Tənzimləyici Sənədin nəticəsi olaraq və ya onunla əlaqədar keçirilən istənilən məhkəmə iclası və ya arbitrajda hər bir Kompensasiya alan şəxsin qoruyub saxladığı hesablarda aparılan qeydlər onlarda səhv aşkar edilmədiyi təqdirdə aid olduqları məsələlərin sübutunun prezumpsiyası hesab edilir.
15.2 Kompensasiya alan şəxsin istənilən Tənzimləyici Sənədə əsasən tarif və ya məbləği müəyyən etməsi və ya onu təsdiqləməsi, səhv aşkar edilmədiyi təqdirdə, aid olduğu məsələlər üzrə qəti sübut hesab edilir.
15.3 Tənzimləyici Sənədə əsasən hesablanan istənilən faiz, komisyon haqqı və ya ödəmə günü-gündən artaraq keçən günlərin və ilin üç yüz altmış (360) gününün faktiki miqdarı əsasında hesablanacaq. Təcrübənin Londonun banklararası bazarından fərqli olduğu yerlərdə isə həmin bazar təcrübəsinə müvafiq hesablanacaq.
16 Təminatın faydası
16.1 Bu Təminat məcburi olmalı və onun hər bir tərəfinin, həmin tərəflərin varislərinin və hüquqi varislərinin xeyrinə qüvvəyə minməlidir.
16.2 Hər bir Təminat alan tərəfin razılığı olmadan Təminatçıya burada göstərilən istənilən hüquq, mənfəət və öhdəliyini və ya onların hamısını başqasına ötürmək və ya vermək hüququ verilməməlidir.
16.3 İcarəyəverən Təmin etmənin verilməsi haqqında Sənədə müvafiq olaraq bu Təminatda göstərilmiş bütün hüquqlarını, mülkiyyət hüququnu və faizləri Etibarlı İdarəedənə təyin etmək yaxud vermək hüququna malik olmalıdır və Təminatçı belə bir təyinat və/ yaxud verilmə ilə razılaşır və onu tanıyır.
17 Təminatçı tərəfindən təsdiq edilmə
Təminatçı təsdiq edir ki, Təyyarə İcarəçi tərəfindən korporativ layner kimi istismar ediləcək və İcarəçi ilə Azərbaycan Respublikasının Prezidenti arasında Təyyarənin Azərbaycan Respublikasının Prezidenti tərəfindən istifadəsinə dair saziş mövcuddur.
18 Üçüncü şəxsin hüquqları
Tərəflərin bu Təminatın hər-hansı bir şərtinin bu Sazişin tərəfi kimi çıxış etməyən istənilən şəxs tərəfindən yalnız 1999-cu il Aktının Müqavilələrinə (Üçüncü şəxslərin hüquqları) əsasən həyata keçirilməsi ilə bağlı heç bir niyyəti yoxdur, 7.9. və 7.10-cu bəndlər istisnadır. Onlar Etibarlı idarəedən tərəfindən həyata keçirilə bilər. Tərəflər bu Təminata əsasən və bu Təminatın şərtlərinə müvafiq olaraq həmin Təminatın tərəfi kimi çıxış etməyən istənilən şəxsin icazəsi olmadan bütün və ya istənilən müvafiq hüquq və öhdəliklərini ləğv edə, dəyişdirə, təyin edə, ötürə və ya onlardan başqa cür azad ola bilərlər.
19 Qanun və yurisdiksiya
19.1 Bu Təminat İngiltərə qanununu rəhbər tutur və ona həmin qanuna müvafiq şəkildə baxılmalıdır.
19.2 Təminatçı İcarəyəverənin xeyrinə İngiltərə məhkəmələrinin dinləmələr keçirmək, istənilən şikayəti, hərəkəti və ya əməli müəyyən etmək, bu Təminatın nəticəsi olaraq və ya onunla əlaqədar yarana biləcək istənilən mübahisəni həll etmək üçün yurisdiksiyaya malik olmaları ilə qeyd-şərtsiz razılaşır və bu məqsədlər naminə bu cür məhkəmələrin yurisdiksiyasına qeyd-şərtsiz tabe olur.
19.3 Təminatçı hal-hazırda və ya bir qədər sonra 18.2-ci bəndə istinadən istənilən şikayəti dinləyib hərəkəti və ya əməli müəyyən etmək, bu Təminatın nəticəsi olaraq və ya onunla bağlı yarana biləcək istənilən mübahisələri həll etmək üçün təyin olunan məhkəmələrə qarşı irəli sürəcəyi etirazlardan qeyd-şərtsiz imtina edir. Həmçinin Təminatçı hər bir belə məhkəmənin narahatlığa səbəb olan və ya yersiz iclas olduğunu iddia etməyəcəyinə dair razılıq verir.
19.4 Təminatçı hər hansı bir şikayətə baxan prosesə, hərəkətə və ya dinləməyə Azərbaycanın İngiltərədəki Səfirinə xəbər verməklə İngiltərədəki istənilən şikayət, hərəkət və ya dinləmələrlə əlaqədar xidmət göstərilə biləcəyi ilə razılaşır, həmçinin Azərbaycan Hökumətinin istənilən diplomatik təmsilçisinin və ya diplomatik binasının bu cür şikayət, hərəkət və ya dinləmələrlə bağlı (Diplomatik Münasibətlərə dair Vyana Sazişi və Konsul Münasibətlərinə dair Vyana Sazişinə müvafiq olaraq) prosesə xidmət göstərilməsi ilə əlaqədar malik ola biləcəyi və ya əldə edə biləcəyi istənilən toxunulmazlıq və sarsılmazlıqdan imtina edir. Əgər hər hansı səbəbdən Təminatçı yaxud Təminatçının qulluqçusu və ya agenti xidmətdən imtina edərsə və ya 18.4-cü bənddə nəzərdə tutulmuş xidmətin qüvvəsinin olmadığını və ya onun üçün məcburi olmadığını iddia edərsə, Etibarlı İdarəedən (Təminatçıya ünvanlanmış yazılı xəbərdarlığa müvafiq olaraq və 18.4-cü bəndin şərtlərinə uyğun qabaqcadan qüvvədə olmuş xidmətin qanuniliyinə zərər vurmadan) dərhal prosesə xidməti öz adından qəbul etmək üçün İngiltərədə daha bir şəxsi təyin etmək hüququna malikdir. Burada olanların heç biri prosesə qanunla icazə verilən tərzdə xidmət göstərilməsinə mane olmamalıdır.
19.5 Səlahiyyətli yurisdiksiyanın istənilən məhkəməsində İcarəyəverənin Təminatçıya qarşı məhkəmə prosesini başlamaq hüququnu məhdudlaşdırmaq, həmçinin həm eyni, həm də müxtəlif vaxtlarda istənilən digər yurisdiksiyada məhkəmə prosesinin başlanmasını istisna etməklə bir və ya bir neçə yurisdiksiyada məhkəmə prosesini başlamaq üçün adları çəkilən yurisdiksiya orqanlarına təqdim edilən şikayətlərə baxılmayacaq (və baxılmamalıdır).
19.6 Təminatçı bu Təminatın nəticəsi olaraq və ya onunla əlaqədar məhkəmə iddiası və ya məhkəmə prosesi ilə bağlı istənilən yardımı göstərməyə və ya istənilən prosesdə məsələ qaldırmağa, o cümlədən, məhdudiyyət qoyulmadan, bu iddiada və ya məhkəmə prosesində qəbul edilə bilən hər hansı fərman və ya qərar nəzərə alınmadan hər hansı mülkiyyətə qarşı (istifadəsindən və ya istifadə üçün nəzərdə tutulmasından asılı olmayaraq) məhkəmə iddiasının yaradılmasına, onun icrasına və ya yerinə yetirilməsinə razıdır.
19.7 Təminatçının istənilən yurisdiksiyada özünün və ya aktivlərinin şikayətdən, yerinə yetirilmədən, tətbiq etmədən (bunun məhkəmə qərarının verilməsindən əvvəl icra edilərkən yardım olub-olmamasından asılı olmayaraq və ya başqa cür) və ya digər hüquq proseslərindən toxunulmazlığını tələb edə biləcəyi və bu cür yurisdiksiyada toxunulmazlığın təkcə özünə və aktivlərinə verilməyəcəyi (bunun həqiqətən tələb olunub-olunmadığından asılı olmayaraq) həddə qədər Təminatçı belə bir yurisdiksiyanın qanunlarına əsasən icazə verilən həddədək bu toxunulmazlığı tələb etməkdən və bununla da həmin toxunulmazlıqdan birdəfəlik imtina edir. Beləliklə, İngiltərədə keçirilən istənilən dinləmələrdə bir qədər əvvəl toxunulmazlıqdan imtina qüvvəyə malik olmalı, ən geniş imkanlar açmalı və ona 1978-ci ilin Toxunulmazlıq haqqında Dövlət Aktına müvafiq baxılmalıdır. Toxunulmazlıqdan imtina belə bir aktın məqsədləri naminə həmişəlik olmaq üçün nəzərdə tutulmuşdur.
19.8 Bu Təminat ingilis dilində iki orijinalda tərtib olunmuşdur.
Bunu TƏSDİQ ETMƏK üçün Təminatçı bu Təminatı bir saziş kimi lazımi qaydada imzalamış və surətləri mübadilə etmişdir. İcarəyəverən də bu Təminatı yuxarıda göstərilən gün və ildə lazımi qaydada imzalamışdır.
Razılıq kimi
Azərbaycan Hökuməti adından
lazımi qaydada vəkil edilmiş
maliyyə naziri tərəfindən
iştirakı ilə imzalanmışdır.
MSN 2487/2516/2588 Leasing Limited adından
lazımi qaydada vəkil edilmiş
imzalanmışdır
Dostları ilə paylaş: |