Naxçıvan xanlığı 1747-ci ildə Kəngərli tayfasının başçısı Heydərqulu xan Kəngərli (1747-1763) tərəfindən yaradılmışdır. Paytaxtı Naxçıvan şəhəri olmuşdur. Ərazisi Zəngəzur dağlarından Naxçıvana qədər torpaqları əhatə edirdi.
Naxçıvan xanları. Heydərqulu xan Kəngərli (1747-1763) xanlıq zəif olduğundan Qarabağ xanı Pənahəli xandan asılı olmuşdur. 1763-1783-cü illərdə xanlığı Hacı xan Kəngərli və Rəhim xan idarə etmişlər. Onların dövründə də xanlıq zəif idi.1783-cü ildə Xoy xanı Əhməd xan öz adamı Cəfərqulu xanı Naxçıvanda hakimiyyətə gətirdi.Kəlbəli xan Cəfərqulu xanı əvəz etdi və müstəqil siyasət yeritməyə başladı. 1787-ci ildə İbrahimxəlil xanın hücumuna məruz qalsa da, onu geri oturda bildi. 1792-ci ildə Kəlbəli xan İbrahimxəlil xanın ikinci hücumunu da dəf etdi.1795-ci ildə Ağa Məhəmməd xan Qacar Naxçıvana hücum etdi. Kəlbəli xan Rusiya meyilli xan idi və rus zabiti Zubovla yaxşı əlaqələr qurmuşdu. Buna görə də 1797-ci ildə Qacar ikinci yürüşündə onu həbs etdi və Naxçıvana Abbasqulu xan Kəngərlini xan təyin etdi. Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonra İran şahı Fətəli şah Kəlbəli xanı azad etdi və İrəvanda yaşamasına icazə verdi. 1803-cü ildə Kəlbəli xan Naxçıvana qayıtdı. 1827-ci ildə Naxçıvan xanlığı Rusiya tərəfindən işğal edildi və 1828-ci ildə Naxçıvan xanlığı ləğv edildi.
4.Şimali Azərbaycanda milli – siyasi partiyalar və təşkilatlar Birinci rus inqilabının yüksəlişindən qorxuya düşən çar II Nikolay 1905-ci il dekabrın 11-də Dumaya seçkilər keçirilməsi haqqında fərman imzaladı. Həmin fərmana uyğun olaraq 1906-cı il mayın 31-də Azərbaycanda I Dumaya seçkilər keçirildi. Görkəmli ictimai-siyasi xadimlər olan Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov, Əbdürrəhim bəy Haqverdiyev Dumaya deputat seçildilər. Rusiya müsəlmanlarından seçilən 46 deputat Dumada Müsəlman fraksiyasında birləşdi. Ə.M.Topçubaşov fraksiyanın sədri seçildi. Müsəlman fraksiyası Dumada Kadet partiyasının mövqeyində dayanmışdı. Lakin çar hökuməti I Dumanı 1906-cı il iyulun 7-də buraxdı.1906-cı ilin sonu - 1907-ci ilin əvvəllərində Azərbaycanda II Dumaya seçkilər keçirildi. Mülkədar və burjua ziyalılarının ləyaqətli nümayəndələri Fətəli xan Xoyski, Məmmədağa Şahtaxtinski, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Mustafa Mahmudov və Zeynal Zeynalov II Dumaya deputat seçildilər. II Duma 1907-ci il fevralın 20-də ilk iclasına başladı. Müsəlman deputatlar yenə də öz fraksiyalarını yaratdılar.Fraksiyanın hazırladığı on bir bölmədən ibarət proqramda türk xalqlarının bütün social-iqtisadi, siyasi və mədəni problemləri öz əksini tapmışdı. Lakin II Dumanın da fəaliyyəti çar hökumətini razı salmadı. 1907-ci il iyunun 3-də II Duma buraxıldı və III Dumaya seçkilər keçirilməsi haqqında çarın fərmanı verildi.
Yeni seçki qanunu son dərəcə mürtəce və müstəmləkəçi xarakterə malik idi. Qafqaz, Mərkəzi Asiya və Sibir xalqları siyasi cəhətdən qeyri-yetkin xalqlar hesab edilərək seçki hüququndan məhrum edildilər. Cənubi Qafqaz müsəlmanlarından III Dumaya cəmi bir nəfər – Xəlil bəy Xasməmmədov seçildi. Dumada tək olmasına baxmayaraq X.Xasməmmədov öz üzərinə düşən vəzifələri çox böyük məsuliyyət və ləyaqətlə yerinə yetirirdi.1912-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycanda IV Dövlət Dumasına deputat seçkiləri keçirildi. Bütün Cənubi Qafqaz müsəlmanlarından yeganə deputat hüquqşunas Məmmədyusif Cəfərov seçildi. O da öz sələflərinin yolunu ləyaqətlə davam etdirdi.
XX əsrin əvvəllərində Rusiyada baş verən siyasi hadisələr (rus-yapon müharibəsi, 1905-1907-ci illər inqilabi, erməni-azərbaycanlı münaqişəsi və s.) Azərbaycan xalqının milli mənlik şüurunun oyanmasına, milli özünüdərkin və milli təfəkkürün inkişafına mühüm təsir göstərirdi.Bu dövrdə milli hərəkatın başlanmasına iki əsas amil təsir göstərirdi: 1) milli burjuaziyanın dəstəyi ilə müxtəlif təhsil ocaqlarında təhsil alaraq vətənə qayıdan Azərbaycan gəncləri milli demokratik hərəkatın yaranması və inkişafında böyük rol oynamağa başladılar. İxtisasa yiyələnməklə bərabər qabaqçıl Avropa ideologiyası ilə də tanış olan Azərbaycan ziyalıları milli özünüdərketmə, mənəvi dəyərlər, xalqın tarixi, etnik mənşəyi ilə bağlı məsələlərin araşdırılmasının zəruriliyini anladı; 2) çarizmin türk-müsəlman xalqlarına qarşı yönələn milli müstəmləkə siyasəti nəticəsində milli hərəkatda “Milliyət və hürriyət”, “Məşrutə və müsavat” ideyaları geniş vüsət aldı. M.Ə.Rəsulzadənin dediyi kimi, “Millət inanmağa başladı ki, istiqlal xaricində onun üçün əlavə Azərbaycan yoxdur”.O dövrdə yaşamış milli ziyalılarımızın qabaqçıl nümayəndələrindən H.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, N.Nərimanov, C.Məmmədquluzadə, H.Cavid, Ü.Hacıbəyov, M.Ə.Sabir, Ə.M.Topçubaşov, F.Köçərli, M.Ə.Rəsulzadə və b. milli mətbuatda çıxış edərək xalqın milli təfəkkürünün formalaşmasında mühüm rol oynadılar. Bu işdə H.Zərdabinin, M.Ə.Rəsulzadənin, C.Məmmədquluzadənin millətçilik, dövlətçilik, demokratizm və azərbaycançılıq ideyaları misilsiz rol oynadı. Türk dünyasının görkəmli ideoloqları İ.Qaspıralı, Ə.Hüseynzadə, Y.Akçura oğlu, Ə.Ağaoğlunun türkçülüyə dair fikirlərində obyektiv olaraq Azərbaycanın milli müstəqilliyinin ümumtürk azadlığının tərkib hissəsi olduğu ideyası öz əksini tapdı.
Azərbaycanın qabaqçıl ziyalıları imperiyanın müstəmləkə əsarətindən azad olmaq məqsədilə ilk gizli siyasi təşkilatların yaradılmasını vacib bilirdilər. 1902-ci ildə Bakıda M.Ə.Rəsulzadənin rəhbərliyi ilə “Müsəlman gənclik təşkilatı” yaradıldı. Az sonra həmin təşkilat “Müsəlman demokratik “Musavat” cəmiyyəti”nə çevrildi. Azərbaycanlı fəhlələr arasında milli demokratik ideyaları yaymaq məqsədilə M.Ə.Rəsulzadə, M.H. Mövsümov, M.H.Hacınskinin təşəbbüsü ilə 1904-cü ilin oktyabr ayında “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı” yaradıldı. “Hümmət” təşkilatı RSDFP Bakı Komitəsinin nəzdində fəaliyyət göstərirdi. 1904-1905-ci illərdə “Hümmət” təşkilatının eyni adlı qəzeti nəşr etdirildi. 1906-1907-ci illərdə təşkilatın “Təkamül” və “Yoldaş” qəzetləri nəşr edilmişdi. Təşkilatın işində N.Nərimanov, M.Əzizbəyov, Ə.Axundov və b. fəal iştirak edirdilər.
1905-1906-cı illərdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri milli qırğınlar geniş vüzət aldığı üçün milli demokratik fikirli ziyalılar siyasi partiyalar və müdafiə cəmiyyətləri yaratmağa başladılar. Bu məqsədlə Əhməd bəy Ağaoğlu 1906-cı ildə “Difai” (“Müdafiə”) partiyasını yaratdı. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi. Partiyanın Gəncədə, Şuşada, Ağdamda, Bərdədə, Yevlaxda, Tərtərdə, Naxçıvanda, Qarsda, Vladiqafqazda və başqa yerlərdə şöbələri yaradılmışdı. Partiyanın “Qarabağ birlik məclisi” adlı şöbəsi Şüşada yerləşirdi. Kərim bəy Mehmandarovun sədrlik etdiyi şöbənin 400 nəfərlik suvaridən ibarət döyüş drujinası var idi. “Difai” partiyasının Gəncə şöbəsinin sədri Ələkbər bəy Rəfibəyli öz qüvvələrini qacaq Dəli Alının dəstəsi ilə birləşdirərək Gəncəbasarda erməni daşnaklarına divan tuturdu. Çar hakim dairələri “Difai” təşkilatından qorxur, onu “Müsəlman döyüş partiyası” adlandırırdılar.
1906-cı ilin avqust ayında Yelizavetpol şəhərində “Qeyrət” təşkilatı yaradılmışdı. Ş.Rüstəmbəyov tərəfindən əsası qoyulan “Qeyrət” təşkilatı öz qarşısına erməni təcavüzünə qarşı mübarizə aparmaq, Azərbaycan xalqının namusunu, qeyrətini, milli mənafeyini qorumaq məqsədini qoymuşdu. “Qeyrət” təşkilatının üzvləri hər həftə Yelizavetpol şəhərinin baş məscidində iclaslar keçirir, xalq arasında tədbiğat aparır, onların müdafiəsinin möhkəmləndirilməsinə çalışır və bu məqsədlə imkanlı adamlardan ianə toplayırdılar.
1907-ci ilin may ayında daha bir müsəlman partiyası olan “Müdafiə” təşkilatı yaradıldı. “Müdafiə” partiyasının rəhbəri korpus topoqrafı, podpolkovnik İbrahim ağa Vəkilov olmuşdur. Yelizavetpol quberniyasının qərb hissəsində və Tiflisə yaxın qəzalarda, əsasən Borcalıda fəaliyyət göstərən “Müdafiə” partiyası Azərbaycan milli hərəkatının inkişafında mühüm rol oynamışdır. Partiyanın amalı Qafqaz müsəlmanlarının ümumi düşmənə qarşı mübarizə birliyi, Azərbaycan xalqının azadlığı, maarif və mədəniyyətin inkişafı, nadanlığa, cəhalətə və geriliyə qarşı mübarizə motivlərinə söykənirdi. “Difai”, “Qeyrət” və “Müdafiə” təşkilatlarının başlıca məqsədi Azərbaycan xalqının erməni daşnakları və millətçiləri tərəfindən soyqırımının qarşısını almaq, tökülən günahsız qanların dayandırılması olmuşdur. Bu təşkilatların fəaliyyəti nəticəsində azğın erməni millətçilərinin quduz hərəkətlərinin qarşısı bir qədər alınmış, milli qırğın müəyyən dərəcədə dayandırılmışdır.
1905-1907-ci illər inqilabı türk xalqlarının milli mübarizəsinin yüksəlişinə yeni təkan verdi. Rusiya müsəlmanlarının birgə fəaliyyət istiqamətində mübarizəsi genişlənməkdə idi. Bunun nəticəsi olaraq 1905-ci il avqustun 15-də Nijni-Novqorod şəhərində Ümumrusiya müsəlmanlarının birinci qurultayı keçirildi. Qurultay “İttifaqülmüslümin” adlı Ümumrusiya müsəlman ittifaqını yaratmağı qərara aldı. Rusiya müsəlmanlarının ikinci qurultayı 1906-cı il yanvarın 13-dən 23-dək Peterburq şəhərində qeyri-leqal şəraitdə keçirildi. Qurultayda “Müsəlman İttifaqı”nın Nizamnaməsi və Proqramı müzakirə edilərək qəbul edildi. Proqramda Ümumrüsiya türklərini birləşdirmək və çarizmə qarşı vahid cəbhədə mübarizə aparmaq vəzifəsi irəli sürüldü.
1906-cı il avqustun 16-23-də Nijni-Novqorodda Ümumrusiya müsəlmanlarının üçüncü qurultayı keçirildi. Qurultay “Müsəlman ittifaqı”na rəhbərlik etmək üçün daimi yeri Bakı şəhəri olmaqla 15 nəfərdən ibarət Mərkəzi Komitə yaratmağı qərara aldı. MK-nin nəzdində üç nəfərlik büro yaradıldı. Onun tərkibinə Ə.M.Topçubaşov (sədr), A.Aponayev (xəzinədar) və Ə.İbrahimov daxil edildilər.
1905-ci ilin 17 Oktyabr Manifesti çar II Nikolay tərəfindən elan edildikdən sonra bir qrup Bakı liberalı kadetlərin Bakı şöbəsi ilə sıx əlaqədə olan Konstitusiyalı Müsəlman Partiyası yaratdı. Partiyanın Proqramında Cənubi Qafqazın öz məclisi (Seymi) və milli idarəçilik qurumları olan müstəqil bir bölgəyə çevrilməsi öz əksini tapmışdı.
Azərbaycan xalqının milli-azadlıq mübarizəsində mühüm rol oynamış “Müsavat” (“Bərabərlik”) partiyası 1911-ci ilin oktyabr ayında əvvəllər M.Ə.Rəsulzadə ilə “Hummət” qrupunda çalışmış Məhəmməd Əli Rəsulzadə, Abbasqulu Kazımzadə və Tağı Nağı oğlu tərəfindən yaradılmışdır. Partiyanın adı müsəlmanların ruslarla bərabər hüquqlara malik olmaq, bütün islam dünyasında müstəqilliyə qovuşmaq arzusunu özündə əks etdirirdi.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə çar hökumətinin verdiyi əhv-ümumidən istifadə edən M.Ə.Rəsulzadə Azərbaycana qayıtdı və “Müsavat” partiyasına daxil olaraq onun lideri oldu. Yarandığı ilk dövrlərdə “Müsavat” partiyası qeyri-leqal fəaliyyət göstərməyə məcbur olmuşdu. Üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə partiya üzvləri üç nəfərlik dərnəklərdə birləşmişdilər. “Müsavat”ın 1912-ci ildə qəbul etdiyi birinci Proqramı islami mahiyyətdə idi. Burada müsəlman xalqlarının birliyi, dövlət müstəqilliyi və dövlətçiliyinin bərpasına maddi və mənəvi yardım göstərmək, müsəlmanların birliyi və tərəqqisinə çalışan partiyalarla əlaqə yaratmaq vəzifələri irəli sürülmüşdü. M.Ə.Rəsulzadə öz əsərlərində partiyanın ideologiyasına ciddi təsir göstərdi, onun ideya istiqamətini “hümmətçilikdən millətçiliyə”, “islamçılıqdan türkçülüyə” doğru yeniləşdirməyə nail oldu. O, Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyasını başlıca istiqamət kimi irəli sürdü.
M.Ə.Rəsulzadə 1915-ci il oktyabrın 2-də “Müsavat” partiyasının oqranı olan “Açıq söz” qəzetini nəşr etdirməyə başladı. M.Ə.Rəsulzadə və partiya üzvlərinin çap etdirdikləri məqalələr azərbaycanlılar arasında türkçülük və millətçilik ideyalarının yayılmasında mühüm rol oynadı. “Müsavat” partiyasının yaranması ilə Azərbaycan milli hərəkatı özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Milli-azadlıq hərəkatının yüksəlişində, xalqımızın milli - mədəni bir varlıq olaraq dünya millətlərinə tanıdılmasında, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında “Müsavat” partiyasının müstəsna xidmətləri olmuşdur.