2.XIII-XIV əsrlərdə Azərbaycanın iqtisadi həyatı Monqol yürüşləri Azərbaycanın iqtisadi və mədəni həyatına mənfi təsir göstərdi. Köçəri monqollar oturaq əhaliyə məxsus torpaqları (əkin yerlərini, bağları və s.) ələ keçirir, öz mal-qaraları üçün otlaqlara çevirir, suvarma qurğularını dağıdır, əhalinin mal-qarasını əlindən alırdılar. Hülakilərin XIII əsrin ortalarında keçirdikləri iqtisadi tədbirlər nəticəsində yerli feodalların əksəriyyəti torpaq mülkiyyətindən məhrum oldular. Monqollar şəhər həyatına da ağır zərbə vurdular, bir çox sənətkarları qula çevirdilər.
Elxanilər köçəri əyanlara arxalanaraq ali hakimiyyət orqanları yaratdılar. Hülakilər dövlətinin başında Hülaki xanın nəslindən olan xan (elxani) dururdu. Əsas idarəetmə orqanı vəzirin başçılıq etdiyi divan idi. Monqollar tutduqları əraziləri şahzadə və əyanlar arsında bölüşdürmüşdülər. Cənubi Qafqaz əraziləri 110 monqol şahzadəsi və iri əyanına paylanmışdı. Dövlətin ərazisi hərbi- inzibati dairələrə - tümən və nahiyələrə bölünürdü. Hakim dairələr dörd zümrədən ibarət idi: elxanilər və onların ailə üzvləri, türk-monqol köçəri əyanları, ali ruhanilər və yerli feodallar. XIII əsrin ortalarında Hülakilər dövlətinin yaranması monqolların Azərbaycanda hakimiyyətini möhkəmləndirdi. Hülaki xan və Abaqa xanın dövründə vergilər qaydaya salındı, idarəçilik sistemi yaradıldı. Təsərrüfatda canlanma baş verdi. Monqol xanlarının siyasəti əvvəlki kimi yerli feodalların torpaqlarını ələ keçirmək idi. Yerli feodallar öz malikanələrini idarə etmək üçün Ali Monqol Xaqanından yarlıq, yəni icazə kağızı almalı idilər. Əvvəlki torpaq mülkiyyət formaları ilə (divan, xassə, mülk, iqta, vəqf, icma,) yanaşı, yeni torpaq mülkiyyət forması olan incu meydana çıxdı. İncu zəbt edildikdən sonra xana və onun nəslinə keçən torpaqlar idi və torpaq mülkiyyət forması kimi geniş yayılmışdı.
Monqolların dövründə əhalidən alınan vergilərin sayı 40-a qədər idi. Əvvəlki vergilərlə (xərac, cizyə, bac, təhər və s.) yanaşı, bir sıra yeni vergilər (tamğa, qopçur, tağar və s.) tətbiq edilmişdi. 1254-cü ildə 10 yaşından 60 yaşına qədər olan kişilər siyahiya alındı və onların üzərinə vergi qoyuldu. Torpaq vergisi xərac adlanır və məhsulun 70%-ni təşkil edirdi. Can vergisi qopçur adlanır, oturaq əhalinin vəziyyətindən asılı olaraq 1 dinardan 7 dinara qədər idi. Monqol qoşunlarını saxlamaq üçün tağar, tacirlərdən təhər və sənətkarlardan tamğa vergiləri alınırdı. Gömrük vergisi bac adlanırdı. Bundan başqa bağ-şümarə, xaneye-şümarə, monqol şahzadələri üçün ixracat, fövqəladə vəziyyətdə avarizat toplanırdı. Vergilərin toplanması ilə divan məşğul olurdu. Divan vergini ya məmurların (baskakların) vasitəsi ilə və ya icarə sistemi ilə yığırdı. İcarədarın icarə hüququnu təsdiq edən sənəd barat adlanırdı.