Biz devalvasiya məsələsinə köklü yanaşmalıyıq, idxalın strukturunu öyrənməliyik və valyutaya tələb yaradan bəzi malların, məsələn lüks avtomobillərin, yaxtaların, bahalı siqar və spirtli içkilərin ölkəyə gətirilməsini yüksək aksiz vergisi tətbiq etməklə azaltmalıyıq. Ilk növbədə, Azərbaycanda valyutanın sabitliyinin təminatı üçün –Valyuta Şurasının yaradılması vacibdir. Bütövlükdə valyuta və maliyyə təhlükəsizliyini təmin etmək üçün mövcud disproporsiyaları aradan qaldırmaq, ABŞ dollarına nisbətdə manatın mövqeyini möhkəmləndirmək lazımdır. Buna isə xammal və enerji daşıyıcıların qiymətindən asılı olmayaraq, yüksək texnoloji və elm tutumlu sənaye məhsullarının istehsalı və ixracının artırılması yolu ilə nail olmaq mümkündür.