Bank sektorunda konsolidasiya tədbirləri və struktur islahatları davam etdirilməli, rəqabətin stimullaşdırılması, bank-maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, o cümlədən elektron ödəniş sistemləri infrastrukturunun təkmilləşdirilməsi və onun əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Bank sisteminin kapitallaşması davam etdirilməli, regionlar üzrə bank şəbəkəsinin genişlənməsi təşviq olunaraq, tikinti-əmanət banklarının yaradılması dəstəklənməli, ipoteka kreditləşdirilməsi mexanizmi təkmilləşdirilməlidir. Elektron ödəniş, poçt-əmanət sistemləri inkişaf etdirilərək, bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi gücləndirilməlidir.
Müasir, beynəlxalq standartlara uyğun, iqtisadiyyata geniş kapitalizasiya imkanları təqdim edən və risklərin etibarlı idarə edilməsini təmin edən,yüksək səmərə ilə fəaliyyət göstərən qiymətli kağızlar bazarının formalaşdırılması istiqamətində mühüm addımlar atılmalıdır ki, qiymətli kağızlar üzrə qeyri-mütəşəkkil bazarın məhdudlaşdırılması, bazarın investorlar üçün cəlbediciliyinin artırılması məqsədi ilə sistemli tədbirlər həyata keçirilməli, bazarın peşəkar iştirakçılarının fəaliyyətini və onlara nəzarət mexanizmlərini tənzimləyən qanunvericilik təkmilləşdirilməlidir.