İkram Ziyad oğlu Qasımov
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.06 Dissertasiya şurası
Dissertasiya şurasının sədri: akademik
___________ Möhsün Zellabdin oğlu Nağısoylu
Dissertasiya şurasının elmi katibi: filologiya üzrə fəlsəfə doktoru,
dosent
___________ Sevinc Yusif qızı Məmmədova
Elmi seminarın sədri: filologiya elmləri doktoru, professor
___________ Qara İbrahim oğlu Məşədiyev
G İRİŞ
Mövzunun aktuallığı və işlənmə dərəcəsi. Dünyanın ictimai-siyasi və sosial həyatında baş verən dəyişmələr, milli elmi strategiyaların inkişaf etdirilməsi pedaqogika elminə və təhsil təcrübəsinə əsaslı təsir göstərir. Qərb dövlətlərində pedaqogika ideoloji və siyasi çərçivələrlə hüdudlanmadığından onlarda pedaqoji fikir sərbəst inkişaf etmiş, dövrün tələblərinə uyğun təhsil, təlim və tədris sistemləri yaradılmışdır. Dövlət və özəl təhsil sistemlərinin paralel fəaliyyəti pedaqoji fikrin rəqabət müstəvisində təkmilləşməsində xüsusi rol oynamışdır. Bu zaman ideoloji və siyasi təsir altında olan pedaqogikanın pozitiv cəhətləri, yüksək nəticələr verən nailiyyətləri nəzərə alınmışdır.
Hər bir elmin inkişafı onun anlayışlar sisteminin zənginləşməsi ilə müşayiət olunur. Sahənin anlayışları dil vasitələri ilə ifadəsini tapır. Yeni anlayış yeni terminin yaradılmasını şərtləndirir. Termin elmi dilin vahidi olmaqla yanaşı, bu elmə yiyələnməyin, bu elmi öyrənməyin əsas vasitəsidir. Odur ki, hər bir sahənin terminologiyası zaman-zaman tədqiqat obyekti olaraq diqqət mərkəzinə çəkilir. Elə bu cəhətlər Azərbaycan dili pedaqogika terminologiyasına dair tədqiqatın son dərəcə aktual olduğunu təsdiq edir. Çağdaş dövrümüzdə elmdə humanist pedaqogikaya əsaslanan yeni pedaqoji nəzəriyyəni formalaşdırıb təsdiq etmək, onu pedaqoji cəmiyyətdə yaymaq, təlim-tərbiyə və təhsil sistemimizin vacib vəzifələrindən biridir. Pedaqoji konsepsiyanın yenilənməsinin müasir prosesləri, bütöv pedaqoji sistemdə əxlaqi və mənəvi tərbiyəyə diqqətin artırılması xüsusi aktuallıq kəsb edir. Bu cür vəzifələrin həyata keçirilməsi, şübhəsiz ki, indiyə qədər pedaqoji sahədə qazanılmış təcrübə və nailiyyətləri, keçmiş pedaqoji irsi mütləq nəzərə almağı tələb edir. Buna görə pedaqogikada konseptual anlayışların yeni baxış bucağından nəzəri dərki və işlənməsi reallaşdırılmalıdır.
Sosial-siyasi, mədəni, iqtisadi və elmi-texniki sahələrdəki dəyişmələr pedaqoji terminologiyaya nüfuz edir. Nəzəri biliklər anlayış və terminlərlə təzahür tapdığından pedaqoqun əsas təfəkkür forması anlayış təfəkkürü olduğundan ideyalar mübadiləsi və anlayış və terminlərlə həyata keçirilir. Pedaqoji nəzəriyyə və praktikanın inkişafı, istifadə etdikləri anlayış və terminlərin vəziyyəti ilə təyin olunur. Bu, mövcud terminologiyanın, eləcə də sahə elmi dilinin formalaşmasının, həmçinin terminoloji proseslərin elmi biliklərin tələblərinə uyğunluğunun tədqiq edilməsini aktuallaşdırır.
Tərbiyənin yeni vəzifə və tələblərinin yaranması təlim-tərbiyə, təhsil təcrübəsində və pedaqoji ideyaların inkişafında daimi dəyişmələr əmələ gətirir. Nəticədə pedaqoji terminologiya inkişaf edir, sahəyə yeni terminlər daxil olur, pedaqogika elminin ənənəvi kateqoriyaları təkrar dərketmədən keçir, yeni humanist mahiyyətlə zənginləşir. Terminologiyada mənanın yenilənməsi, fəal elmi dərketməni tələb edir.
Azərbaycan pedaqoji terminologiyasının bir çox linqvistik və pedaqoji-linqvistik problemləri həllini tapmamışdır. Həllini gözləyən, müəyyən dərəcədə ekstralinqvistik səciyyə daşıyan məsələlərdən biri pedaqogikanın əsas anlayışlarının bir çoxunun vahid tərifinin və ya definisiyasının müəyyənləşdirilməməsidir. Pedaqogika terminologiyasında eyni terminin bir neçə anlayışı ifadə etməsi terminoloji sistem üçün qüsurlu cəhətdir. Bütün bu cəhətlər Azərbaycan dili pedaqogika terminologiyasının nizama salınmadığını və unifikasiya olunmadığını təsdiq edir. Bu sahənin müxtəlif istiqamətlərində istifadə olunan bütün terminlərin toplanmasına ciddi ehtiyac hiss edilir.
Pedaqogika terminologiyasında termin və pedaqoji leksika arasında sərhədlərin müəyyənləşdirilməsi, bu sahədə başqa sahə terminologiyalarının işlədilməsi xüsusiyyətlərinin araşdırılması xüsusi elmi-praktiki maraq doğurur və aktuallığı ilə seçilən tədqiqat istiqamətidir. Pedaqoji terminologiyanın təşəkkülü, formalaşma və inkişafı, sahə terminlərinin mənşəcə təsnifi, sahədə termin yaradıcılığı prosesinin müəyyənləşdirilməsi terminologiyanın bir çox problemlərinin həllinə istiqamət verir. Bütün bunlar mövzunun aktuallığını şərtləndirir.
Dostları ilə paylaş: |