Sahibliyə gəldikdə o, tam və natamam ola bilər. Tam sahiblikdə mülkiyyətçi öz mülkiyyətinin reallaşdırılmasından gələn gəlirlərin və bütün mülkiyyətinin tam sahibi olur, tam mənimsəmə hüququna malik olur. Sahibkar öz mülkiyyətinin müəyyən hissəsini fəaliyyətdə olan mülkiyyətə çevirə bilər yəni torpaq sahibi öz mülkiyyətinin bir hissəsini icarəyə verə bilər, bank sahibi müəyyən pul məbləğini müddətlə və faizlə kreditə verər və s. Bu halda gəlirlərin bir hissəsini sahibkar və digər hissəsinin tam sahibkar olmayan icarədar mənimsəyir. Deməli, sahibolmada hissə mənimsəməsi də olur.
İstifadə – əmlakdan, əşyalardan öz təyinatına görə faktiki istifadə edilməsidir. İstifadə – mülkiyyətin, sahibolmanın reallaşdırılması formasıdır. Sahibolma mülkiyyət funksiyasıdır, istifadə isə sahibolma funksiyasıdır. Əmlaka sahibolma və istifadə münasibətləri hüquqi qanunlar və insani əlaqələrlə möhkəmləndirilir.
Sərəncam – bu mülkiyyət obyektinin fəaliyyətinə göstəriş vermək barədə sahibkarın yaxud onun tapşırığı ilə digər şəxsin qərar qəbul etməsidir.
Azərbaycan qanunvericiliyinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncamvermə hüququna malikdir. Burada mülkiyyət sahibinin bilavasitə özünün sərəncam verməsi yaxud onun razılığı ilə təyin edilmiş şəxs tərəfindən sərəncam verilməsi prosesləri nəzərdən keçirilir, deməli, sərəncam verən bilavasitə mülkiyyətçi – sahibkar olmaya da bilər. Sahibkardan icarəyə götürdüyü əmlakdan istifadə edənlər də sərəncam vermək hüququna malik olurlar, bu proses istehsal olunan məhsullar barədə də sərəncam vermə cəhətlərini də əhatə edir.
Mülkiyyətin formalarından asılı olaraq sərəncam verən dövlət məmuru, xüsusi şəxslər, fiziki və hüquqi şəxslər ola bilər. İctimai mülkiyyət münasibətləri sistemindən fərqli olaraq, bazar iqtisadiyyatı şəraitində iqtisadi azadlığın təmin edilməsi ilə sərəncam verən fiziki və hüquqi şəxslərin sayı xeyli artıq olur. Müasir dövrdə çox ölkələrdə mülkiyyətçilərin adından istehsalın idarəetmə funksiyasını yerinə yetirən peşəkar təşkilatçılar – menecerlər (muzdlu idarəçilər) meydana gəlmişdir. Menecerlər daha səmərəli iqtisadi münasibətlər mühiti yaratmaq qabiliyyətinə malik olurlar.
Amerikalı F.Teylor, fransız A.Fayol menecerlik nəzəriyyəsinin əsasını vermişlər. Son illər bu nəzəriyyə Amerika alimləri Meri Follet və Elton Meyo tərəfindən inkişaf etdirilmişdir.
Bunlar psixologiya və sosiologiyanın nailiyyətlərindən istifadə edərək işçiləri müəssisəni idarə etməyə cəlb edərək, əmək həyatının məzmun və keyfiyyətini yaxşılaşdırmaqla, hər bir insanın potensial imkanını işə salaraq, təyin edilmiş vaxtda, minimum xərclərlə müəyyən miqdarda və keyfiyyətdə əmtəə istehsalına nail olma yollarını göstərmişlər
Beləliklə, mülkiyyətə bütöv yanaşsaq sahibolma, istifadə və sərəncamvermə bütövün hissələri, tamın elementləri olur. Bu elementlər arasındakı əlaqə belə olur: sərəncam istifadə ilə müəyyənləşir, istifadə sahibolma ilə müəyyənləşir, sahibolma mülkiyyətin forması ilə müəyyənləşir.
Dostları ilə paylaş: |