Mövzu 12. İkinci kiçik və orta yaş qruplarında uşaqlarda forma
haqqında təsəvvürlərin formalaşması
İkinci kiçik yaş qrupunda uşaqlar həndəsi fiqurlar haqqında ilk təsəvvürləri oyunlar vasitəsilə qazanırlar. Müxtəlif kürələr, kubiklər, həndəsi mozaika və s. oyun üçün əlverişli materialdır. Bu fiqurların adlarını müəllim söyləyir, lakin uşaqların həmin adları yadda saxlamasına ehtiyac yoxdur. Uşaqlar kürə ilə kubu ayırd edirlər. Kürəni diyirlətməklə müəyyən edirlər ki, kubu diyirlətmək olmur. Çalışmaq lazımdır ki, kürələr və kublar müxtəlif rəngdə olsun.
Müxtəlif rəngli və müxtəlif ölçülü kubları müşahidə edirlər. Kublardan müxtəlif fiqurlar, ev, qüllə və s. düzəldirlər. Sonra eyni rəngli kublardan və eyni rəngli şarlardan qruplar düzəldirlər. Fiqurların formalarına, rənglərinə və ölçülərinə görə fərqləndirilməsinə aid çalışmalar yerinə yetirilir. Müəllim ayrı-ayrı fiqurları nümayiş etdirməklə onların konturunu əli ilə göstərir və bu işi uşaqlara təkrar etdirir.
Sonrakı məşğələlərdə görmə və bilavasitə toxunma vasitəsilə həndəsi fiqurlardan dairəni, kvadratı və üçbucağı bir-birindən fərqləndirməyi, göstərməyi və adlandırmağı öyrədirlər. Burada işi asanlaşdırmaq üçün müxtəlif rəngli fiqurlardan istifadə olunur.
Əvvəlcə fiqurlar rəng əlamətinə görə, sonralar isə ölçülərinə görə müqayisə edilir. Nümayiş və paylama materialı kimi həndəsi fiqurların kağızdan, kardondan kəsilmiş modellərindən istifadə olunur.
Fiqurların formaları haqqında təsəvvür yaratmaq üçün müəllimin nümunəsi və göstərişi əsasında uşaqlar bu və ya digər hərəkətləri yerinə yetirirlər. Məsələn, şarı diyirlətmək olur. Çünki, səthi hamardır. Kubu diyirlətmək olmur, çünki təpələri mane olur.
Fiqurların fərqləndirilməsi və adlandırılmasına aid çalışmalar davam etdirilir. Məsələn, belə çaılşmalar vermək olar: “Dairəni sağ ələ, kvadratı sol ələ götür”. “Bütün kvadratları düzüm taxtasının üst cərgəsinə, bütün dairələri isə alt cərgəsinə düzün”, “Maşın üçün dörd təkər hazırla”.
İlin sonunda uşaqlar dairə, kvadrat və üçbucağı başqa rəngli fiqurların içərisində seçməyi bacarırlar.
Dostları ilə paylaş: |