Miandob şəhərindən şərqdə Leylan kəndi rayonunda yerləşən Qazaka (Qanzaka, madalıların qanza sözündəndir, “sərvət, xəzinə” deməkdir), ehtimal ki, artıq Atropatın zamanında dövlətin paytaxtı oldu.
Təəssüf ki, biz ölkənin iqtisadi həyatına, siyasi və mədəniyyət tarixinə çox az bələdik. Yazılı mənbələrin sayı cüzi, arxeoloji material son dərəcə azdır. Lakin həm bilavasitə qaynaqlardan alınan sübut-dəlillər, həm də dolayı məlumatlar və fərziyyələr əsasında ümumən Atropatena haqqında bildiklərimiz belə hesab etməyə əsas verir ki, Atropatena kənd təsərrüfatının, sənətkarlığın, ticarətin, şəhər həyatının çox inkişaf etdiyi, yüksək mədəniyyəti, əhalisinin Atropatena dili və yazı ənənələri olan bir ölkə idi.
Cənubi Azərbaycan ərazisində müstəqil dövlət yaradılması qədim ənənələrə malik ölkədə təsərrüfat həyatının fəallaşmasına, məhsuldar qüvvələrin yüksəlməsinə, ticarətin və sənətlərin canlanmasına çox kömək etdi. Daha sonrakı məlumatlar göstərir ki, Atropatenada məbəd torpaq sahibliyi inkişaf edibmiş. Antik müəlliflərin məlumatına görə, münbit torpaqlar maqlara məxsus imiş. Quldarlıq da inkişaf edibmiş.
Cənubi Azərbaycan tayfalarının və xalqlarının – kuti, lullubi, hurri, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos – Hellinizm dövründə madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı.
Atropatena fenomeninin ümumi xarakteristikasını verərkən qeyd etmək lazımdır ki, bu dövlət yeni şəraitdə köhnə Madanın etno-mədəni ənənəsini mahiyyətcə davam etdirsə də və ətraf aləm tərəfindən Mada kimi qavranılsa da, Azərbaycan məfhumunun özü, həmçinin onunla bağlı siyasi və etno-mədəni xarakterli hadisələr və vəziyyətlər məhz Atropatena dövründə təşəkkül tapmağa başlamışdı.
Nəticə
Tədqiqatçıların əksəriyyəti qəbul edirlər ki, müstəqil Atropatena dövləti Atropatın başçılığı altında e.ə. 223-cü ildə təşkil edilmişdir. Dövlət Atropatnın əsasını qoyduğu Atropatidlər sülaləsi tərəfindən idarə edilirdi. Bu sülalə eramızın III əsrinin I rübünə kimi Atropatenada hakimiyyətdə olmuşdur. Həmçinin müəyyən dövrdən sonra Atropatidlər həm də Parfiya hökmdarları olmuşlar. Belə ki, Parfiya hökmdar III Artabanın anası parflardan (IV Fraatın qızı), atası isə Atropatidlərdən olmuşdur. Beləliklə III Artabandan başlyaraq Atropatidlər həm də Parfiyaya ağalıq etmişlər.
Ədəbiyyat siyahısı
Abdulla Fazili – Atropatena, Bakı, 1993
AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan — XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri), “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Prof. M. T. Zehtabi – İran türklərinin əski tarixi, II cild, Tehran, 1998.