M.Eriksonun hipnoterapiyası.
XX əsrin məşhur psixoterapevtlərindən biri Milton Erikson (1901-1980) tərəfindən işlənib hazırlanmış bu üsulun bir sıra spesifik xüsusiyyətləri vardır.Klassik hipnoterapiyanın başlıca cəhətlərini özündə saxlamaqla yanaşı,Erikson hipnozu pasiyentə xüsusi yanaşma və hipnoz texnikasının ənənəvi üsullarını deyil,müəllifin təklif etdiyi şərtlərə riayət etməyi əsas götürür.Erikson təkidlə sübut etməyə çalışmışdır ki, pasiyentin istəyi nəzərə alınmadan müsbət nəticə əldə etmək mümkün deyil.Ona görə “pasiyenti onun arzu etdiyi şəraitdə və vaxtda müalicə etmək lazımdır”.
Erikson hipnoterapiyasından istifadə etməyin başlıca şərtləri və mərhələləri aşağıdakılardan ibarətdir:
Hipnoterapiyaya hazırlıq mərhələsinda pasiyentin qarşısında duran problem (bəzən xəstəliyin amili hesab edilən) araşdırılır və onun həlli yollarının şəxsin özü tərəfindən tapılmasına cəhd edilməsi tələb edilir.
Şəxsi trans halına gətirmək üçün psixoterapevt yardımçı ifadələrdən istifadə edir və pasiyentə sinir reaksiylarını (xüsusilə vegatativ reaksiyaları) nəzarətdə saxlaması tapşırığı verilir.
Şəxsin əlinin hərəkətinə xüsusi diqqət verilir.Məsələn,üzərinə qoyulmuş əlin yavaş-yavaş yuxarı qalxmasına hipnoz edilən adamın diqqətini cəlb etməklə hipnozu dərinləşdirmək mümkündür.Belə bir effektə nail olmaq üçün həkim xəstəyə təklif edə bilər ki, o əlini aşağı endirmək istəyirmi?Əgər bu hərəkəti edərsə,yuxusu dərinləşir.Bir müddət əli asılmış vəziyyətdə olan şəxs nəhayət yorulur və özü də hiss etmədən əli aşağı enməyə başlayır.Bunu reaksiya vəziyyətində müşahidə edən pasiyent tədricən psixoterapevtin təsiri altına düşür və getdikcə hipnotik trans dərinləşir.
Erikson hipnozu zamanı pasiyentə heç bir imperativ göstərişlər verilmir.Bütün siqnallar neytral məzmun daşımalı,şəxsin öz arzusuna uyğun icra edilməlidir.Məsələn,pasiyentin gözlərini yummasını tələb etmək yox,ona “Siz gözlərinizi yummaq istəyirsinizmi?” sualını vermək məsləhətdir.Pasiyent trans vəziyyətinə düşdükdə belə imperativ ifadələrdən çəkinmək lazımdır.Məsələn,əvvəllər onunla müzakirə etdiyimiz mövzunun seans vaxtı müsbət həll olunmasını istəyiriksə,aşağıdakı ifadələrdən istifadə edə bilərik.”Müalicə seansı ərzində siz yəqin ki,yeni təcrübə, bilik əldə etmək və problemlərinizi həll etmək istəyirsiniz.Bunu etmək heç də çətin deyil.Səy göstərə bilərsiniz,hər şey öz əlinizdədir”.
Erikson hipnozu ilə məşğul olan mütəxəssislər belə qənaətə gəlmişlər ki, bu üsul ənənəvi hipnoz müalicəsindən daha səmərəlidir.
Adi hipnoz müalicəsinda pasiyentlərin 20%-ə qədərinə təsir etmək mümkün olmur.Erikson hipnozunda isə psixoterapevtin təsiri 100%-dək ola bilər.
Ənənəvi müalicənin formulasi məqsədyönlü təlqinə əsaslanır və xəstəliyin konkret əlamətlərinə yönəlirsə,Erikson hipnoterapiyasında təlqinin məzmunu mücərrəd olub, pasiyentin bunlara əməl etməsi tam demokratik əsaslara söykənir.
Ənənəvi hipnoz zamanı qarşılıqlı münasibət strategiyası psixoterapevtin pasiyentə təsiri istiqamətində aparılır.Erikson hipnoterapiyasında bu ənənə pozulur.Pasiyentin fəal iştirakı nəzərə alınır və psixoterapevt bu arzuya uyğun olaraq hərəkət edir.
Dostları ilə paylaş: |