Burun boşluğu. Tənəffüs sisteminin başlanğıc hissəsini təşkil edir və həmçinin qoxu orqanı funksiyasını yerinə yetirir. Burun boşluğu burun çəpəri vasitəsilə iki yarım hissəyə bölünür. Bir cüt burun dəlikləri ilə xarici aləmlə və arxada xoanalarla udlaqla əlaqələnir. Burun boşluğunun divarları əsasən üz kəlləsi sümüklərindən təşkil olunmuşdur. Burun boşluğunun yan divarlarında 3 cüt: aşağı, orta və yuxarı burun balıqqulaqları yerləşir. Aşağı burun balıqqulaqları müstəqil sümüklər olduğu halda, orta və yuxarı burun balıqqulaqları isə xəlbir sümüyünün hissələridir. Burun balıqqulaqları arasında qalan sahələr aşağı, orta və yuxarı burun keçəcəklərini təşkil edir. Aşağı və orta burun keçəcəkləri tənəffüs, yuxarı burun keçəcəyi isə qoxu orqanı funksiyasını daşıyır.
Burun boşluğu burunətrafı ciblərlə əlaqədardır. Orta burun keçəcəyi əng, alın cibləri ilə və yuxarı burun keçəcəyi xalbir labirintinin hücrələri, əsas cibi ilə əlaqədardır. Aşağı burun keçəcəyinə gözyaşı axacağı açılır. Burun boşluğu selikli qişa ilə əhatə olunmuşdur. Bunun üzəri kirpikli epitellə örtülmüşdür. Selikli qişada çoxlu miqdarda selik ifraz edən vəzilər yerləşir. Tənəffüs nahiyəsində selikli qişanın rəngi çəhrayı olub, altı mağaralı venoz kələflərlə zəngindir. Bütün bu uyğunlaşmalar havanın tozdan, zərərli yad cismlərdən təmizlənməsini, optimal isidilməsini və ya soyudulmasını, nəmliyini təmin edir. Burun boşluğunun qoxu nahiyəsində selikli qişanın rəngi sarımtıl olub, qoxu reseptorlarından ibarətdir. Burada havanın kimyəvi tərkibi müəyyən olunur. Burun boşluğundan xoanalar vasitəsilə udlağın burun hissəsinə daxil olur. Udlaqda həzm və tənəffüs yolları bir-birilə kəsişir. Hava ağız boşluğu vasitəsilə də daxil ola bilər. Lakin bu zaman burun boşluğundakı uyğunlaşmalar olmadığı üçün havanın mexaniki dəyişikliklərə uğraması getmir. Ona görə də düzgün tənəffüs yalnız burun boşluğu ilə mümkündür.
Dostları ilə paylaş: |