5.3 Torpağın strukturu
Torpağın bölünə bildiyi hissələrə (aqreqatlara) torpağın strukturu deyilir. Onlar öz aralarında birləşmiş mexaniki elementlərdən ibarətdir. Struktur elementlərin forması, ölçüləri və keyfiyyət tərkibi müxtəlif torpaqlarda, həmçinin eyni torpağın müxtəlif horizontlarında eyni deyildir.
Torpaq strukturlu və ya struktursuz ola bilər. Strukturlu torpaq və ya süxur kütləsi bu və ya digər forma və ölçülərə malik hissələrə bölünür. Struktursuz torpağı təşkil edən mexaniki elementlər ya ayrı-ayrılıqda, iri aqreqatlarda birləşməmiş şəkildə olur və ya əksinə, sıx birləşərək başdan – başa sementləşmiş kütlə əmələ gətirir. Struktursuz hala tipik nümunə olaraq – yumşaq qumu göstərmək olar. Strukturlu və struktursuz torpaqlar arasında strukturluğun zəif göründüyü keçid hallar da mövcuddur.
Torpaq strukturunun qiymətləndirilməsi zamanı onun morfoloji anlayışını aqronomik anlayışından fərqləndirmək lazımdır. Aqronomik baxımdan torpaq o zaman strukturlu hesab edilir ki, onu təşkil edən ölçüsü 10 - 0,25 mm arasında dəyişən suyadavamlı topavari-dənəvər aqreqatların miqdarı 55 %-dən çox olsun.
Dostları ilə paylaş: |