Ruhani
Lorustan dağlarnda qatar bir tuneldən çıxıb digərinə girirdi. Bu maraqlı yolun döngələrində qatarın bütün vaqonlarını görmək olur. Qatarın koridorunda başımı pəncərədən çıxarmışdım ki, dağ otlarının ətrini gətirən bahar küləyi üzümə dəysin və lokomotivin qara tunel dəliklərinə girməsinə tamaşa edim. Bu zaman arxamdakı kupedən bir səs gəldi. Geri döndüm. Kupenin qapısı açıq idi. Bir qədər sonra Behşəhrdən olduğunu öyrəndiyim gənc pasdar cənab Ruhani bir nəfərlə mübahisə edirdi.
Zahidanlıların komandiri olan Ruhani üst çarpayıda oturmuş bir nəfərə nəsihət verirdi. Məndə maraq oyandı. Yarım addım atıb kupenin qapısının önünə çatdım. Ruhaninin uzun sifəti və burnu vardı. Tehranlılar kimi danışırdı, amma şimal ləhcəsinin qalıqları aydın duyulurdu. O, uşaqların birinin əlində siqaret görmüşdü. Ona deyirdi: "Əziz qardaş, sən indi döyüşçüsən, ölkənin gənclərinə nümunə olmalısan. Sən cihad və şəhadət yurduna yaxınlaşırsan. Düzgün deyil ki, şəriətə zidd iş görəsən". Çarpayıdan enməyə macal tapmamış gənc əzdiyi siqareti əlində tutub dedi: "Qardaş, şəriətə zidd niyə olur?! Mən yalnız bir siqaret çəkdim. Məgər siqaret çəkmək günahdır?! Risalənin harasında yazılıb ki, siqaret haramdır?!" Komandir onun hazırcavablığını görüb dedi: "En aşağı". Gənc çarpayıdan endi. Pasdar dedi: "Bax, qardaş, sağlamlığa ziyan vuran hər şey haramdır".
Gənc pasdar öz fiqhi məlumatlarına güvənib fətva verirdi: "Sənin öz canına ziyan vurmağa haqqın yoxdur. Bu bədən əziz İslamımıza və ölkəmizə xidmət etməlidir". Gənc əsgər öz komandiri olmayan Ruhaniyə dedi: "Əgər siqaret çəkmək haramdırsa, bəs nə üçün cəbhədə bəzi mühüm adamlar siqaret çəkirlər? Ruhani geyimində olan bir qardaşın siqaret çəkdiyini özüm görmüşəm, bax bu gözlərimlə!"
Komandir donub qaldı, siqaret çəkən gəncə qaneedici cavab tapa bilmədi. Buna görə də daha mülayim səslə dedi: "Bax, mənim qardaşım, digərlərinin səhvi sənin səhv etmənə haqq qazandırmır. Sən indi bir hərbçisən və qanunlara tabe olmalısan. Mən bu qatarın komandiri kimi sənə deyirəm ki, siqaret çəkməməlisən. Ayıb deyil?! Sən Səddamla və onun ordusu ilə vuruşmağa gedirsən, amma bu bir neçə santimetrlik siqaretlə vuruşa bilmirsən?! Doğrudan, ayıb deyil?!"
Komandir hərbi əmr verəndə "komandirə itaət imama itaətdir" sözünü dəfələrlə eşitmiş gənc şalvarının bir cibindən siqaret, o biri cibindən də kibrit qutusunu çıxarıb qatarın pəncərəsini açdı. Kupenin içinə külək doldu. O, siqareti və kibriti Lorustan dağlarının qayalıqlarına atıb komandirə sarı döndü, ayaqlarını bir-birinə bərk vurub əlini qulağına tərəf apardı və dedi: "Oldu, cənab komandir!"
Əhvaz
Bir-iki aylıq fasilədən sonra yenidən Əhvaza daxil olduq. Daha bu şəhər mənə qürbət deyildi. Hiss edirdim ki, mən də Əhvaza qərib deyiləm. Düşmən şəhərin düz qırağında səngər qurmuşdu, amma şəhərdə həyat öz axarı ilə gedirdi.
Bir neçə gün Əhvazın Şəhid Rəcai məktəbində qaldıq. Gözləyirdik ki, fərman verilsin, biz də silahlarımızı götürüb ön xəttə gedək və pıçıltısı hər yerə yayılmış əməliyyatda iştirak edək. Lakin bu fərmanın nə vaxt veriləcəyi və əməliyyatın haradan başlanacağı bəlli deyildi.
Əhvazda təxminən bekar idik. Səhərlər hərbi təlim keçirdik, axşamüstü isə Karun çayının kənarındakı çəmənlikdə oturub bamiyə yeyirdik. Bamiyəsatan kişi böyük bir podnosu başının üstünə qoyurdu. O, qızılı rəngli və bol şirəli bamiyələri podnosa gözəl formada düzüb qəliz cənub ləhcəsilə qışqırırdı: "Bamiyə ye, güləş. Yıxılsan, təzədən güləş". O hər dəfə bu reklamları yayımlayanda nə demək istədiyini düşünürdüm.
Daimi müştərisi idik. Bir-iki bamiyə yeyib ballı şirəsindən həzz alandan sonra tanımadığım bir əsgərin məharətli çıxışının zamanı çatırdı. Onun çıxışı hər kəsi heyrətə salırdı.
Hər gün axşamüstü, günəş batanda bir ordu əsgəri peyda olub Əhvazın qövsşəkilli körpüsünün başına gəlirdi. Dəmir tağlardan birinin yanında bir anlıq dayanır, sonra isə çox soyuqqanlılıqla tağın sərt yoxuşu ilə qalxırdı. Sanki enli bir küçədə yol gedir. Bizim və bütün görənlərin həyəcanlı gözləri önündə həmin ensiz yerdə addımlayır, yavaş-yavaş sürətini artırırdı. O, gedir, həyəcandan da bizim nəfəsimiz dayanırdı. Ən hündür nöqtəyə çatanda oturub ayaqlarını sallayır və gözünü bir müddət çayın zəif axarına dikirdi. Hava qaralmazdan öncə yerindən qalxıb yavaş-yavaş enir və işinin ardınca gedirdi.
Kinoteatr
Bir dəfə vaxtımı keçirmək üçün beynimə kinoteatra getmək düşdü. Ürəyim razılaşmırdı, amma özümü qane edib bilet aldım. Sanki günah edirdim. Lakin birdən xeyrimə bir dəlil tapdım. Giriş qapısının üstündən vurulmuş ağ parçaya belə yazılmışdı: "Biz kinoteatra qarşı deyilik, pozğunluğa qarşıyıq!" İmam Xomeyni”
İnqilabdan sonra xalq hələ kinoteatrla barışmamışdı. Kino adamları imamın bu cümləsini kinoteatrın yuxarısından vururdular ki, xalqı cəlb etsinlər. İmamın sözünü oxuyandan sonra tərəddüd etmədim, bir bilet alıb qaranlıq zala girdim. "Şeytanın əli" filmi nümayiş etdirilirdi. Çox çəkmədən yenidən günah etdiyimi düşünməyə başladım. Zalın qaranlığı məni sıxırdı. Düşündüm ki, birdən düşmən qırıcıları Əhvaza hücum etsə və raketlərin biri kinoteatra düşsə, mənim aqibətim necə də pis olar. Filmi unudaraq qorxdum ki, birdən döyüş yerinə kinoteatr zalında ölərəm.
Qaranlıq zalda filmin qulaqbatıran səsi qorxumu artırırdı. Bilmirdim ki, bayırda - küçədə hər şey öz qaydasındadır, yoxsa yox? Görəsən şəhərdə sakitlikdir, yoxsa həyəcan siqnalı verilir? Ürəyim istəyirdi ki, zalın işıqları yansın, filmin səsi də o qədər azalsın ki, həyəcan siqnalının verilmədiyinə əmin olum. Lakin filmdəki musiqinin səsi hələ də qulaq batırırdı və zal hələ də zülmət qaranlıq idi. Tab gətirmədim. Qapının bir tayı azca açıq idi və qaranlıq zala zəif işıq düşürdü. İşığa sarı gedib sürətlə zaldan çıxdım. Səkiyə çatıb dərin nəfəs aldım. Hava aydın və səma sakit idi. Həsən İskəndərini və Əkbər Daneşini görmək üçün Şəhid Rəcai məktəbinə doğru yola düşdüm.
1982-ci ilin aprel ayının ortalarında canlı qüvvəni yerləşdirməyə başladılar. Tez silahlarımızı götürüb torpaq rəngli formaları geyindik, hərbi çantaları çiynimizdən aşırdıq və cərgəyə düzüldük. Günorta azanından bir saat sonra avtobusa minib Bostan magistralı ilə hərəkətə başladıq. Dəşt-Azadeqandakı qarnizona gedirdik. Çox keçmədən Həmidiyyəyə, bir neçə dəqiqədən sonra da qarnizonun dördmərtəbəli binasına çatdıq. Orada əşyalarımızı bir otağa qoyub əmr gözlədik. Həmin otaqda Məcid və Əli Zeyqəmilərlə, Hüseyn Qazizadə, Məhəmmədrza Əşrəf, Əli Məhəmmədi və Mahmud Məhəmmədi ilə tanış oldum. Onlar Kermandan idilər və bir-birilə qəliz Kerman ləhcəsi ilə danışırdılar.
Başım ağrıyırdı. Bu, yolun yorğunluğundan deyildi, elə də uzun yol gəlməmişdik. Bunun səbəbi çaya güclü vərdişim idi. Həsən İskəndəriyə dedim ki, inan mənə, indi bir stəkan çay olsa, neçəyə versələr, alaram. Həsən dedi: "Mənim də başım ağrıyır, amma burada mətbəx-zad yoxdur". Əkbər dedi: "Hələ gözləyin, bəlkə şam yeməyində çay da verdilər". Hələ tam tanış olmadığımız Məhəmmədrza Əşrəf bizə qulaq asırdı. Mənim bir stəkan isti çaya həddən artıq həvəsimi görüb dilləndi və beləcə tanışlığa yol açdı: "Doğrusunu de, bir stəkan çaya nə qədər verərsən?"
Əşrəfin uca boyu və çox arıq bədəni vardı. Bir cüt iri gözü o anda mehriban nəzərə çarpırdı. Dedim ki, əlli tümən. Bir stəkan çay üçün bu, böyük pul idi. Əşrəf dedi: "Sözünü tutacaqsan?" Dedim ki, bəli. Bu qədər tez bir-birimizlə dostlaşdıq. Hərbi çantasını divarın kənarından götürüb əlini dirsəyə qədər içinə saldı. Çantanın içində nəsə axtarırdı. Tapa bilməyib bütün çantanı boşaltdı. Hərbi çantanın içindən nələr tökülmədi: daraq, qayçı, güzgü, dərman, stəkan, iynə-sap, kompot, corab, çəkələk. Əşrəf isə başqa bir şey axtarırdı; mənim başağrımı sakitləşdirəcək şey. Hərbi çantanı çevirib göydə silkələdi. Başqa şeylər də yerə töküldü, amma o hələ də axtarırdı. Nəhayət, hərbi çantanın bir cibindən tapdı. Kiçik sellofanın içində bir paket çay və üç ədəd qənd vardı. Sellofanı götürüb qalibanə tərzdə təbəssüm etdi. Hərbi çantanın digər əşyalarını yerinə qoydu və kiçik sellofanı götürüb otaqdan çıxdı. Həyətdə bir qədər çör-çöp tapıb od qaladı. Tavasını qumqumasının suyu ilə doldurdu və bir neçə dəqiqədən sonra bir stəkan isti çayla otağa qayıtdı. Stəkanı dostcasına mənə uzadıb dedi: “Sənin kimi mən də çay içməyəndə başım ağrıyır. İndi isə əlli tümənin yerinə əlli dəfə salavat çevir”. Əşrəfin bu işi bizimlə onun və həmyerlilərinin arasında dostluğu möhkəmlətdi. Dəşt-Azadeqanda yalnız iki-üç gün qaldıq. Orada vaxtımız hərbi təlimlə keçirdi. Hər gün sübh namazından sonra Həmidiyyə şəhərinə qədər qaçırdıq. Oraya gedib-gəlmək bizi çox yorurdu. Lakin həmişəki kimi, komandir yorulduğumuzu görüb qışqırırdı: "Kim yorulub?" Biz olan-qalan taqətimizi toplayıb ucadan cavab verirdik: "Düşmən". Maraqlıdır ki, bu sual-cavab taqətimizi müəyyən həddə bərpa edirdi.
Dostları ilə paylaş: |