İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq Bismillahir-rəhmanir-rəhim



Yüklə 2,33 Mb.
səhifə13/43
tarix07.07.2018
ölçüsü2,33 Mb.
#55922
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

Məsələ 833: Kişinin qadın paltarı geyinməsi və qadının kişi paltarı geyinməsi, haram deyil, onunla namaz qılmaq da batil deyil. Amma vacib ehtiyata əsasən kişinin özünü qadın formasına, qadının da özünü kişi formasına salması caiz deyil.
Məsələ 834: Uzanmış halda namaz qılmalı olan şəxsin yorğan ya mələfəsinin namaz qılanın libasının şərtlərinə malik olması lazım deyil. Amma ona «geyinmişdir» deyiləcək şəkildə, məsələn ona büründüyü təqdirdə onunla namaz qılmaq caiz deyildir.

Namaz qılanın bədən və paltarının pak olmasının lazım olmadığı hallar
Məsələ 835: Aşağıda izah olunacaq üç halda namaz qılanın bədən və ya paltarı nəcis olarsa, namazı səhihdir:
1. Bədənində olan yara, cərahət və ya çiban vasitəsilə paltarına və ya bədəninə qan bulaşırsa.
2. Bədən və ya paltarı bir dirhəmdən az qana bulaşmış olsa, vacib ehtiyata görə dirhəm şəhadət barmağının bəndi qədər olur.
3. Nəcis bədən və ya paltarla namaz qılmağa məcburdursa;
Bir halda da əgər namaz qılanın paltarı nəcis olsa, namazı səhihdir. Bu hal namaz qılanın corab və ərəqçin kimi kiçik paltarının nəcis olduğu haldır. Bunlara aid hökmlər aşağıda geniş izah olunacaqdır.
Məsələ 836: Namaz qılanın bədəni və ya paltarında yara, cərahət və ya çiban qanı olarsa, o yara, cərahət və ya çiban sağalıncaya qədər həmin qanla namaz qıla bilər. Həmçinin əgər qanla çirk gəlsə və ya yara üzərinə qoyulan dərman nəcis olarsa və onun paltar və ya bədənində olsa, hökm eynidir.
Məsələ 837: Əgər tez yaxşılaşan və yuyulması asan olan bir kəsik və ya yaraya aid qan namaz qılanın bədən və ya paltarında olsa, dirhəm qədərində və ya ondan çox olsa namazı batildir.
Məsələ 838: Əgər bədənin və ya paltarının yaraya uzaq olan bir yeri yaranın rütubəti ilə nəcis olsa, onunla namaz qılmaq caiz deyildir. Amma əgər bədən və ya paltarının adi halda yaradan rütubət yetişəcək miqdarı o rütubətlə nəcis olsa, onunla namaz qılmağın maneçiliyi yoxdur.
Məsələ 839: Əgər bavasir yarasından və ya ağız, burun və bu kimi üzvün içində olan yaradan gələn qan bir kimsənin bədən və ya paltarında olsa, onunla namaz qıla bilər. Gözü çöldə olan bavasirlə daxildə olan arasında heç bir fərqi yoxdur.
Məsələ 840: Bədənində yara olan bir şəxs, əgər bədən və ya paltarında dirhəmdən çox miqdarda olan bir qan görsə və onun yaradan gələn qanmı, yoxsa başqa bir qanmı olduğunu bilmirsə, vacib ehtiyata görə onunla namaz qılmamalıdır.
Məsələ 841: Bədənində bir neçə yara olub və bir tək yara hesab olacaq şəkildə bir-birlərinə yaxın olarsa, hamısı yaxşılaşanadək onların qanı ilə namaz qılmağın maneçiliyi yoxdur. Amma əgər hər biri ayrı bir yara sayılacaq qədər bir-birlərindən uzaq olarsa, hansı yaxşılaşsa namaz üçün o yaradan bədən və paltara bulaşan qanı yumalıdır.
Məsələ 842: Əgər iynə ucu qədər heyz qanı namaz qılanın bədən və ya paltarında olarsa, namazı batildir. Ehtiyata görə donuz kimi eyni-nəcis olan heyvanın habelə, murdar və əti haram olan heyvanın qanı və nifas və istihazə qanı da eyni hökmü daşıyır. Amma insan qanı və ya əti halal olan heyvan qanı kimi digər qanlar bədənin bir neçə yerində olsa belə, üst-üstə dirhəm miqdarından az olarsa, onunla namaz qılmağın eybi yoxdur.
Məsələ 843: Astarsız paltara tökülüb arxasından çıxan qan, bir qan hesab edilir; hər tərəfin sahəsi çox olsa, onu hesab etmək lazımdır. Amma əgər onun arxasına ayrıca bir qan dəymiş olsa, hər birisini ayrı hesab etmək gərəkdir. Deməli paltarının üzü və arxasında görünən qan üst-üstə bir dirhəmdən az olsa, onunla namaz qılmaq səhihdir, əgər dirhəm qədər, ya ondan çox olsa batildir.
Məsələ 844: Əgər qan astarlı paltarın üstünə tökülüb astarına da yetişərsə və ya astarına tökülüb üzünə də çıxarsa, ya bir paltardan digərinə dəysə, hər birini ayrı qan hesab etmək gərəkdir. Əgər üst-üstə hesab etdikdə dirhəmdən az olsa, onunla namaz səhih, əks halda isə batildir. Amma əgər məsələn, xalq arasında bir qan sayılacaq qədər bir-birilə bitişik olarsa, sahəsi çox olan tərəfin qanı dirhəmdən az olarsa, onunla namaz səhihdir. Əgər dirhəm qədər ya ondan çox olarsa, batildir.
Məsələ 845: Əgər bədən və ya paltarında olan qan dirhəmdən az olsa və ona bir rütubət dəyəndən sonra ətrafa yayılsa, o rütubət və qan birlikdə bir dirhəm miqdarınca olmazsa belə, onunla namaz batildir. Amma əgər rütubət yalnız qana dəyib və ətrafa yayılmazsa, onunla namaz qılmağın bir maneçiliyi yoxdur.
Məsələ 846: Əgər bədən və ya paltar qana bulaşmayıb islaq olaraq qana dəyməsi nəticəsində nəcis olsa, nəcis olan miqdar bir dirhəmdən az olsa belə, onunla namaz qılmaq olmaz.
Məsələ 847: Əgər bədən və ya paltarda olan qan dirhəmdən az olsa və ona başqa bir nəcasat da dəyərsə, məsələn, onun üzərinə bir damla bövl tökülsə, o bədənin və ya paltarın pak bir yerinə də dəysə, onunla namaz qılmaq caiz deyildir. Hətta bədən və ya paltarın pak bir yerinə dəyməyibsə belə, lazım ehtiyata görə onunla namaz qılmaq səhih deyildir.
Məsələ 848: Namaz qılanın ərəqçin və corab kimi övrət yerini örtməyən kiçik paltarları nəcis olsa, əgər murdar və it kimi eyni-nəcis heyvandan düzəldilməmişsə, onlarla namaz səhihdir. Əgər nəcis murdardan, ya nəcis heyvandan düzəldilibsə, vacib ehtiyata əsasən onlarla namaz qılmaq batildir. Əgər nəcis üzüklə namaz qılarsa, maneçiliyi yoxdur.
Məsələ 849: Namaz qılanın üstündə nəcis dəsmal, açar, bıçaq və buna bənzər şeylərin olması caizdir. Həmçinin nəcis bir paltarın namaz qılanın üstündə (yanaşı) olmasının namaza bir zərəri yoxdur.
Məsələ 850: Əgər onun bədən və ya paltarında olan qanın bir dirhəmdən az olduğunu bilirsə, amma namazda əfv olunan (icazə verilən) qanlardan olduğuna ehtimal verirsə, o qanla namaz qılması caizdir.
Məsələ 851: Əgər paltar və ya bədənində olan qan bir dirhəmdən az olsa və əfv olunan (icazə verilən) qanlardan olduğunu bilmədən namaz qılsa, sonra da icazə verilməyən qanlardan olduğu aydınlaşsa, namazı yenidən qılmaq lazım deyil. Həmçinin əgər qanın bir dirhəmdən az olduğuna e`tiqad edib namaz qılsa və sonra da bir dirhəm miqdarınca və ya daha çox olduğu üzə çıxırsa, o namazı yenidən qılmaq lazım deyildir.
Namaz qılanın paltarında müstəhəbb olan şeylər
Məsələ 852: Fəqihlər (Allah onlara rəhmət eləsin!) namaz qılanın paltarında bir neçə şeyi müstəhəbb bilmişlər: o cümlədən: əmmamə təhtül-hənəklə (əmmamənin ucunu açıb çənənin altından dolandırıb boyuna salmaq), əba və ağ paltar geymək, ən pak paltar geymək, xoş ətirdən istifadə etmək, əqiq üzük taxmaq bunlara misaldır.

Namaz qılanın paltarında məkruh olan şeylər
Məsələ 853: Fəqihlər (Allah onlara rəhmət eləsin!) bir neçə şeyi namaz qılanın paltarında məkruh bilmişlər. O cümlədən qara, çirkli, dar paltar geyinmək, şərab içənin paltarını geymək, nəcasatdan pəhriz etməyənin paltarını geymək, paltarın düymələrini açıq qoymaq, üzərində şəkil olan üzüyü barmağa taxmaq və üzərində şəkil olan paltar geymək.

Namaz qılanın yeri
Namaz qılanın məkanının yeddi şərti vardır:

Birinci şərt:
Vacib ehtiyata əsasən mübah olmalıdır.
Məsələ 854: Bir kəs qəsbi mülkdə namaz qılsa, əgər xalça və taxt, bu kimi şeylərin üstündə belə olsa, lazım ehtiyata əsasən namazı batildir. Amma qəsbi tavan altında və qəsbi xeymədə namaz qılmağın maneçiliyi yoxdur.
Məsələ 855: Mənfəəti başqasının malı olan bir mülkdə oranın mənfəətinə sahib olan şəxsin icazəsi olmadan namaz qılmaq, qəsbi bir yerdə namaz qılmaq hökmündədir. Məsələn, kirayə edilmiş bir evdə, evin sahibi və ya başqa birisi, ev kirayələyən şəxsin izni olmadan namaz qılarsa, ehtiyata əsasən namazı batildir.
Məsələ 856: Bir kəs məsciddə otursa, əgər başqası onu kənar edib onun yerini işğal etsə və o yerdə namaz qılsa, günah etmiş olsa da namazı səhihdir.
Məsələ 857: Qəsb edilmiş olduğunu bilmədiyi bir yerdə namaz qılarsa və namazdan sonra o yerin qəsb edilmiş olduğunu bilərsə və ya qəsb edilmiş olduğunu unutduğu bir yerdə namaz qılıb sonra xatırlayarsa, namazı səhihdir. Amma əgər özü qəsb etmişdirsə, bunu unudaraq, orada namaz qılarsa, ehtiyata əsasən namazı batildir.
Məsələ 858: Əgər bir yerin qəsb edilmiş olduğunu və ondan istifadə etməyin haram olduğunu bilirsə, amma qəsb edilmiş yerdə namazın işkallı olduğunu bilməzsə və orada namaz qılarsa, ehtiyata əsasən namazı batildir.
Məsələ 859: Vacib namazını minik üzərində qılmaq məcburiyyətində olan bir şəxsin əgər mindiyi heyvan və ya yəhəri, ya da nalı qəsb edilmiş olarsa, vacib ehtiyata əsasən namazı batildir. O miniyin üzərində müstəhəbb bir namaz qılmaq istərsə də, hökm eynidir.
Məsələ 860: Bir mülkdə başqa birisi ilə şərik olan şəxs şərikinin hissəsi ayrılmamış, şərikinin icazəsi olmadan, o mülkün bir şeyindən istifadə edə bilməz və orada namaz qılmaq vacib ehtiyata əsasən batildir.
Məsələ 861: Xumsu verilməmiş pulla bir mülk alsa, əksər müamilələrdə olduğu kimi, külli şəkildə zimməsinə alsa, o mülkü işlətmək (təsərrüf etmək) halaldır və verdiyi pulun xumusuna borcu olur. Amma əgər xumsu verilməyən pulun eyni ilə mülk alsa, oradan istifadə etmək şəriət hakiminin icazəsi olmadan haram və orda namaz qılmaq vacib ehtiyata görə batildir.
Məsələ 862: Əgər mülkün sahibi dili ilə namaz qılmağa icazə versə və insan onun qəlbən razı olmamasını bilsə, o mülkdə namaz qılmaq caiz deyildir. Amma əgər icazə vermədiyi halda, insan onun qəlbən razı olduğuna əmin olarsa, namaz qılmaq caizdir.
Məsələ 863: Zəkat borcu və ya camaata borclu olan bir meyyitin mülkündən istifadə etmək, əgər onun evində namaz qılmaq kimi o haqqları verməklə bir ziddiyyəti olmazsa, varislərin icazəsi ilə maneəsizdir. Həmçinin əgər onun borcunu versələr və ya verməyə zamin olub zimməyə alsalar, yaxud onun borcu miqdarında irsdən ayırsalar, hətta tələfə səbəb olsa da, onun mülkündən istifadə etməyin maneçiliyi yoxdur.
Məsələ 864: Əgər meyyitin onun mirasçılarından bə`zisi kiçik (səğir) və ya dəli, ya da qaib olarsa, onların vəlilərinin icazəsi olmadan o mülkdən istifadə etmək haramdır və orada namaz qılmaq caiz deyildir. Amma meyyitin dəfn üçün hazırlanmasında lazım olan, adi təsərrüflərin eybi yoxdur.
Məsələ 865: Başqasının mülkündə namaz qılmaq ancaq açıqca izn verdiyi və ya namaz qılmağa dair razı olduğunu göstərən bir söz söylədiyi zaman (bir kimsəyə onun evində oturmağa və yatmağa izn vermiş olur ki, bundan namaz qılmağa da razı olduğu anlaşılır), ya da insan ayrı bir yoldan mülk sahibinin razı olduğuna güman etdiyi təqdirdə caizdir.
Məsələ 866: Çox geniş ərazilərin sahibi kiçik (səğir) və ya dəli olsa, yaxud orada namaz qılmağa razı olmasa belə, orada namaz qılmaq caizdir. Ətrafında divar və qapı olmayan açıq yerlərdə də sahiblərindən icazə almadan namaz qılına bilər. Amma bu halda malikinin razı olmadığı mə`lum olarsa, orada təsərrüf edilməməlidir. Amma əgər onların sahibi kiçik (səğir) və ya dəli olarsa, ya da razı olmadığı zənn edilərsə, lazım ehtiyat olaraq onlarda təsərrüf edilməməli və namaz qılınmamalıdır.

İkinci şərt
Məsələ 867: Namaz qılanın məkanı, vacib namazlarda namaz qılanın ayaq üstə durmasına, rüku və səcdələri yerinə yetirməsinə mane olacaq qədər çox hərəkətli olmamalıdır. Hətta lazım-ehtiyata əsasən, onun bədəninin sükunətinə də mane olmamalıdır. Əgər vaxtın darlığından və yaxud başqa səbəbdən, məsələn; maşın, gəmi və qatar kimi hərəkət edən yerdə namaz qılmaq məcburiyyətində qalarsa, mümkün olduğu qədər qibləyə və bədənin sükunətinə riayət etməlidir. Əgər onlar qiblədən başqa tərəfə hərəkət etsə, gərək qibləyə tərəf dönsün. Əgər qibləyə dəqiq şəkildə riayət etmək mümkün olmasa, çalışmalıdır ki, qiblə ilə olan fərq 90 dərəcədən artıq olmasın. Əgər bu da mümkün olmasa, gərək təkcə təkbirətül-ehramda qibləyə riayət etsin. Bu da müyəssər olmasa qibləyə riayət etməsi lazım deyil.
Məsələ 868: Avtomobildə, gəmidə, qatar və bu kimi yerlərdə onların dayandığı vaxt namaz qılmağın maneçiliyi yoxdur. Həmçinin hərəkət etdiyi vaxt, namaz qılanın bədəninin aram olmağına mane olmayan tərzdə olsa, eybi yoxdur.
Məsələ 869: Üzərində hərəkətsiz dayanmaq mümkün olmayan arpa, buğda anbarlarında və bu kimi yerlərdə namaz qılmaq batildir.

Üçüncü şərt
Namazı tamamlaya biləcəyinə ehtimal verdiyi bir yerdə namaz qılmalıdır. Külək, yağış, camaatın izdihamı və bu kimi səbəbdən namazını tamamlaya bilməyəcəyindən əmin olduğu bir yerdə rəcaən namaz qılarsa – hərçənd təsadüfən namazı tamamlasa belə – eybi yoxdur.
Məsələ 870: Əgər orada qalmaq haram olan yerdə, məsələn; uçulmağa mə`ruz qalmış bir tavanın altında namaz qılarsa, günah etməsinə baxmayaraq, namazının işkalı yoxdur.
Məsələ 871: Üzərində dayanmağı və oturmağı haram olan bir şeyin üstündə namaz qılmaq, məsələn, xalçanın Allahın adı yazılmış bir yerində əgər qürbət qəsdinə mane olarsa, səhih deyil.

Dördüncü şərt
Namaz qılanın (yerin) tavanı, onun ayaq üstə düz dayanmasına mane olacaq qədər alçaq olmamalı, həmçinin rüku və səcdə edə bilməyəcək qədər kiçik olmamalıdır.
Məsələ 872: Əgər ayaq üstə durmaq imkanı əsla olmayan bir yerdə namaz qılmaq məcburiyyətində qalarsa, oturaraq namaz qılmalıdır. Əgər rüku və səcdə etməyə imkanı yoxdursa, onlara başı ilə işarə etməlidir.
Məsələ 873: Ehtiramsızlıq olduğu təqdirdə, Peyğəmbər (s.ə.v.v) və İmamların (ə.s.) qəbirlərinin qabağında (yə`ni arxası qəbrə tərəf) namaz qılmamalıdır. Amma əgər hörmətsizlik olmasa, eybi yoxdur. Amma hər iki halda namaz səhihdir.

Beşinci şərt
Namaz qılanın yeri nəcisdirsə, namazı batil edən nəcislərdəndirsə bədən və ya libasına yetişəcək qədər yaş olmamalıdır. Amma alnını qoyduğu yer nəcis olarsa, quru olsa belə, namazı batildir. Namaz qılanın yerinin ümumiyyətlə nəcis olmaması ehtiyat-müstəhəbbdir.

Altıncı şərt
Lazım ehtiyat olaraq qadın (namazda) kişidən dalda dayanmalıdır. Qadının səcdə etdiyi yer, heç olmazsa, kişinin səcdə halında ikən dizlərinin yeri miqdarında olacaq qədər arxada olmalıdır.
Məsələ 874: Əgər qadın, kişi ilə bərabər və ya bir az qabaqda durarsa və birlikdə namaza başlayarlarsa, vacib ehtiyata əsasən namazlarını yenidən qılmalıdırlar. Biri digərindən qabaq namaza başlayarsa da, hökm eynidir.
Məsələ 875: Əgər kişi və qadın bərabər və ya qadın qabaqda dayanarsa və namaz qılsalar, divar, ya pərdə, ya başqa bir şey arada olsa belə ki, bir-birlərini görməsələr, ya aralarında on zira fasilə olsa, hər ikisinin namazı səhihdir.

Yeddinci şərt
Namaz qılanın alın yeri, dizlərindən və ayaq barmaqlarının başından dörd bağlı barmaqdan çox alçaq, ya uca olmasın. Bu məsələnin təfsilatı səcdənin hökmlərində deyiləcəkdir.
Məsələ 876: Naməhrəm kişi və qadının, günaha düçar olma ehtimalını verdikləri bir yerdə dayanmaları haramdır. Orada namaz qılmamaları da ehtiyat-müstəhəbbdir.
Məsələ 877: Qina oxunan, ya haram musiqi çalınan yerdə namaz qılmaq, onları dinləmək və istifadə etməyin günah olmasına baxmayaraq, batil deyildir.
Məsələ 978: Vacib ehtiyat odur ki, Kə`bə evində və onun damında ixtiyar halında vacibi namaz qılmasın, amma əlacsız halda eybi yoxdur.
Məsələ 979: Kə`bə evində və damında müstəhəbb namaz qılmağın eybi yoxdur. Hətta Kə`bə evinə daxil olarkən, hər rüknün qarşısında iki rük`ət namaz qılmaq müstəhəbbdir.

Namaz qılınması müstəhəbb olan yerlər
Məsələ 880: Müqəddəs İslam şəriətində namazı məsciddə qılmağa dair çox tövsiyələr olunmuşdur. Bütün məscidlərdən üstünü Məscidul-həramdır. Ondan sonra Peyğəmbər (s.ə.v.v.) məsciddidir, ondan sonra Kufə məscidi, sonra Beytul-müqəddəs məscidi, sonra hər şəhərin came məscidi və sonra məhəllə məscidi və ondan sonra isə bazar məscidi yaxşıdır.
Məsələ 881: Qadınların namazlarını, istər ev, istər məscid olsun və ya başqa bir yer, naməhrəmdən qorunmaq üçün daha münasib olan bir yerdə qılmaları daha yaxşıdır.
Məsələ 882: İmamların (ə) hərəmlərində namaz qılmaq müstəhəbbdir, hətta məsciddən daha yaxşıdır. Həzrət Əmirəl-mö`minin əli əleyhissəlamın mütəhhər (pak) hərəmində namaz qılmaq iki yüz min rük`ət namaza bərabərdir.
Məsələ 883: Məscidə çox getmək və namaz qılanı olmayan məscidə getmək müstəhəbbdir. Məscidlə qonşu olan şəxsin üzrü olmasa, məsciddən başqa yerdə namaz qılması məkruhdur.
Məsələ 884: İnsanın, məscidə getməyən şəxs ilə yemək yeməməsi, işlərində onunla məsləhətləşməməsi, ona qonşu olmaması və ona qız verib-almaması müstəhəbbdir.

Namaz qılınması məkruh olan yerlər
Məsələ 885: Bir neçə yerdə namaz qılmaq məkruhdur. O cümlədən:
1) Hamamda.
2) Şoranlıq yerdə.
3) İnsanın qarşısında.
4) Açıq qapı qarşısında.
5) Yolda, xiyabanda və o küçədə; belə ki, oradan keçən kəslər üçün əziyyət olmasın, əgər onlara zəhmət olsa, haramdır.
6) Od və çırağın qarşısında.
7) Aşpazxanada və od kürəsi olan yerlərdə.
8) Sidik yeri olan quyu və çala qarşısında
9) Ruhu olan canlının şəkil və heykəli ilə üzbəüz; amma üstünə pərdə çəkilsə eybi yoxdur.
10) Cünub şəxs olan otaqda.
11) Şəkil olan yerdə, hətta namaz qılan onunla üzbəüz olmasa da.
12) Qəbrin qarşısında.
13) Qəbrin üstündə.
14) İki qəbrin arasında.
15) Qəbiristanlıqda.
Məsələ 886: Camaatın keçdiyi yerdə namaz qılan və ya namazda ikən qarşısında bir şəxs olan kimsənin, önünə bir şey qoyması müstəhəbbdir. Bir çubuq və ya ip parçası olsa kifayətdir.

MƏSCİDİN HÖKMLƏRİ
Məsələ 887: Məscidin yer, tavan, dam və daxili divarını nəcis etmək haramdır. Onun nəcis olduğunu anlayan hər bir şəxsin, dərhal onun nəcasatını aradan qaldırması və paklanması lazımdır. Məscidin divarının xaricini də nəcis etməmək ehtiyat-müstəhəbbdir. Amma əgər olarsa, onu aradan qaldırmaq lazım deyil. Amma əgər məscidin divarının xaricini nəcis etmək, məscidin hörmətsizliyinə səbəb olarsa, əlbəttə haramdır. O hissəni paklayıb aradan qaldırmaqla, hörmətsizliyi aradan qaldırmaq lazımdır.
Məsələ 888: Əgər bir şəxsin məscidi paklamağa gücü çatmazsa və ya köməyə ehtiyacı olub, onu tapmazsa, məscidi paklamaq ona vacib deyil. Amma əgər başqasına xəbər verdiyi təqdirdə paklama işinin aparılacağını bilirsə, belə ki, nəcasətin qalması hörmətsizliyə səbəb olarsa, ona xəbər verməsi gərəkdir.
Məsələ 889: Əgər məscidin nəcis olan bir yerini paklamaq, oranı pozmadan və ya qazmadan da mümkün deyilsə, bu iş, az bir təxribi və ya qazmağı tələb edirsə, qazmaq və ya uçurmaq cüzi miqdarda olsa, ya məscidə hörmətsizliyin aradan qaldırılması böyük miqdarda sökməyə və ya qazmağa bağlıdırsa, oranı qazmaları və ya təxrib etmələri gərəkdir. Əks təqdirdə oranı təxrib etməsi işkallıdır. Qazılan yerin doldurulması və uçurulan yerin təkrar düzəldilməsi vacib deyildir. Amma əgər məscidin kərpici kimi bir şey nəcis olarsa, mümkün olduğu təqdirdə yuduqdan sonra, təkrar öz yerinə qoymaları lazımdır.
Məsələ 890: Əgər bir məscidi qəsb edib, onun yerində ev və buna bənzər bir şey tiksələr və ya artıq ona məscid deyilməyəcək qədər xarab olarsa, onu nəcis etmək haram deyil. Əgər nəcis olarsa, onu paklamaq vacib deyildir.
Məsələ 891: İmamların (ə.s) hərəmini nəcis etmək haramdır və nəcis olsa, əgər nəcis qalması hörmətsizlikdirsə, onu paklamaq vacibdir, hətta müstəhəbb ehtiyat odur ki, hörmətsizlik olmasa da paklasınlar.
Məsələ 892: Əgər məscidin həsiri ya kovroliti nəcis olsa gərək onu suya çəkəsən, amma əgər nəcis olan yeri kəsmək daha yaxşı olsa, gərək kəsilsin. Amma onun e`tina olunacaq qədər böyük hissəsini kəsmək, yaxud nöqsanlı olmasına səbəb olacaq şəkildə paklamaq məhəlli işkaldır. Amma əgər onun tərk olunması hörmətsizliyə səbəb olarsa, həmin qaydada paklanmalıdır.
Məsələ 893: Eyni-nəcisin və mütənnəcisin məscidə aparılması, məscidə hörmətsizlik olsa, haramdır. Hətta ehtiyat müstəhəbb odur ki, ehtiramsızlıq olmasa da, eyni-nəcis məscidə aparılmasın. Amma əgər insana bağlı olan bir şey, məsələn insanın bədən və ya paltarında olan yara qanı kimi şeyləri aparmağın eybi yoxdur.
Məsələ 894: Əgər məscidə mərsiyəxanlıq üçün çadır çəksələr, xalça döşəsələr, qara çəksələr və çay büsatı gətirsələr, əgər bu işlər məscidə zərər gətirməsə və namaz qılmaq üçün maneçilik törətməsə, eybi yoxdur.
Məsələ 895: Məscidi qızılla zinətləndirməmək vacib-ehtiyatdır. İnsan və heyvan kimi ruhu olan şeylərin rəsmləri ilə zinətləndirməmək ehtiyat-müstəhəbbdir.
Məsələ 896: Əgər məscid xarab da olsa, onu satmaq, yaxud mülkə daxil etmək olmaz.
Məsələ 897: Məscidin qapı-pəncərəsini və başqa şeylərini satmaq haramdır. Əgər məscid xarab olsa, gərək onları həmin məscidin tə`mirinə işlətsinlər. Əgər o məscidə yaramasa, gərək başqa məsciddə işlədəsən. Amma əgər o biri məscidlərə də yaramasa, onu sata bilərlər və onun pulunu əgər mümkündürsə, həmən məscidin tə`mirində, əgər ehtiyac yoxdursa, başqa məscidin tə`mirində işlətsinlər.
Məsələ 898: Məscid tikmək və ya uçulmaqda olan məscidi tə`mir etmək müstəhəbbdir. Əgər bir məscid tə`mir olunmağa qabil olmayacaq dərəcədə uçub-dağılmışsa, onu söküb yenidən tikə bilərlər; hətta camaatın ehtiyacı üçün sökülməmiş bir məscidi uçurub, daha da böyüdə bilərlər.
Məsələ 899: Məscidi təmizləmək, məscidin çıraqlarını yandırmaq müstəhəbbdir. Məscidə getmək istəyən şəxsin xoş ətir vurması, pak və qiymətli paltarını geyməsi və başmağının altını nəcasət olmadığını bilmək üçün yoxlaması müstəhəbdir. Məscidə daxil olanda əvvəl sağ ayağını, çıxanda isə sol ayağını atması müstəhəbbdir. Həmçinin insanın hamıdan qabaq məscidə gəlib, hamıdan sonra məsciddən çıxması da müstəhəbbdir.
Məsələ 900: Müstəhəbbdir ki, insan məscidə daxil olduqda təhiyyət və məscidə hörmət məqsədi ilə 2 rük`ət namaz qılsın və əgər başqa müstəhəbb, yaxud vacib namaz qılsa, kifayətdir.
Məsələ 901: Məsciddə yatmaq (əgər insan çarəsiz olmasa), dünya söhbətləri etmək, bir sənətlə məşğul olmaq və nəsihətli olmayan şe`rlər oxumaq məkruhdur. Həmçinin ağızın, burunun və sinənin bəlğəmini məscidə tökmək məkruhdur, hətta bə`zi vaxtlarda haramdır. Həmçinin itmiş şeyi tələb etmək, səsi yüksəltmək məkruhdur. Amma azanı uca səslə deməyin maneçiliyi yoxdur.
Məsələ 902: Dəlinin məscidə daxil olmasına yol vermək məkruhdur. Həmçinin, namaz qılanlara zəhmət verəcəyi və ya məscidi nəcis edəcəyi ehtimalı vardırsa, uşağın da məscidə daxil olmasına yol vermək eyni hökmü daşıyır. Bu iki haldan başqa, uşağı məscidə gətirməyin eybi yoxdur hətta bə`zi hallarda da uşağı məscidə aparmaq daha yaxşıdır. Soğan, sarımsaq və bu kimi şeyləri yeyib, ağzının qoxusu camaatı narahat edən şəxsin də məscidə daxil olması məkruhdur.

AZAN VƏ İQAMƏ
Məsələ 903: Kişi və qadının gündəlik vacib namazlardan qabaq azan və iqamə deməsi müstəhəbbdir. Digər vacib və müstəhəbb namazlar üçün isə, azan və iqamə məşru` (şər`i qanun) deyildir. Amma camaatla qılınan Fitr və Qurban bayramı namazlarından əvvəl üç dəfə «Əssəlat» demək müstəhəbbdir.
Məsələ 904: Uşağın dünyaya gəldiyi birinci gün yaxud göbəyi düşməzdən əvvəl sağ qulağına azan və sol qulağına iqamə demək müstəhəbbdir.
Məsələ 905: Azan 18 cümlədir:
Dörd dəfə: Əllahu əkbər
İki dəfə: Əşhədu ən la ilahə illəllah
İki dəfə: Əşhədu ənnə Muhəmmədən rəsulullah
İki dəfə: Həyyə ələssəlah
İki dəfə: Həyyə ələl-fəlah
İki dəfə: Həyyə əla xəyril-əməl
İki dəfə: Əllahu əkbər
İki dəfə: La ilahə illəllah
İqamə isə 17 (on yeddi) cümlədir, yə`ni əvvəldə iki dəfə «Əllahu əkbər» deyilir, «La ilahə illəllah» azanın sonundan bir dəfə azaldılır, «Həyyə əla xəyril-əməl» dedikdən sonra isə iki dəfə «Qəd qamətissəlah» əlavə edilir.
Məsələ 906: «Əşhədu ənnə Əliyyən vəliyyullah» azan və iqamənin hissəsi deyildir. Amma «Əşhədu ənnə Muhəmmədən Rə-sulullah»-dan sonra, qəsdi-qürbətlə deyilməsi yaxşıdır.

AZAN VƏ İQAMƏNİN TƏRCÜMƏSİ
اَللهُ اَكبَر
Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin