İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq Bismillahir-rəhmanir-rəhim



Yüklə 2,33 Mb.
səhifə5/43
tarix07.07.2018
ölçüsü2,33 Mb.
#55922
1   2   3   4   5   6   7   8   9   ...   43

Məsələ 321: Dəstəmazı olan şəxsin hər namaz üçün yenidən dəstəmaz alması da müstəhəbbdir. Fəqihlərdən bə`zisi buyurmuşdur ki, cənazə namazı qılmaq, qəbiristan əhlini ziyarət etmək, məscidə və İmamların (ə) hərəmlərinə getmək, yanında Qur`an gəzdirmək, Qur`an oxumaq və yazmaq, onun haşiyəsinə toxunmaq və eləcə də yatmaq üçün dəstəmaz almaq müstəhəbbdir. Amma bu işlər üçün dəstəmaz almağın müstəhəbb olması sübuta yetməyib. Amma əgər müstəhəbb olması ehtimalı ilə dəstəmaz alsa, səhihdir və dəstəmazla yerinə yetirilməli olan hər bir işi görə bilər. Misal üçün, o dəstəmazla namaz qıla bilər.

DƏSTƏMAZI BATİL EDƏN ŞEYLƏR
Məsələ 322: Yeddi şey dəstəmazı batil edir:
1. Bövl (sidik). Zahirən insandan, bövldən sonra və istibradan əvvəl xaric olan bələl (nəmlik) də bövl hökmündədir.
2. Ğait (nəcis).
3. Mə`də və bağırsaqdan gəlib ğaitin məxrəcindən çıxan yel.
4. Gözün görmədiyi, qulağın eşitmədiyi yuxu halı; amma gözün görməyib, qulağın eşitdiyi hal, dəstəmazı batil etməz.
5. Əqli aradan aparan şeylər: dəlilik, məstlik, ürəkkeçmə və s. kimi.
6. İrəlidə açıqlanacağı kimi, qadınların istihazə halları.
7. Cünub olmaq, hətta ehtiyat müstəhəbb olaraq qüslü vacib edən hər bir iş dəstəmazı pozar.
CƏBİRƏ DƏSTƏMAZININ HÖKMLƏRİ
Yara və sınığa bağlanan şey, həmçinin yara və bu kimi şeylərin üzərinə qoyulan dərmanlar «cəbirə» adlanır.
Məsələ 323: Əgər dəstəmaz yerinin birində yara, çiban və ya sınıq olsa, belə ki, üstü açıq olduqda su ona zərər yetirməzsə, gərək adi qaydada dəstəmaz alınsın.
Məsələ 324: Əgər yara, çiban və ya sınıq üzdə və əllərdə olsa, onun üstü açıq olsa və onun üstünə su tökməyin zərəri varsa, gərək yara və çibanın ətrafı dəstəmazda deyildiyi kimi yuxarıdan aşağıya yuyulsun. Ən yaxşısı odur ki, əlin suyunu yaranın üzərinə çəkməyin zərəri yoxdursa, əlin suyunu onun üzərinə çəksin, sonra yaranın üstünə pak parça qoysun və əlin suyunu parçanın üzərinə də çəksin. Amma sınıqda təyəmmüm etmək lazımdır.
Məsələ 325: Əgər yara, çiban və sınıq başın qabağında, yaxud ayaqların üstündədirsə və üstü açıqdırsa, belə ki, ona məsh çəkə bilməsə, məsələn; yara məsh yerini tamamilə örtmüşdürsə və ya sağlam olan yerlərini də məsh etməyə imkanı olmasa, bu surətdə təyəmmüm etmək lazımdır. Həmçinin dəstəmaz alıb, məsh yerinin üzərinə pak bir parça qoyaraq, əlində olan dəstəmaz suyunun nəmliyi ilə onun üzərindən məsh etməsi müstəhəbb-ehtiyatdır.
Məsələ 326: Əgər çiban, yara və sınığın üstü bağlı olsa, onu açmaq əziyyətsiz mümkündürsə və suyun onun üçün zərəri yoxdursa, gərək açsın və dəstəmaz alsın, istər yara və onun misli üzdə və əllərdə olsun, istərsə başın qabağında və ayaqların üstündə olsun.
Məsələ 327: Əgər üstü bağlı yara, çiban və ya sınıq üzdə və əllərdə olsa, onu açıb üzərinə su tökməyin zərəri varsa, ətrafının mümkün olan miqdarını yumalı və vacib ehtiyata görə «cəbirə»nin üzünə məsh etməlidir.
Məsələ 328: Əgər yaranın üstünü açmaq mümkün olmasa, lakin yara və onun üzərinə qoyulan şey pak olsa, suyun yaraya çatdırılması mümkündürsə və zərəri yoxdursa, gərək suyu yuxarıdan aşağıya doğru yaranın üzərinə çatdırsın. Əgər yara və ya onun üzərinə qoyulan şey nəcis olsa, lakin onu yuyaraq yaraya çatdırmaq mümkün olsa, onu yumalı və dəstəmaz alarkən suyu yaraya çatdırmalıdır. Yaraya zərəri olmadığı təqdirdə də, suyu ona çatdırmaq mümkün olmasa, yaxud yara nəcis olarsa və onu yumaq mümkün olmazsa, yaxud açılması çətinliyə və ya zərərə səbəb olarsa, təyəmmüm etməlidir.
Məsələ 329: Əgər cəbirə, dəstəmaz üzvlərinin bə`zisinin hər yerini örtmüş olsa, cəbirə dəstəmazı kifayətdir. Amma əgər dəstəmaz üzvlərinin hamısını ya çoxunu örtmüş olsa, ehtiyat olaraq təyəmmüm etməli və cəbirə dəstəmazı da almalıdır.
Məsələ 330: Cəbirənin namaz qılınması səhih olan şeylərdən olması gərək deyil, hətta ipəkdən və ya əti yeyilməsi caiz olmayan heyvanın hissələrindən olsa belə, onun üzərinə məsh çəkmək olar.
Məsələ 331: Əlinin içində və barmaqlarında cəbirə olan və dəstəmaz aldığı zaman islanmış əlini onun üstünə çəkən şəxs baş və ayaqlarını da həmin nəmliklə məsh edə bilər.
Məsələ 332: Cəbirə ayağın üzərinin hamısını eninə əhatə etmiş olduğu halda barmaq tərəfindən və ayağın üst tərəfindən bir qədər açıq qalmışsa, açıq olan yerlərdə ayağın üstünə və cəbirə olan yerlərdə cəbirənin üstünə məsh çəkməlidir.
Məsələ 333: Əgər üzdə və ya əllərdə bir neçə cəbirə olsa, gərək onların arasını yusun və əgər cəbirələr başda və ya ayaqların üstündədirsə, gərək onların arasına məsh çəksin və cəbirənin olan yerlərdə isə cəbirə göstərişinə uyğun əməl etsin.
Məsələ 334: Cəbirə yaranın ətrafından normadan çox yeri tutsa və əziyyətsiz onu qaldırmaq mümkün olmasa, onda cəbirə təyəmmüm yerlərində deyilsə, təyəmmüm etməlidir. Əgər təyəmmüm yerindədirsə, həm təyəmmüm etməli, həm də dəstəmaz almalıdır. Hər iki halda əgər cəbirəni qaldırmaq əziyyət vermirsə, onu qaldırmalıdır. Deməli əgər cəbirə üz və qollardadırsa onun ətrafını yumalıdır; əgər başda və ya ayaqların üzərindədirsə, onun ətrafını məsh etməlidir. Yara olan yer üçünsə, cəbirə hökmlərinə əməl etməlidir.
Məsələ 335: Əgər dəstəmaz üzvlərində yara, kəsik və ya sınıq yoxdursa, amma başqa səbəbə görə su ona zərər verirsə, təyəmmüm etməlidir.
Məsələ 336: Dəstəmaz üzvlərindən bir yerin damarı zədələnmişsə və onu suya çəkə bilmirsə, təyəmmüm etməsi lazımdır. Amma suyun onun üçün zərəri varsa, gərək cəbirə göstərişinə əməl etsin.
Məsələ 337: Əgər dəstəmaz və qüsl yerinə, aradan qaldırılması mümkün olmayan və ya dözülməyəcək qədər əziyyətli olan bir şey yapışıbsa, bu halda həmin şey təyəmmüm yerlərində deyilsə, təyəmmüm etməlidir. Təyəmmüm yerlərində olduğu təqdirdə isə, həm dəstəmaz almalı, həm də təyəmmüm etməlidir. Amma əgər yapışmış olan şey dərmandırsa, cəbirə hökmünü daşıyır.
Məsələ 338: Meyyit qüslündən başqa digər qüsllərdə cəbirə qüslü eynilə cəbirə dəstəmazı kimidir. Amma lazım ehtiyat olaraq o, tərtibi qaydada yerinə yetirilməlidir. Bədəndə yara və çiban olduğu təqdirdə mükəlləf qüsl və ya təyəmmüm arasında ixtiyar sahibidir, hansını istəsə edə bilər. Qüsl etməyi seçdiyi təqdirdə də, əgər onların üzərində cəbirə yoxdursa, üstü açıq olan yara və ya çibanın üstünə pak bir parça qoyub, həmin parçanın üstünə məsh çəkməsi müstəhəbb ehtiyatdır. Bədəndə sınıqlıq olduqda isə qüsl etməli və ehtiyatən cəbirənin də üstünə məsh çəkməlidir. Amma əgər cəbirənin üstünə məsh etmək mümkün deyilsə və ya sınığın üstü açıqdırsa, təyəmmüm etmək lazımdır.
Məsələ 339: Vəzifəsi təyəmmüm etmək olan bir şəxsin təyəmmüm üzvlərinin bə`zisində yara, çiban və ya sınıq olarsa cəbirə dəstəmazında bəyan olunan qayda üzrə cəbirə təyəmmümünü yerinə yetirməlidir.
Məsələ 340: Cəbirə qüslü və ya dəstəmazı ilə namaz qılmalı olan şəxs, əgər vaxtın sonuna qədər üzrünün aradan qalxmayacağını bilirsə, vaxtın əvvəlində namazını qıla bilər. Amma vaxtın axırına qədər üzrünün aradan qalxacağına ümidvardırsa, yaxşı olar ki, səbr etsin. Əgər üzrü aradan qalxmazsa, vaxtın sonunda namazını cəbirə qüslü və ya dəstəmazı ilə qılsın. Namazını vaxtın əvvəlində qıldığı surətdə, vaxtın sonunda üzrü aradan qalxarsa, bu zaman dəstəmaz alaraq və ya qüsl edərək, namazını yenidən qılması ehtiyat-müstəhəbbdir.
Məsələ 341: Əgər insan, gözündə olan xəstəliyə görə kipriklərini yapışdırmalı olsa, gərək təyəmmüm etsin.
Məsələ 342: Vəzifəsi təyəmmüm, yoxsa cəbirə dəstəmazı olmasını bilməyən şəxs vacib ehtiyata əsasən hər ikisini yerinə yetirməlidir.
Məsələ 343: İnsanın cəbirə dəstəmazı ilə qıldığı namazları səhihdir və o dəstəmazla sonrakı namazları da qıla bilər.
VACİB QÜSLLƏR
Vacib qüsllər yeddidir:
1. Cənabət qüslü.
2. Heyz qüslü.
3. Nifas qüslü.
4. İstihazə qüslü.
5. Məssi-meyyit qüslü.
6. Meyyit qüslü.
7. Nəzir, and və s. vasitəsilə vacib olan qüsllər.

CƏNABƏT

CƏNABƏTİN HÖKMLƏRİ
Məsələ 344: İnsan iki yolla cünub olur:
1. Cima (cinsi əlaqə) ilə;
2. Məninin xaric olması ilə; istər yuxuda olsun, istərsə ayıqlıqda, istər az olsun, istərsə çox, istər şəhvətli olsun, istər şəhvətsiz, istər ixtiyari olsun, istər ixtiyarsız.
Məsələ 345: Əgər insandan məni, ya sidik və ya başqa bir şey olduğunu bilməyən bir rütubət xaric olsa, belə ki, həmin rütubət şəhvətli və ya sıçrayaraq xaric olubsa, bu halda əgər xaric olduqdan sonra bədəni süst olarsa, o rütubət məni hökmündədir. Əgər bu üç nişanədən heç biri, ya onlardan bə`ziləri onda olmasa, məni hökmündə deyildir. Amma xəstə adamda o rütubətin sıçrayaraq xaric olması və xaric olduğu zaman bədənin süst olması şərt deyildir; sadəcə əgər şəhvətlə xaric olsa məni hökmünü daşıyır. Qadınlarda isə mazaqlaşan zaman, yaxud şəhvət yaradan şeyləri təsəvvür etməklə hiss etdikləri zaman xaric olan rütubət pakdır, qüslü yoxdur, dəstəmazı da batil etmir. Amma qadınlarda şəhvətlə çıxan, «inzal» adlana biləcək həddə olan və libaslarını aludə edən, adətən də şəhvətin ən şiddətli vaxtında xaric olan rütubət nəcisdir və cənabətə səbəb olur.
Məsələ 346: Xəstə olmayan bir kişidən, əvvəlki məsələdə deyildiyi kimi üç nişanədən birinə aid olan bir su çıxsa və başqa nişanələrin də onda olub-olmadığını bilməsə, o suyun çıxmasından əvvəl dəstəmazlı olubsa, həmin dəstəmazla kifayətlənə bilər. Əgər dəstəmazlı deyildisə, sadəcə dəstəmaz alması kifayət edər, qüsl etməsi lazım deyil.
Məsələ 347: İnsanın, məni xaric olduqdan sonra bövl etməsi müstəhəbbdir. Bövl etmədiyi təqdirdə, qüsldən sonra ondan, məni və ya başqa rütubət olduğunu bilmədiyi bir nəmlik xaric olarsa, həmin nəmlik məni hökmündədir.
Məsələ 348: Əgər insan qadınla cinsi əlaqədə olarkən alət, xütnəgaha (dəllək kəsən yerə) qədər, ya çox daxil olsa, istər qabaqdan olsun, istərsə arxadan, istər həddi-büluğa çatmış olsunlar, istərsə olmasınlar, məni xaric olmasa da, hər ikisi cünub olar.
Məsələ 349: Xütnəgah miqdarında daxil olub-olmadığında şəkk edən şəxsin qüsl etməsi vacib deyildir.
Məsələ 350: Əgər «nəuzu-billah», insan bir heyvanla yaxınlıq etsə və ondan məni xaric olsa, təkcə qüsl kifayətdir. Əgər məni xaric olmasa, onda yaxınlıqdan qabaq dəstəmazı var idisə, yenə də təkcə qüsl kifayətdir. Amma dəstəmazlı olmayıbsa, vacib-ehtiyata görə həm qüsl etməli, həm də dəstəmaz almalıdır. Həmçinin kişi ilə yaxınlıq (livat) edənin də hökmü belədir.
Məsələ 351: Əgər məni öz yerindən hərəkət edib xaric olmasa, ya insan onun xaric olub-olmadığında şəkk edərsə, qüsl etməsi vacibdir.
Məsələ 352: Qüsl edə bilməyən, amma təyəmmüm etməsi mümkün olan şəxs, namaz vaxtı daxil olduqdan sonra da əyalı ilə yaxınlıq edə bilər.
Məsələ 353: Əgər bir şəxs öz libasında məni görsə və onu, özündən olub, ondan ötrü qüsl etmədiyini bilərsə, qüsl etməlidir. Belə ki, o məninin gəlməsindən sonra qıldığına əmin olduğu namazları da qəza etməlidir. Amma məninin gəlməsindən qabaq qıldığına ehtimal verdiyi namazları qəza etməsi lazım deyil.
CÜNUB ŞƏXSƏ HARAM OLAN ŞEYLƏR
Məsələ 354: Cünuba beş şey haramdır:
1. Öz bədənindən hər hansı bir yeri Qur`anın yazısına ya Allahın adına (hansı dildə olsa) toxundurmaq. Peyğəmbərlərin, İmamların və Həzrət Zəhranın (ə.s) da adlarına toxundurmaması daha yaxşıdır.
2. Məscidul-Hərama və Peyğəmbər (s) məscidinə girmək. Bir qapıdan daxil olub, digər qapıdan xaric olsa belə.
3. Başqa məscidlərdə və vacib-ehtiyata əsasən İmamlar (ə.s)-ın hərəmlərində dayanmaq. Amma məscidin bir qapısından daxil olub, digər qapısından xaric olduğu halda, maneəsi yoxdur.
4. Lazım-ehtiyata əsasən, bir şeyi məscidə qoymaq, ya bir şeyi məsciddən götürməkdən ötrü daxil olmaq Hərçənd özü daxil olmasa belə.
5. Vacib səcdəsi olan ayələri oxumaq. Onlar bu dörd surədədir:
32-ci «Səcdə» surəsi;
41-ci «Fussilət» surəsi;
53-cü «Nəcm» surəsi;
96-cı «Ələq» surəsi.
CÜNUB ŞƏXSƏ MƏKRUH OLAN ŞEYLƏR
Məsələ 355: Doqquz şey cünuba məkruhdur:
1-2. Yemək-içmək. Lakin əllərini və ya üzünü yusa və məz-məzə edərsə (ağızı su ilə yaxalasa), məkruh deyil. Əgər yalnız əllərini yusa kərahəti azdır.
3. Qur`anın vacib səcdəsi olmayan surələrdən yeddi ayədən artıq oxumaq.
4. Bədənindən hər hansı bir yerini Qur`anın cildinə, haşiyəsinə, ya yazılarının arasına toxundurmaq.
5. Qur`anı özü ilə, öz yanında gəzdirmək.
6. Yatmaq; amma dəstəmaz alsa, yaxud suyun olmamağı səbəbinə qüslün əvəzinə təyəmmüm etsə, məkruh deyil.
7. Həna və buna bənzər şeylərə boyanmaq.
8. Bədənə yağ çəkmək.
9. Möhtəlim olandan (yə`ni yuxuda məni xaric olandan) sonra cinsi əlaqədə olmaq.

CƏNABƏT QÜSLÜ
Məsələ 356: Cənabət qüslü, vacib namazı qılmaq və bu kimi şeylər üçün vacibdir. Amma cənazə namazı, səhv səcdəsi, şükr səcdəsi və Qur`anın vacib səcdələri üçün cənabət qüslü etmək lazım (vacib) deyildir.
Məsələ 357: Qüsl edərkən vacib qüsl edəcəyini niyyət etməsi lazım deyil. Yalnız qürbət qəsdi ilə, yə`ni Allahın dərgahında bəndəçilik və Onun əmrini yerinə yetirməkdən ötrü qüsl edərsə, kifayətdir.
Məsələ 358: Namaz vaxtının daxil olduğuna əmin olub, vacib qüsl niyyəti edərək qüsl edər və sonra namaz vaxtından əvvəl qüsl etdiyini bilərsə, qüslü səhihdir.
Məsələ 359: Cənabət qüslü, tərtibi və irtimasi olaraq iki şəkildə yerinə yetirilir.
TƏRTİBİ QÜSL
Məsələ 360: Tərtibi qüsldə, lazım-ehtiyata əsasən, əvvəlcə qüsl niyyəti ilə baş və boyun, daha sonra bədən yuyulmalıdır. Əvvəlcə bədənin sağ tərəfinin, sonra isə sol tərəfinin yuyulması daha yaxşıdır. Tərtibi qüslün gerçəkləşməsində, suyun altında qüsl niyyəti ilə üç üzvə hərəkət vermək işkalsız deyildir və ehtiyat onunla kifayətlənməməkdir. Əgər qəsdən bədənini, başın və boynun yuyulması qurtarmazdan qabaq yuyarsa ehtiyata əsasən qüslü batildir.
Məsələ 361: Bədəni başdan əvvəl yuduğu halda, qüslü yenidən alması lazım deyildir, belə ki, bədəni ikinci dəfə yuyarsa, qüslü səhihdir.
Məsələ 362: Əgər iki hissəni, yə`ni baş və boyunla bədəni tamamilə yuduğuna yəqini olmazsa, gərək buna əmin olması üçün hər bir hissəni yuyarkən əvvəlki hissədən də bir miqdarı onunla birlikdə yusun.
Məsələ 363: Əgər qüsldən sonra bədəninin bir yerini yumadığını bilərsə, amma hansı yer olduğunu bilməsə başı yenidən yuması lazım deyil, bədəninin yumadığına ehtimal verdiyi yerini yumalıdır.
Məsələ 364: Əgər qüsldən sonra, bədəninin bir miqdar yerinin yuyulmadığını bilərsə, yuyulmayan yer sol tərəfdədirsə, o qədər yeri yumaq kifayətdir. Əgər sağ tərəfdədirsə, o miqdarı yuduqdan sonra, sol tərəfi yenidən yuması ehtiyat-müstəhəbbdir. Amma əgər baş və boyundursa, vacib ehtiyata görə gərək o miqdarı yuduqdan sonra bədənini yenidən yusun.
Məsələ 365: Əgər qüsl tamam olmazdan əvvəl sol və ya sağ tərəfin bir miqdarının yuyulub-yuyulmamasında şəkk edərsə, o miqdarı yuması lazımdır. Amma əgər baş və boynunun bir miqdarının yuyulmasında şəkk edərsə, lazım ehtiyata əsasən, şəkk etdiyi yeri yuduqdan sonra gərək yenidən bədənini yusun.
İRTİMASİ QÜSL
İrtimasi qüsl iki şəkildə: bir dəfəyə və tədrici olaraq edilir.
Məsələ 366: Bir dəfəyə olan irtimasi qüsldə, su bədənin hamısını bir anda əhatə etməlidir, amma qüslə başlamazdan əvvəl bədənin hamısının sudan xaricdə olması şərt deyildir. Əgər bədənin bir miqdarı xaricdə olan zaman qüsl niyyəti ilə suya girərsə, kifayət edir.
Məsələ 367: Tədrici olaraq edilən irtimasi qüsldə, gərək bədəni ürfi birliyi qorumaq şərti ilə yavaş-yavaş suya salsın. Bu cür irtimasi qüsldə, qüslə başlamazdan əvvəl hər üzvün sudan xaricdə olması lazımdır.
Məsələ 368: İrtimasi qüsldən sonra bədənin bir miqdarına su dəymədiyini bilərsə, istər onun yerini bilsin, istərsə də bilməsin, yenidən qüsl etməlidir.
Məsələ 369: Əgər tərtibi qüsl etməyə vaxtı olmasa, irtimasi qüsl üçün vaxtı varsa, irtimasi qüsl etməlidir.
Məsələ 370: Həcc və ya ümrə üçün ehram bağlayan şəxs irtimasi qüsl edə bilməz, amma əgər unudaraq irtimasi qüsl edərsə, qüslü səhihdir.
QÜSL ETMƏYİN HÖKMLƏRİ
Məsələ 371: İrtimasi və ya tərtibi qüsldə, bədənin qüsldən qabaq tamamilə pak olması lazım deyil, əksinə, qüsl qəsdi ilə suya batmaqla, yaxud suyu bədənə tökməklə bədən pak olsa, qüsl gerçəkləşmiş olur. Bu şərtlə ki, qüsl aldığı su pak olmaqdan xaric olmasın, məsələn kürr su ilə qüsl etsin.
Məsələ 372: Haramla cünub olmuş şəxs isti su ilə qüsl etsə, hətta tərləsə belə, onun qüslü səhihdir.
Məsələ 373: Qüsl edərkən bədəndə başın bir tükü qədər yuyulmamış yer qalsa, qüsl batildir. Amma qulağın içi, burunun içi kimi bədənin iç hissəsi sayılan yerin yuyulması vacib deyil.
Məsələ 374: Bədənin zahirindən və ya batinindən olmasında şəkk edilən yer yuyulmalıdır.
Məsələ 375: Sırğa yerinin dəliyi və bunun kimi yerlər bədənin zahirindən sayılacaq qədər açıq olarsa, yuyulması lazımdır, əks halda yuyulması lazım deyildir.
Məsələ 376: Suyun bədənə yetişməsinə mane olan şeyi aradan qaldırmaq lazımdır. Əgər aradan qaldırdığına əmin olmadan qüsl edərsə, qüslü batildir.
Məsələ 377: Qüsl edərkən bədənində suyun bədənə yetişməsinə mane olan şeyin olub-olmadığına ağıl kəsən ehtimal versə, axtarış aparıb maneənin olmadığına əmin olmalıdır.
Məsələ 378: Qüsl edərkən bədənin bir cüz`ündən sayılan qısa tüklər yuyulmalıdır, amma uzun tüklərin yuyulması vacib deyildir. Hətta əgər onları islatmadan belə suyu bədənin dərisinə çatdırarsa qüslü səhihdir. Amma əgər onları yumadan bədəninin dərisinə suyu çatdırmaq mümkün deyilsə, suyu bədənə çatdırmaq üçün onları yumalıdır.
Məsələ 379: Dəstəmazın səhih olmasında qeyd olunan şərtlər, suyun pak olması, qəsbi olmaması və s. bütünlüklə qüslün də səhih olması üçün şərtdir. Amma qüsldə bədənin yuxarıdan aşağıya doğru yuyulması lazım deyil. Həmçinin tərtibi qüsldə də, başı və boyunu yuduqdan dərhal sonra bədəni yumaq vacib deyildir. Belə ki, baş və boyunu yuduqdan sonra bir müddət səbr edərək sonra bədəni yumağın eybi yoxdur. Hətta baş və boyunun, yaxud bədənin bütünlüklə bir dəfəyə yuyulması da vacib deyildir. Belə ki, başı yuduqdan bir müddət sonra boyunun yuyulması caizdir. Amma bövl və ya ğaitinin gəlməsinin qarşısını ala bilməyən şəxs, əgər qüsl edib, namaz qıla biləcəyi bir müddət ərzində ondan ğait və ya bövl gəlməsə, dərhal qüsl etməli və qüsldən dərhal sonra namaz qılmalıdır.
Məsələ 380: Hamamçının razı olub-olmadığını bilmədən hamamda nisyə yuyunmaq qəsdində olan şəxsin qüslü, sonradan hamamçını razı salsa belə, batildir.
Məsələ 381: Hamamçının pulun nisyə verilməsinə razı olduğu təqdirdə, qüsl edən şəxsin məqsədi, onun pulunu ödəməmək və ya haram puldan ödəmək olarsa, qüslü batildir.
Məsələ 382: Əgər xumsu verilməmiş pulu hamamçıya versə, harama mürtəkib olsa da, zahir budur ki, onun qüslü səhihdir və xümsə müstəhəqqlərin haqqı onun boynunda qalır.
Məsələ 383: Qüsl edib-etmədiyində şəkk edən şəxs, qüsl etməlidir. Amma qüsldən sonra etdiyi qüslün səhih olub-olmadığında şəkk edərsə, yenidən qüsl etməsi lazım deyil.
Məsələ 384: Əgər qüsl əsnasında kiçik hədəs baş versə, məsələn, bövl etsə, qüslü tərk etməsi və yenidən qüsl etməsi lazım deyil, əksinə öz qüslünü tamam edə bilər və bu halda lazım ehtiyata əsasən gərək dəstəmaz da alsın. Amma əgər niyyətini tərtibi qüsldən irtimasiyə və ya irtimasidən tərtibi qüslə çevirsə dəstəmaz almağı da lazım deyil.
Məsələ 385: Əgər vaxtın dar olması üzündən mükəlləfin vəzifəsi təyəmmüm olubsa, amma o, qüsl və namaz qədər vaxtın qaldığını sanıb qüsl edərsə, onda qüslü qürbət qəsdi ilə etmiş olsa, hətta namazı yerinə yetirmək üçün qüsl etmiş olsa belə qüslü səhihdir.
Məsələ 386: Cünub olmuş şəxs namazdan sonra qüsl edib-etmədiyində şəkk etsə, qıldığı namazlar səhihdir. Amma sonrakı namazlar üçün qüsl etməlidir. Əgər namazdan sonra ondan kiçik hədəs baş veribsə, dəstəmaz da alması lazımdır. Əgər vaxt qalmışdırsa, lazım ehtiyata əsasən qıldığı namazı yenidən təkrarlamalıdır.
Məsələ 387: Boynuna bir neçə qüsl vacib olan şəxs hamısının niyyəti ilə bir qüsl edə bilər. Zahir budur ki, əgər onlardan müəyyən birini qəsd etsə, qalanları üçün kifayət edir.
Məsələ 388: Əgər bədənin bir yerinə Qur`an ayəsi və ya Allah-təalanın adı yazılmış olsa, belə ki, tərtibi qüsl etmək istəsə, suyu bədəninə əli o yazıya dəyməyəcək şəkildə çatdırmalıdır. Həmçinin əgər dəstəmaz da almaq istəsə, təkcə Qur`an ayəsi xüsusunda deyil, həm də Allahın adlarında da ehtiyat vacibə görə hökm eynidir.
Məsələ 389: Cənabət qüslü edən şəxsin namaz üçün dəstəmaz almamalıdır. Hətta dəstəmaz almasının ehtiyat-müstəhəbb olmasına baxmayaraq, mütəvəssitə istihazədən başqa digər vacib qüsllərlə, eləcə də 634-cü məslədə izah olunacaq müstəhəbb qüsllərlə də dəstəmaz almadan namaz qıla bilər.

İSTİHAZƏ
Qadından xaric olan qanlardan biri də istihazə qanıdır. İstihazə qanı görən qadına müstəhazə deyilir.
Məsələ 390: Əksər vaxtlarda istihazə qanı sarı rəngdə və soyuq olur, təzyiqsiz, yandırıcı olmadan xaricə gəlir və qatı olmur. Amma bə`zən qara, qırmızı və qatı olması, təzyiqlə və yandırıcı halda da xaric olması mümkündür.
Məsələ 391: İstihazə üç növdür:
1 - Qəlilə (az);
2 - Mütəvəssitə (orta);
3 - Kəsirə (çox).
Qəlilə istihazə odur ki, qan yalnız qadının qoyduğu pambığın üzünə bulaşsın, ona hopmasın.
Müstəvəssitə istihazə odur ki, qan pambığa hopsun, hətta onun bir tərəfində olsa belə; lakin qadınların qayda üzrə qanın qarşısını almaq üçün bağladıqları dəsmalın üstünə çıxmasın.
Kəsirə istihazə odur ki, qan pambığı bürüsün və dəsmala yetişsin.

İSTİHAZƏNİN HÖKMLƏRİ
Məsələ 392: Qəlilə istihazədə qadın, hər namaz üçün bir dəstəmaz almalıdır. Pambığı suya çəkməsi və ya dəyişdirməsi ehtiyat-müstəhəbbdir. Amma fərcin zahirinə qan yetişibsə, suya çəkməlidir.
Məsələ 393: Mütəvəssitə istihazədə, lazım ehtiyata əsasən, qadın öz namazları üçün gündəlik bir qüsl etməlidir. Həmçinin gərək əvvəlki məsələdə deyildiyi kimi, az istihazəsi olan qadının da vəzifəsinə əməl etsin. Buna əsasən əgər istihazə sübh namazından əvvəl, yaxud həmin anda hasil olsa, gərək sübh namazı üçün qüsl etsin. Və əgər qəsdən və ya unutqanlıq üzündən sübh namazı üçün qüsl etməsə, gərək zöhr və əsr namazı üçün qüsl etsin. Əgər zöhr və əsr namazı üçün qüsl etməsə, gərək şam və xiftən namazından əvvəl qüsl etsin, istər qan gəlsin, istərsə kəsilmiş olsun, fərqi yoxdur.
Məsələ 394: Kəsirə istihazədə vacib-ehtiyata əsasən, qadın hər namaz üçün pambıq və dəsmalı ya dəyişməli, ya da suya çəkməlidir. Həmçinin bir qüsl sübh namazı üçün, bir qüsl zöhr və əsr namazı üçün, bir qüsl də şam və xiftən namazı üçün yerinə yetirməlidir. Zöhr və əsr, şam və xiftən namazları arasında gərək fasilə verməsin. Əgər fasilə versə, gərək əsr və işa namazları üçün ikinci dəfə qüsl etsin. Bunlar hamısı qanın ardıcıl olaraq pambıqdan dəsmala yetişdiyi hal üçündür. Amma qan pambıqdan dəsmala bir qədər fasilə ilə çatsa, qadın o fasilədə bir namaz, ya daha çox namaz qıla bilərsə, lazım ehtiyat odur ki, hərgah qan pambıqdan dəsmala yetişsə pambıq və dəsmalı suya çəksin və qüsl etsin. Əgər məsələn qadın qüsl etsə və zöhr namazını qılsa, əsr namazını qılmamışdan qabaq və ya onun əsnasında qan yenidən pambıqdan dəsmala axarsa, əsr namazı üçün də qüsl etməlidir. Amma fasilə iki və ya daha artıq namaz qıla biləcək miqdarda olarsa, məsələn, qan ikinci dəfə pambıqdan dəsmala yetişməzdən qabaq şam və xiftən namazını da qıla bilsə, o namazlar üçün başqa qüsl etmək lazım deyildir və hər necə olursa olsun, kəsirə istihazədə qüsl dəstəmaz əvəzinə də yetərlidir.
Məsələ 395: İstihazə qanı namaz vaxtından əvvəl gəlmişdirsə, belə ki, qadın o qan üçün dəstəmaz almamış və ya qüsl etməmişdirsə, namaz vaxtı müstəhazə olmasa da belə, dəstəmaz almalı və ya qüsl etməlidir.
Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin