Həp sevgidir gözəlliyi insana sevdirən
Məhrumi-eşq olunca gözəllik də can sıxar. 2
Bu yerdə Aşıq Veysəlin də gözəl bir deyimi yada düşür:
Gözəlliyin beş para etməz
Məndəki bu eşq olmasa.
Əylənəcək yer tapmazsan
Könlümdəki köşk olmasa.
«Zər qədrini zərgər bilər», naşı üçün zərlə saxta parıltı arasında fərq yoxdur. Lakin burada başqa bir məqam da ortaya çıxır. Hər yaradılmışın bir xeyri, bir gözəlliyi var: onu üzə çıxaran şərait, zaman və şəxs olanda. «Ərlərin eşqi gözəlliyi təyin etməyin meyarıdır. Gözəlliyin üzərindəki pərdəni parçalayan bu eşq, eyni zamanda onu pərdələyər». Məhəmməd İqbalın bu sözləri eşq ilə gözəllik arasında qarşılıqlı münasibətin ifadəsidir. Həm də ilkinlik, subyekt funksiyası eşqə verilir.
«Könül sevən gözəl olar» kəlamı da məhz həmin ideyanı ifadə edir. Bu məqamda Cavid klassik Şərq fəlsəfi fikir ənənələrini şifahi xalq yaradıcılığının, milli fəlsəfi fikrin nümunəsi olan atalar sözündəki hikmətlə tamamlayır. Düzdür, gözəlliyə belə münasibət onun rus inqilabi-demokratik fikrində, xüsusən, marksizm fəlsəfəsində təsbit olunmuş «obyektiv xarakterini» şübhə altına alır və subyektin halını önə çəkir, amma Cavidin yaradıcılığı bu məsələdə daha tarazlı, balanslı mövqeyə əsaslanır. Belə ki, sevən adamın gözünə heç də hər şey gözəl görünmür. O, sadəcə olaraq, hər şeydəki gözəl məqamları görür. Qüsurlar, çirkinliklər üçün isə göz artıq qapanmışdır. Bu mənada sevgi başı dumanlandırır, gözü kor edir.
Digər tərəfdən, Cavid eşqi insanın xoşbəxtliyi üçün də mühüm şərt hesab edir.
Dünyada varsa dövləti-cavid, o, eşqdir,
Olmaz sevib-sevilməyən ömründə bəxtiyar.1
Lakin Cavid poeziyasında eşqin yüksəldilməsi heç də dini hissin alçaldılması hesabına deyil. Bu baxımdan, ədəbi tənqiddə geniş yer almış «eşqin din üzərində qələbəsi»2 fikri ilə razılaşmaq düzgün olmazdı. Təəssüf ki, rəsmi fəlsəfəçilər də məsələyə bu cür yanaşaraq, Cavidin guya ilahi eşq haqqında ənənəvi Şərq konsepsiyasından, təsəvvüf dəyərlərindən uzaqlaşdığını və həyati gözəlliyə məhəbbət mövqeyinə keçdiyini göstərməyə çalışırlar. Bu mövzuda fəlsəfi tədqiqat çərçivəsində yazılmış əsərlər içərisində diqqətəlayiq saydığımız bir məqalədə – fəlsəfə elmləri doktoru Elmira Zamanovanın «Azərbaycanın romantik şairi H.Cavidin sevgi və gözəllik konsepsiyası» adlı məqaləsində də məsələyə məhz həmin ənənəvi mövqedən yanaşılır. Müəllif Şeyx Sənanın dinə ilk münasibəti ilə sonrakı münasibət arasında sanki barışmaz uçurum görərək, Sənanın tamamilə yeni fəlsəfi mövqeyə keçdiyini gözləyir.3
Halbuki, Cavid eşqin din üzərində deyil, dinlə birlikdə qələbəsinə nail olmasına çalışır; sadəcə dinin ilahiyyat çərçivəsindəki anlamından kənara çıxaraq, onun fəlsəfi mahiyyətini üzə çıxarmağa çalışır.
Cavid «Maral»da yazır:
Bir könülə iki sevgi yaraşmaz,
Könül bir, sevgi bir, böyük Tanrı bir…1
Şair burada da sevginin ülviyyətini, ilahi mənasını, Tanrıya gedən yolun da məhz könüldən keçdiyini bir daha təsdiqləyir. Yəni söhbət hər hansı bir sevgidən deyil, ilahi eşqdən gedir. Bu eşqin isə aparıb çıxara biləcəyi ancaq bir yüksək məqam var – o da Tanrıdır.
Parlamış hər kimdə ənvari-dəha,
Aləmi-əsrara olmuş aşina.2
Biz burada təsəvvüfdən gələn, xüsusən İbn Ərəbi fəlsəfəsində və poeziyasında yüksək səviyyədə tərənnüm olunan bir xəttin davamını görürük. Bu xətt Nəsimi poeziyasında da ifadə olunmuşdur:
Səni bu hüsni-camal ilə, kamal ilə görüb
Qorxdular Həqq deməyə, döndülər insan dedilər.
Cavid də insan gözəlliyini «hüsnü-eşqlə» müqayisə edir:
Hüsnü-eşq eyləsə təcəssüm əgər,
Dostları ilə paylaş: |