JURNALİSTİKADA BALANS VƏ YALANÇI BALANS
“Azadlıq/Azad Avropa Radiosu” bütövlükdə proqramlarımızı götürərkən, diskussiya və ya konfliktlərin bütün tərəflərinin mövqeyini işıqlandırarkən, balans güdməyə can atır. Bu, auditoriyamıza olaylar haqqında bilgiyədayalı öz təsəvvürünü formalaşdırmağa imkan verir və duruma necə reaksiya verməklə bağlı müstəqil qərar çıxarmağa yol açır.
Olayları bütövlükdə işıqlandırarkən, biz balansı təmin etmək üçün, avtoritar hökumətlərin yüksəkvəzifəli dövlət məmurları daxil, tərəflərin hamısından şərh almağa çalışırıq. Rəsmi şəxslər bizimlə danışmaqdan boyun qaçırarsa, materiallarımızda onların adını çəkir və şərh verməkdən imtina etdiklərini bildiririk.
Balanslaşdırma həqiqətin təhrif olunduğu halda tərəfsiz qalmaq anlamına gəlmir. Diskussiya tərəflərindən biri faktları təhrif edirsə, vicdanlı jurnalist bu məlumatın yanlış olduğunu göstərməli və gerçək faktı diqqətə yetirməlidir. Mövqeləri haqqında dəqiq təsəvvür qazanmaqdan ötrü biz rəsmi şəxs və digər xəbər daşıyıcılarının söylədiklərindən sitat gətiririk. Ancaq eyni zamanda dezinformasiyanı da göstərir və yalanı üzə çıxaran faktları deyirik. Söylədiklərindən sitat gətirdiyimiz şəxslər təhlükəli və ya qorxunc sonuclar doğuracaq hərəkətlərə səsləyirlərsə, hansı sonuclarla üzləşiləcəyini açıqlayırıq.
Biz hakimiyyətlərin media üçün yaydıqları açıqlamalara ayrıca diqqət yetiriririk. Onları sözbəsöz verməklə yanaşı, orada deyilənlərin dürüst olub-olmadığını yoxlayırıq. Belə açıqlamalarda yanlışlıq və ya yarımhəqiqətlər varsa, bunu materiallarımızda bildiririk.
Biz həmişə dürüst faktlara söykənirik.
Yalançı balans
Jurnalistikada bütün tərəflərin mövqeyini diqqətə yetirmək yoluyla balansı qorumaq kimi xəstə meyl var. Sanki o mövqelərin hamısına eyni dərəcədə güvənmək olar. Belə meyl situasiyanı işıqlandırarkən qərəzli görünməmək kimi xeyirxah istəkdən irəli gəlsə də, faktların tərəflərdən birini haqlı çıxardığını söyləməyən jurnalist öz peşə borcunu yerinə yetirməmiş olur.
Qlobal istiliklə bağlı alimlərin xəbərdarlığını və bu fenomenin hələ isbata ehtiyacı olduğuna dair diletantların arqumentlərini işıqlandırmaq üçün onlara eyni dərəcədə önəm verib, eyni vaxt (50:50) ayırmaq da yalançı balanslaşdırmaya misal sayıla bilər. Bu mövzuya vicdanla yanaşmaq əksər elmi baxışların qlobal isinmənin varlığını sübuta yetirilən fakt kimi tanıdığını xəbərləməyi tələb edir. Həmin faktın inkarına dair dəlilsiz-sübutsuz cəhdlər, olsa-olsa, qısaca xatırladılmalıdır.
Balanslaşdırma yalançı bərabərlik yaratmaq demək deyil. Belə bərabərlik zamanı hər mövqeyə efirdə eyni yer və vaxt ayrılır. Faktlara dayanan sübutlar aydın şəkildə tərəflərdən birini haqlı çıxarırsa, biz onların arasında yalançı balans yaratmağa cəhd göstərmirik.
Dostları ilə paylaş: |