RƏSMİ PRESS-RELİZLƏR
Hökumətlər, siyasi qruplar, qeyri-hökumət təşkilatları, şirkətlər və bir çox digər qurumlar aramsız press-relizlər, videoçarxlar və anonslar buraxırlar. Bunlar yayılmaq üçün KİV-lərə göndərilir. Obyektivlik və qərəzsizliyi gözləmək üçün biz belə materialları heç vaxt olduğu kimi – tam və ya qismən çap etmirik.
Ancaq bizə maraqlı anons və xəbərlər varsa, rəsmi xəbər relizlərindən məlumat qaynağı kimi yararlanırıq. Ordan götürdüyümüz məlumatı xəbərlərimizə əlavə edib özümüz yaza, ya da öz jurnalistlərimizdən yararlanaraq, zəruri məzmunu, müxtəlif tərəflərin fikrini və hər hansı əlavə bilgini artıra bilərik.
Unutmayın ki, rəsmi press-relizlərdə əksini tapan fakt və açıqlamalar digər xəbər qaynaqları kimi yoxlanmalıdır. Rəsmi press-relizdə yanlış məlumat varsa, bunu dərc etdiyimiz materialda göstərir, üstəlik, düzgün məlumatı əlavə edərək, onun qaynağını diqqətə yetiririk.
Rəsmi press-relizlərdəki açıqlama və bilgilərin qaynağı mütləq dəqiq göstərilməlidir. Məsələn: “Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bildirib ki...”.
KİV sayılmayan rəsmi qurumların təqdim etdiyi foto və videomateriallara da ehtiyatla yanaşmaq lazımdır. Belə materiallardan yalnız öz illüstrasiyalarımız, ya da digər xəbər agentliklərinin verdiyi illüstrasiyalar olmayanda və sözügedən süjetdə həmin illüstrasiyanın getməsi zəruri olanda yararlanmaq mümkündür.
Yadda saxlayın ki, göndərən tərəf foto və ya videomaterialları öz məqsədləri üçün öncədən redaktə edə bilər; ağıllı davranın və olası yönləndirmə izlərini tapmaq üçün foto və videoları diqqətlə gözdən keçirin. Foto və ya videomaterialın dəyişdirilmədiyini görüb, onları dərc etmək qərarına gəlincə, qaynağı da dəqiq göstəririk. Materialın görüntüsünü verdiyi olay mediaya qapalı olubsa, bunu reportajımızda bildirir, təqdim edilən fotodursa, onun aşağısında çəkənin imzasını göstəririk.
Dostları ilə paylaş: |