Üçüncü mənada isə elmi hərəkətlərin olduğu yer deyil, bu hərəkətləri görmək üçün müəyyənləşdirilmiş təşkilat başa düşülür.
Müəssisənin ümumi quruluşu dedikdə – onun tərkibinə daxil olan həm istehsal, həm də qeyri – istehsal sahələri arasındakı kəmiyyət nisbətləri nəzərdə tutulur. Müəssisənin istehsal quruluşu dedikdə isə yalnız istehsal bölmələri arasındakı kəmiyyət nisbəti başa düşülür. Müəssisənin quruluşu onun tabe olduğu yuxarı dövlət orqanı tərəfindən (əgər özəl müəssisədirsə, onda həmin müəssisənin quruluşu təsisçilər tərəfindən),müəssisədaxili bölmələrin (məsələn, sexlərin) quruluşu isə müəssisənin özü tərəfindən müəyyən edilir. Müəssisənin istehsal quruluşu ictimai əmək bölgüsünün, əsas istehsalların differensiallaşdırılması və ixtisaslaşdırılmasının dərəcəsini əks etdirir. O, istehsal bölmələri arasındakı nisbətlər və qarşılıqlı əlaqələr, sexlər və istehsal sahələri arasında ictimai əmək bölgüsü, müəssisənin məhsul buraxmasında onların rolu haqqında mühakimə yürütməyə imkan verir.
Məhsul buraxılışı göstəricisi müəssisənin istehsal quruluşunu daha dəqiq xarakterizə edir. Çünki işçilərin sayının və əsas fondların həcminin artırılması hələ məhsul buraxılışının çoxaldılması demək deyildir. Müəssisənin məhsul buraxma qabiliyyətinin artırılmasında istehsal bölmələrinin həqiqi rolu təkcə mövcud işçilərin sayından və əsas fondların dəyərindən deyil, eyni zamanda onlardan istifadə səviyyəsindən də xeyli dərəcədə asılıdır. Beləliklə, göstəricilər sistemindən istifadə edilməsi müəssisənin istehsal quruluşunda baş verən dəyişiklikləri müxtəlif cəhətlərdən qiymətləndirməyə imkan verir.
Müəssisənin istehsal quruluşunun formalaşması mürəkkəb prosesdir və o, çoxsaylı iqtisadi, təşkilati və texniki amillərin təsiri altında baş verir. Müəssisənin istehsal quruluşuna təsir edən mühüm amillər aşağıdakılardır:
istehsalın həcmi artdıqca müəssisənin tərkibindəki həm əsas istehsal, həm qeyri-istehsal bölmələrin sayı, tərkibi, ölçüsü və onlarda çalışan işçilərin miqdarı da artır ki, bütün bunlar da mürəkkəb istehsal quruluşunun olmasını tələb edir.
istehsalın ixtisaslaşdırılması və kooperativləşdirilməsi dərəcəsi. Məlumdur ki, yüksək ixtisaslaşdırılmış və kooperativləşdirilmiş müəssisələrdə istehsal quruluşu universal müəssisələrdə olduğundan çox sadə olur. Bu onunla izah edilir ki, ixtisaslaşdırılmış müəssisələrdə bir çox hissə və qovşaqlar, həmçinin yarımfabrikatlar və komplektləşdirici məmulatlar kənardan – xüsusi ixtisaslaşdırılmış zavodlardan alındığına görə onların müəssisədə hazırlanmasına ehtiyac qalmır və bu da müəssisənin bölmələrinin sayını azaltmağa imkan verir.
məhsulun nomenklaturu az olduqda müəssisənin istehsal quruluşu sadə, çox olduqda isə mürəkkəb olur.
istehlak olunan xammal və materialın növü, çeşidi müəssisənin istehsal quruluşuna dolayı yolla təsir edir. Məsələn, xammal və materialın ölçüsü və forması anbar təsərrüfatının sayına və tərkibinə, nəqliyyat vasitələrinin növlərinə təsir göstərir;
məhsulun xarakteri və onun hazırlanması texnologiyası nə qədər mürəkkəb olarsa və onun hazırlanması çətin olarsa, onda müəssisədə əlavə bölmələrin yaradılması zərurəti yaranır.