İndi isə islamın qorxaqlıq, zəiflik və acizliyi pisləməsinin, güc və qüdrəti tə᾽rifləməsinin aydınlaşması üçün bir neçə hədis oxuyacağam. Amma bir daha qeyd edirəm ki, islamın tə᾽riflədiyi güc və qüdrət, qətiyyən Niçe fəlsəfəsindəki güc və qüdrət qismindən deyildir. Əziz islam peyğəmbəri həzrət Məhəmməd (s) buyurub: «Mö᾽minə xəsislik və qorxaqlıq yaraşmaz.» Bəli, pul mö᾽minin can və qanı olmamalıdır və o, həmçinin şücaətli və qorxmaz olmalıdır. Peyğəmbər (s) həmçinin belə bir dua oxuyarmış: «Allahummə inni əuzu bikə minəl-buxli və əuzu bikə minəl-cubn» yə᾽ni, İlahi mən xəsislik və qorxaqlıqdan Sənə pənah aparıram!
Əli (ə) mö᾽min barəsində belə buyurub: «Mö᾽minin ruhu çaxmaq daşından da möhkəmdir.»
Həmçinin imam Sadiq (ə) belə buyurub: «Allah-taala mö᾽minin özünü xar və zəlil etməsindən başqa bütün işlərini onun öz ixtiyarına buraxıb. Məgər siz Allah-taalanın bu sözünü eşitməmisinizmi ki, buyurub: «İzzət yalnız Allah, Peyğəmbər və mö᾽minlərə məxsusdur.» Mö᾽min həmişə izzətlidir və heç vaxt özünü xar etmir. Mö᾽min dağdan da mətindir. Çünki, dağı külünglə parçalamaq mümkündür, amma mö᾽minin ruhundan heç nə ilə kiçicik bir parça belə qopartmaq mümkün deyil.»
İmam Baqir (ə) buyurub: «Allah-taala mö᾽minə üç xislət verib: – Dünya və axirətdə izzət və başıucalıq; hər iki dünyada uğurluluq və zalımların qəlbində onlardan olan qorxu və heybət; Yə᾽ni mö᾽minlər elə olurlar ki, zalımlar onların heybətindən qorxurlar.»
Qeyrət qüvvət və güc, qeyrətsizlik isə zəiflik olduğu üçün bu barədə də çoxlu hədislər vardır.
Peyəmbər (s) buyurub: «İbrahim peyğəmbər (ə) qeyrətli olub və mən ondan da qeyrətliyəm. Allah-taala mö᾽min və müsəlmanlara nisbətdə qeyrətli olmayanların burunlarını kəssin!»
O həzrət qeyrətli Sə᾽d barəsində belə buyurub: «Sə᾽d qeyrətlidir və mən ondan da qeyrətliyəm. Allah da qeyrətlidir.
İqbal Lahurinin gözəl bir cümləsi var və o, deyəsən həmin cümləni Mussolininin dediyi cümləyə cavab olaraq deyib. Mussolini deyib: «Dəmiri olanın çörəyi də olacaq.» Yə᾽ni əgər çörəyinin olmasını istəyirsənsə dəmir (güc və silah) əldə et! Gücü olanın çörəyi də olacaq. İqbal isə belə deyib: «Dəmir olanın çörəyi var.» Mussolini silaha tə᾽kid edərək deyir ki, kimin maddi gücü varsa, çörəyi də olacaq. Amma İqbal ruha tə᾽kid edərək deyir ki, özü dəmir olanın çörəyi olar. Əmirəl-mö᾽minin Əli (ə)-ın ifadəsi belədir: «Mö᾽minin ruhu çaxmaq daşından da möhkəmdir.» İqbal da deyir ki, mö᾽minin ruhu dəmirdir. Bunların hamısının məqsədi bir şeydir. Deməli islam güc və qüvvətə də᾽vət edir.
Siz Əli (ə)-ın Nəhcül-bəlağədə güc, qüdrət və qüvvəyə nə qədər tə᾽kid etməsinə və zəifliyi islam cəmiyyətinə yaraşmaz sifət kimi göstərməsinə diqqət edin. O həzrət buyurur: «Allaha and olsun ki, evlərində döyüş aparılmış bütün ümmətlər məğlub olublar.» Başqa bir xütbədə isə belə buyurur: «Xar və zəif adam heç vaxt zülmün qarşısını ala bilməz və haqq yalnız sə᾽y və çalışqanlıqla əldə edilər.»
Dostları ilə paylaş: |