XALQA XİDMƏT İMANIN MÜQƏDDİMƏSİDİR
Burada digər bir mətləbə də toxunmaq lazımdır. Bir qrup deyir ki, məgər Allahın bütün əmrləri, iman və ibadət insanların sonda xeyirxah olmaları və Allah bəndələrinə xidmət etmələri üçün deyilmi? Onlar deyirlər ki, bizim imanlı olmağımız nəticədə, onun sayəsində Allah bəndələrinə xidmət etməyimiz üçündür. Allaha ibadət etməliyik, çünki ibadət sayəsində onun bəndələrinə daha yaxşı xidmət edirik. Onların fikrincə islam, digər bütün dinlər və bəşəriyyətin böyük şəxsiyyətlərinin göstərişləri Allah bəndələrinə xidmət göstərilməsi üçün müqəddimədir. Onlar Allah bəndələrinin özlərinin nə olmaq istədiklərini demirlər. Axı xalqa xidmət edilməsinin zərurliyini vurğulayanlar Allah bəndələrinin proqramlarının nə olmasını da deməlidirlər. Allah bəndələrinin öz proqramları nədir? Onların heç bir proqramı yoxdur? Xeyr, belə deyil. İman, ibadət və digər şeylər xalqa xidmətin müqəddiməsi deyildir, məsələ tamamilə bunun əksinədir, yə᾽ni xalqa xidmət iman, ibadət, ağıllılıq və digər dəyərlərin müqəddiməsidir. Biz xalqa, onları iman və allahpərəstlik yoluna istiqamətləndirmək və digər dəyərlərə sövq etmək üçün xidmət etməliyik.
İman xalqa xidmət üçün müqəddimə deyil, xalqa xidmət iman üçün müqəddimədir. İslam belə bir məktəbdir və onun sözü budur. Doğrudan da fikirləşəndə, xalqa xidmətin bundan başqa digər faydasının olmadığını görürük. Əgər belə olmasa, yə᾽ni xalqa xidmət imanın müqəddiməsi olmasa, biz bütün insanları onların insanlıqlarından ayrı təsəvvür etməliyik. Sonra da, əvvəllər dediyimiz kimi, Lumumba ilə Cumba Musaya bir gözlə baxmalıyıq, çünki onların hər ikisi insandır və hər ikisinin qarnı var, hər ikisi ac və çılpaq ola bilər. Bu iki insan bioloji baxımdan bir-birindən fərqlənmir.
Mən nisbətən abırlı jurnalları oxuyanda görürəm ki, bə᾽ziləri islam irfanının məqamını yüksəltmək və onu tə᾽rifləmək istəyəndə deyirlər ki: Bizim ariflərimiz balaca adamlar deyildirlər, onlar çox böyük sözlər deyiblər! Soruşuruq: Ariflərimiz nə deyiblər?! Cavab verirlər: İrfanın sonu xalqa xidmətdir!
Xeyr, məsələ belə deyildir. İrfanın sonu deyil, ortası, bəlkə də yolunun əvvəli xalqa xidmətdir. İrfanda xalqa xidmət var və olmalıdır da, amma bu irfanın sonunda deyil. Xalqa xidmət irfanın müqəddimələrindən biridir. Şər᾽i dillə desək, Allaha yaxınlaşmaq xalqa xidmətin müqəddiməsi deyil, xalqa xidmət ilahi dərgaha yaxınlaşmağın müqəddiməsidir!
Deməli, məhəbbət məktəbinin də iki iradı vardır. Onlardan biri bu məktəbin məhəbbəti yeganə dəyər hesab etməsi, digəri isə məhəbbəti insanlığın sonu təsəvvür etməsidir. Başqa sözlə desək, bu məktəb insanlığın son mərhələsini xidmət və məhəbbət hesab edir. Amma islam bunu qəbul etmir. İslam xalqa xidmət və məhəbbət göstərilməsini qəbul edir, sitayiş edərək dəyər sayır, amma yolun sonunda deyil, əvvəlində olan bir dəyər kimi! Yolun sonu xalqa xidmətdə bitmir, əksinə əvvəl oradan başlamaq lazımdır, amma əsl hədəf və məqsəd başqa bir şeydir.
Dostları ilə paylaş: |