ON İKİNCİ FƏSİL SOSİALİZM MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ
«[Ya Məhəmməd!] Söylə: «Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin!» [O bu kəlmədir ki:] Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi [özümüzə] rəbb qəbul etməyək!...» (Ali-İmran-64).
Kamil insan barəsində nəzəriyyə vermiş məktəblərdən biri də sosializm məktəbidir. Bu məktəb insanın kamillik və naqisliyini iki şeydə xülasə edərək deyir ki, naqislik bəşəriyyətin fərdi cəhətlərinin çoxluğunda, kamillik isə onun ictimai və kütləvi cəhətlərə malik olmasındadır. Belə ki, insan «mən» olmaqda davam edənə kimi naqisdir; o, «mən» aradan getdikdən sonra kamilləşir. Onların «mən»liyi aradan aparmaqdan məqsədləri, ariflər kimi onun yoxa çıxarılması deyil.
Ariflər «mən»liyi Onun üçün (Allah üçün) aradan aparmaq istəyirlər, yə᾽ni birinci şəxs əvəzliyi olan «mən» üçüncü şəxs əvəzliyi olan «o»nun aşkar olaraq üzə çıxması üçün məhv edilir. Ariflərin «o»dan məqsədləri Allahdır; «mən»in «o»da fani olması insanın Allahda fani olmasıdır.
Bu məktəb «mən»liyin məhv edilməsi və sındırılması baxımından irfan məktəbi ilə müştərəkdir. Amma bunların «mən»liyin məhv edilməsindən məqsədləri «o»nun aşkar olaraq üzə çıxması deyil. Sosializm məktəbi «mən»liyi «biz»in yaranması üçün aradan aparmaq istəyir. Bu məktəb tərəfdarlarının fikrincə, kamil insan arif olaraq «vücudumda Allahdan başqa heç nə yoxdur» deyən şəxs deyil, öz «mən»liyini kütlədə məhv edəndir. Belə bir insan «mən» deyil, «biz» hissinə malik olur.
Digər məktəblərin çoxu da bu mətləbi dediyimiz həddə qəbul edirlər. Hətta «mən»liyi «o»nun aşkar olması üçün məhv edən məktəblər də «biz» hissinin yaranması ilə müxalif deyillər və onlar da «mən»liyin «biz»ə çevrilməsini himayə edirlər.
Dostları ilə paylaş: |